Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda yaradılan infrastruktur istənilən avtomobil axını üçün buraxılış imkanı təmin edə bilir
Qərbin ən ağır sanksiyaları ilə üzləşən Rusiya və İran qarşılıqlı əlaqələri sürətlə dərinləşdirir. Ukraynaya qarşı işğalçı müharibədə Rusiyaya silah-sursat dəstəyi verən İran qarşılığında maksimum iqtisadi dividentlər əldə etməyə çalışır. İki gün əvvəl Rusiyadan qaz alışına dair ölkələr arasında imzalanan memorandum Tehranın iqtisadi fayda əldə edəcəyi istiqamətlərdən biridir. Rusiya qazını öz ərazisindən digər alıcılara ötürmək hesabına enerji habına çevrilmək arzusunda olan İran bu məsələdə Türkiyəni qabaqlamaq üçün dəridən-qabıqdan çıxır...
İran həmçinin Rusiyanın Asiyadan getdikcə artan ticari-iqtisadi asılılığından faydalanmağa çalışır. Bu istiqamətdə onun Moskvaya təsir imkanları daha genişdir: Xarici ticarətdə Çindən asılılığın dərinləşməsi Rusiya hakimiyyətini Pekinə alternativə çevrilməkdə olan Hindistanla münasibətləri genişləndirməyə vadar edir. Bunun üçün isə Hindistanla ticarətin rahat və Qərbin nəzarətindənkənar ərazilərlə həyata keçirilməsi son dərəcə vacibdir. Məhz bu amil İranın Moskva üçün əhəmiyyətini daha da artırır, çünki Hindistandan yüklərin bu ölkə üzərindən çatdırılması ən əlverişli variantdır. Mumbaydan İranın Çabahar limanına gətirilən yüklərin oradan dəmir və avtomobil yolu ilə Xəzər sahillərinə və oradan isə Rusiyaya çatdırılması dəniz yolundan daha az vaxt, daha az xərc tələb edir. Şimal-Cənub Nəqliyyat Dəhlizi adlanan bu marşrutun Rusiya üçün əhəmiyyəti bu baxımdan qat-qat artır. Rusiya və onun prezidenti Vladimir Putin bütün gücü ilə dəhlizin qısa müddətdə tam işlək vəziyyətə gəlməsinə çalışır.
İyunun əvvəlində bir sıra xəbər agentliklərinin rəhbərləri ilə görüşən Rusiya prezidenti Vladimir Putin ŞDC ilə yüklərin Asiyadan Avropaya və əksinə Süveyş kanalından keçən marşrutdan ən azı 10 gün tez çatdırılacağını bildirib. Onun sözlərinə görə, dəhlizə qoyulan vəsaitlər özünü artıqlaması ilə doğruldacaq, çünki çox gəlirli olacaq.
Rusiyanın nəqliyyat naziri Vitali Savelyevin dediyinə görə, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yük axını tələbatdan asılı olaraq ildə 60-100 milyon tona qədər ola bilər. Lakin bu həddə çatmaq üçün dəhlizin inkişafına irihəcmli sərmayələr yatırılmalıdır. “N.Trans Lab” beynəlxalq agentliyinin ekspertlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə mövcud layihələr infrastruktur məhdudiyyətlərini aradan qaldırmaq üçün yetərli deyil. Belə ki, dəhlizin hər iki quru marşrutu üzrə yükdaşımaların artırılmasına İran, Qazaxıstan, Türkmənistanda dəmir yollarının, eləcə də Rusiya və Qazaxıstanın avtomobil yollarının aşağı ötürmə qabiliyyəti mane olur. Dəniz marşrutu hər iki ölkədə limanların ötürücülük imkanlarının məhdudluğu, İranda onlara dəmir yolu yanaşmalarının olmaması və Xəzər donanmasının bərbad vəziyyətdə olması səbəbindən çətinləşir.
Bu şəraitdə ekspertlər diqqətin Azərbaycandan keçən Qərb marşrutuna yönəldilməsini təklif edirlər. Belə ki, 2022 və 2023-cü illərdə Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların ümumi həcmi müvafiq olaraq 14,6 milyon və 17,6 milyon ton təşkil edib. Bunun 70 faizi qərb qolu ilə daşınıb.
“N.Trans Lab” ekspertləri qərb dəhlizinin inkişafı planlarına düzəlişlər etməyi təklif edirlər. Onların fikrincə, 7,7 milyard dollarlıq investisiyalar onun 80-100 milyon ton yükgötürmə qabiliyyətinə nail olmasına imkan verəcək. Bu yatırımın 157 milyon dolları Rusiya ərazisində layihələrə sərf oluna bilər. Azərbaycana 1,7 milyard dolların yatırılması təklif olunur ki, burada ən kapital tutumlu hissə əlavə magistral dəmiryolunun çəkilməsi və 244 kilometrlik Ələt-Astara hissəsinin elektrikləşdirilməsi olacaq.
İran ərazisində həyata keçirilməli olan layihələrin maliyyə tutumunu ekspertlər 15,8 milyard dollar həcmində dəyərləndirirlər. Lakin bu yatırımların hansı ölkə tərəfindən reallaşdırılması ciddi müzakirə mövzusudur. Proseslərin gedişi göstərir ki, İran xərclərin mühüm hissəsini Rusiyanın üzərinə qoymaq niyyətindədir. Ötən ilin mayında Moskva ilə Tehran Rəşt-Astara dəmiryol xəttinin tikintisi, İranın Xəzərsahili dəmiryol sisteminin təkmilləşdirilməsi üzrə saziş imzalayıblar. Rusiya bu məqsədlər üçün İrana 1,2 milyard avro dövlətlərarası kredit ayırmağa razılaşıb.
Bir neçə gün öncə İranın Ənzəli şəhərində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Xəzər limanı dəmiryol xətti istifadəyə verilib. İran mətbuatı xəbər verir ki, İranın şimalındakı Gilan əyalətində yerləşən Ənzəli Azad Ticarət və Sənaye Zonasında təşkil edilən mərasimdə İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberin iştirakı ilə Rəşt şəhərini Xəzər limanı ilə birləşdirən layihənin açılış mərasimi keçirilib. Açılışda Rusiya rəsmiləri də iştirak edib.
Məlumata görə, mərasimə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş, Gilan əyalətinin hökumət nümayəndələri və Xəzəryanı ölkələrin dövlət rəsmiləri qatılıb.
İran tərəfi bildirir ki, Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək Rəşt-Xəzər dəmir yolu idxal-ixrac əməliyyatları üçün əhəmiyyətlidir. Bu yol gələcəkdə Rəşt-Xəzər və Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmiryoluna birləşərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını təmin edəcək.
Maraqlıdır ki, indiyədək Rəşt-Xəzər limanı dəmiryol xəttinin tikintisinə dair hər hansı məlumat açıqlanmayıb. İran tərəfi tikintiyə 30 milyon dollar kredit cəlb olunduğunu açıqlayıb, laki kreditin haradan götürüldüyünə aydınlıq gətirilməyib. Bundan əlavə, Rəşt-Astara xəttinin tikintisi üzrə sazişin imzalanmasından bir ildən çox vaxt keçsə də, layihənin texniki-iqtisadi əsaslandırması belə başa çatdırılmayıb. Rusiya tərəfi buna İranın dəmiryol xəttinin keçəcəyi ərazilərdə torpaq ayrılması işlərini yubatmasının səbəb olduğunu açıqlayır: Tehran yolun cəmi 30 km-liyi üzrə torpaq ayrılmasını başa çatdırıb. Buna görə də Rəşt-Xəzər limanı hissəsinin tikintisinin Rusiya vəsaiti hesabına reallaşmadığını rahatlıqla söyləmək olar.
İran Xəzər limanına dəmiryol çıxışının yaranmasını Şimal-Cənub dəhlizi ilə bağlı çox böyük hadisə kimi təqdim etsə də, reallıqda bunun dəhlizlə yükdaşımalara real təsiri çox cüzi ola bilər. Çünki Xəzər limanına gətirilən yüklər çoxalsa belə, onların Rusiyaya ötürülməsi imkanları məhduddur. Buna Rusiyanın Xəzər liman infrastrukturunun aşağı tutumluluğu (23,5 milyon ton), və donanmanın çatışmazlığı, olan donanmanın yüksək aşınması imkan vermir. N.Trans Lab-ın hesablamalarına görə, İranla Rusiyanın Xəzərdə yükdaşıma donanması orta yaş həddi 35 il olan və ildə 8 milyon ton yük daşıma gücünə malik cəmi 171 gəmidən ibarətdir.
Bu baxımdan, dəmiryol xəttinin Astaraya qədər davam etməsi vacibdir. Rusiya tərəfi Rəşt-Astaranın tikintisinin 2027-2028-ci illərdə başa çatacağını elan edib. Ona qədər yüklər avtomobillə daşınacaq. Bu ay Azərbaycan, İran və Rusiya nümayəndələrinin avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə üçtərəfli görüşü keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Yeni Müsavat”a bildirildiyinə görə, görüşdə hər üç tərəfdən avtomobil nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər. Nümayəndə heyətləri Azərbaycanın Astara, Xanoba, İranın Astara və Rusiyanın Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər ediblər. Tərəflər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydası ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan tərəfində yaradılan infrastruktur mövcud şəraitdə istənilən avtomobil axını üçün buraxılış imkanı təmin edə bilir. Daha sonra Dərbənd şəhərində keçirilən görüşdə nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması istiqamətində tədbirlər, beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya daşıyıcılarının payının artırılması və digər məsələlər müzakirə edilib.
Nazirlik qeyd edir ki, görüş zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan, İran və Rusiyanın tranzit potensialından tam həcmdə istifadəsi və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işləri aparır. Agentlikdən verilən məlumata görə, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 12 metrə qədər genişləndirilir. Layihə üzrə Astaraçay (243 km) və Ərçivançay (234.8 km) çayları üzərindəki körpülərdə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Pensərçay (221.3 km) və Ərçivançay (231.7 km) çayları üzərində mövcud körpülərin təmiri isə davam etdirilir.
Bundan əlavə, Azərbaycan tərəfi öz dəmiryol sistemini 2028-ci ilədək təkmilləşdirməyi hədəfləyir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planına əsasən, 2024-2026-cı illərdə Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması planlaşdırılıb. Həmçinin bununla bağlı 2026-cı ildə Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri nəzərdə tutulub.
İyunun əvvəlində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə deyib ki, Bakı-Astara dəmir yolu istiqamətində xüsusi plan üzə 2025-ci ildən layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. O vurğulayıb ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzə həyata keçirilir.
R.Rüstəmovun sözlərinə görə, hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur: “Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ