İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəsmi İrəvan son hadisələrdən ciddi nəticə çıxarmalıdır”-Deputat

 

Politoloq: “Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə edilməməlidir”

“Rusiyanın son dövrlər nisbətən fərqli mövqe nümayiş etdirməsi Azərbaycanda da diqqətlə izlənilir. Belə yanaşmanın davamlı nümayiş etdirilməsi ikitərəfli münasibətlərin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır. Bütün tərəflər bölgəyə sülhün gəlməsi üçün səylə çalışmalıdır. Heç şübhəsiz ki, Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir”.

Deputat Ceyhun Məmmədov bu fikirləri Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumu haqda Musavat.com-a açıqlamasında bildirdi. Bununla belə, C.Məmmədov atılması zəruri olan addımları xüsusi vurğuladı: “Delimitasiya, demarkasiya prosesi sürətlənməli, Zəngəzur dəhlizi açılmalı, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan ciddi addımlar atmalıdır. Onu da qeyd etmək lazımdır ki, təzyiqlə Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaq mümkünsüzdür. Bunu bütün tərəflər anlamalıdır. Hesab edirəm Rusiyanın son addımlarında Ermənistan üçün də ciddi mesajlar var. Rəsmi İrəvan son hadisələrdən ciddi nəticə çıxarmalıdır”.

 

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə Kremlin Azərbaycanla bağlı siyasətində mülayimləşməyə diqqət çəkərək qeyd etdi ki, Rusiyadan bu addımlar çoxdan gözlənilirdi: “Çünki Azərbaycan daim Rusiya ilə əlaqələrə əhəmiyyət verib. Rusiyaya qarşı Qərb imperializminin hansısa çirkin siyasi oyunlarında rəsmi Bakı heç vaxt yer almayıb. Azərbaycan bütün beynəlxalq təşkilatlarda Rusiya əleyhinə bütün fəaliyyətlərdə heç vaxt Rusiyanın əleyhinə səs verməyib. Rusiya da daxil olmaqla heç bir qonşusuna Azərbaycan ərazisindən fəaliyyət həyata keçirilməyib. Azərbaycanla Rusiya arasında Rusiyanın beynəlxalq təzyiqlə üzləşdiyi bir vaxtda Bəyannamə imzalanıb. Eyni zamanda ölkəmiz Rusiyanın vasitəçiliyinə inanaraq Qarabağın kiçik hissəsində müvəqqəti rus sülhməramlılarının olmasına razılaşıb. Həmçinin Rusiya rəhbərliyinin də vurğuladığı kimi Azərbaycanda heç vaxt rus dili və mədəniyyəti sıxışdırılmayıb Ermənistandakı kimi. Uzun illər ərzində iqtisadi, ticari, turizm və bir çox sahələrdə yaxşı əlaqələr formalaşıb”.

T.İsmayılov bildirdi ki, bu baxımdan Rusiyanın bizim cəmiyyəti narazı salan addımlardan geri çəkilməyi labüd idi: “Sergey Lavrovun Bakı səfərində də heç şübhəsiz əlaqələrin daha da inkişaf etdirilməsi prioritet məsələ kimi müzakirə edilib. Rusiyanın təqdirolunası son addımlarının davamlı olması lazımdır. Özəlliklə, 3+2 formatında görüşlər davam edərsə, artıq Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə edilməməlidir. Rusiyanın məqsədi Azərbaycan kimi qlobal siyasi gücə çevrilən ölkənin könlünü almaqdır. Lavrovun Bakı səfəri öncəsi belə müsbət addımlar həm də Ermənistana xəbərdarlıqdır. Aydındır ki, Ermənistan müxalifəti fasiləsiz mitinqlərlə heç nəyə nail olmadı. Bu baxımdan hesab etmək olar ki, indiki dövrdə həm də Moskvadan Ermənistana mesaj verilir”.

E.Paşasoy,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR