İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəsmi İrəvan bunu anlamadıqca, bölgədə gərginlik davam edəcək...”- Deputat


 “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının fəaliyyətində Azərbaycan tərəfdən heç bir problem yoxdur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə komissiya xeyli vaxtdır yaradılıb”.

Deputat Ceyhun Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. İki gün əvvəl sözügedən komissiyaya katib də təyin edildiyini xatırladan deputat qeyd etdi ki, bir sözlə, Azərbaycan komissiyanın fəaliyyət göstərməsi üçün bütün addımları atır: “Hesab edirəm komissiyanın fəaliyyətində yaranan durğunluğun bilavasitə günahkarı Ermənistan və ona yanlış yol göstərən, bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan dövlətlərdir”.

C.Məmmədov qeyd edib ki, Ermənistan hələ də nicatı gah Qərbdə, gah Rusiyada, gah da İranda axtarır: “Erməni tərəf davamlı olaraq Azərbaycan Ermənistan sərhədində təxribat törədir. Gah bölgəyə Avropa İttifaqının mülki missiyasını gətirir, gah da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgəyə gəlməsinə çalışır. Eyni zamanda davamlı olaraq xaricdən silah tədarük edir, sərhədə qoşun yığır, davamlı təxribatlar törədir. Hər dəfə də bütün bunlara baxmayaraq, ciddi itkilər verir. 2020-ci ildə müharibə bitəndən ötən dövrə nəzər salanda aydın görünür ki, Azərbaycan Ermənistanın bütün təxribat və oyunlarının qarşısını qətiyyətlə alıb. Ermənistan anlamalıdır ki, vaxtı uzatmaq, nicatı başqa yerdə axtarmaq prosesə heç bir töhfə verməyəcək. Münaqişənin tənzimlənməməsindən ən çox əziyyət çəkən də məhz Ermənistan tərəfi olacaq”.

Deputat bildirib ki, nə qədər gec deyil, dövlətlərarası komissiya işinə başlamalı, mövcud anlaşılmazlıqlar mərhələli şəkildə həllini tapmalıdır: “Münasibətlərin normallaşması və bölgəyə sülhün gəlməsi üçün bu çox önəmlidir. Rəsmi İrəvan bunu anlamadıqca, bölgədə gərginlik davam edəcək, ayrı-ayrı dövlətlər Ermənistandan alət kimi istifadə etməyə davam edəcəklər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR