İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Biz düşmən deyilik!”

“İcra olunan keçənilki büdcədə həssas qrupa xidmət edən xeyli təhsil proqramları maliyyələşdirilib. Siyahı da bizə verilən sənəddə göstərilib. Sevindiricidir, amma məbləğə baxanda görürsən ki, sadəcə simvolik rəqəmlərdir. Elə bu kateqoriyaya daxil olan qız uşaqlarının ali təhsil almasının təmamən pulsuz və dövlət hesabına olmasını xahiş edirəm”.

Deputat Razi Nurullayev bu fikirləri parlamentdəki çıxışında söylədi. O bildirdi ki, yüz minlərlə gənc qızların xüsusən də kənd və rayon yerlərində həyatı dözülməzdir: “Onlarım ümidləri və arzuları normal və imkanlı bir şəxslə ailə həyatı qurmaqdır. Amma biz onların hamısına ali təhsil verməklə həyatlarını dəyişə, həm də ölkəmizin inkişafına nail ola bilərik. Bir dəfə səsləndirmişəm, yenə də deyirəm. Xahiş edirəm ki, qız uşaqlarının ali təhsil alması dövlət hesabına ödənilsin. Heç bir qız uşağı ödəniş edə bilmədiyinə görə təhsildən kənarda qalmasın. Elə yerlər var ki, hələ də qız uşaqlarını məktəbə buraxmırlar. Elə şirnikləndirici stimullar yarada bilərik ki, ölkənin bütün qız uşaqları ali təhsil ala, kişilərlə bərabər rəqabətli iş yerlərini tuta və ölkənin ictimai-siyasi həyatında rollarını artıra bilərlər. Buna nail ola bilsək, ölkəmiz heç 10 il çəkməz ki, inkişaf etmiş ölkələr sırasına qoşular. Bu məsələ ilə bağlı ətraflı məqaləmi də yaxınlarda çap etdirəcəyəm. Ümid edirəm ki, bu məsələ hökumət səviyyəsində müzakirə ediləcək”.

R.Nurullayev hökumət üzvlərinin burada olmasından istifadə edib digət bir məsələ barədə də danışdı: “Bir çoxları düşünür ki, müxalifət olmaq asandır. Hətta, müxalifətin məsuliyyətsiz və nəticəsiz kəsimi də müxalifətçiliyi kamera qarşısında artistlikdə görür. Əsil dövlətçi müxalifət partiyası olmaq iki tərəfin yükünü çiyinlərdə daşımaqdır. Əli Kərimli və digərləri kimi pafoslu müxalifətçi olmaq asandır. Onların missiyası birdir. Hər şey pisdir, hər kəs pisdir, iqtidar da pisdir, özümdən başqa müxalifət də pisdir. Yalnız mən doğruları deyirəm. Fərqli düşünənlər düşməndir. Onlar müxalifətçiliyə nifrət yaradır. Elə siyasət aparırlarlar ki, müxalifətçi olmaq - barışmaz olmaq və yaxşını da ən sərt şəkildə tənqid və təhqir etməkdir. Bu təbliğatla hara gedirik? Onların bu cür hərəkəti bizim də parlamentdə əl-qolumuzu bağlayır. Bundan sui-istifadə edən vəzifəli şəxslər var ki, bizim də tənqidi çıxışlarımızı birbaşa ölkənin birinci şəxsinə qarşı qoymaq istəyirlər. Məgər ölkə naminə doğruları demək, problemi göstərmək üçün barmaq uzatmaq dövlətə qarşı çıxmaq deməkdir? Əsla! Dövlətçi olmaq, dövləti sevmək həqiqətləri cəsarətlə deməkdir! Biz düşmən deyilik. Müxalifət olaraq 44 gün cənab Prezidentin yanında dayandıq və bu gün də şəxsən yenə də yanındayam. Çünki Azərbaycanın çətin zamanlardan keçdiyinin fərqindəyəm və belə bir zamanda Prezident İlham Əliyevi zəiflətməyə çalışmaq xəyanətə bərabərdir. Bu gün məsuliyyətlə demək olar ki, indiki məqamda Prezident İlham Əliyevə qarşı çıxmaq Azərbaycana xəyanətdir, çıxanlar da xəyanətkar. Çünki elə bir dövrdən keçirik ki, bütün proseslərin hərəkətverici qüvvəsi və xilaskarı odur. Qarabağ yarası sağalmayıb və onu Prezident İlham Əliyevdən yaxşı sağalda bilən ikinci şəxsi görə bilmirəm.

Mən parlamentdə olan müxalifətə səslənirəm. Toplaşaq, müzakirə edək, məzmun və formatı dəyişək. Biz xalq və millət qarşısında məsuliyyət daşıyırıq. Ona görə də nəticəsiz, məntiqsiz və ələ oynayan müxalifəti boş verib xalqı öz arxamısca aparmalıyıq. Ölkədə siyasi mədəniyyətin formalaşması üçün bəlkə də tarixi məsuliyyət bizlərin üzərinə düşüb. Əks halda, onlar müxalifətçiliyi ildə bir-iki aksiya ilə yola verəcək, illuziya yaradıb bizim də etdiklərimizi məhv edəcəklər. Düz 30 ildir etdikləri kimi. Bu səbəbdən xeyli hökumət üzvləri, digər kateqoriya məmurlar da bizi yola verəcəklər, oturun yerinizdə, şükür edin. Biz şükür edirik, amma xeyli şəxs var ki, onların şükür kürsüsü heç də bizim kürsümüzdən artıq deyil. Bunu da unutmamaq lazımdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR