İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Bələdiyyələr yamaq yox, söz sahibi olmalıdır”

 

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Musavat.com-un məlumatına görə, deputat Razi Nurullayev qeyd edib ki, bələdiyyələrlə bağlı onu ən çox narahat edən üç məqam var: “Birincisi, bələdiyyələr üzərindən torpaq satan damğasının götürülməsi üçün xeyli əməli işə ehtiyac var. Bələdiyyə institutunun işləməsi üçün gərək vətəndaşların onlara inamı artırılsın. Çünki sakinlər deyir ki, onların bacardığı iş torpaq satmaq, icarəyə vermək və satmaq üçün yeni-yeni boş sahələr axtarmaqdır.  Birinci məsələdə dediyim damğanın aradan qaldırılması üçün ikinci məsələ bələdiyyələrin statusunun daha da artırılması və onların yerli inkişafda əsas fiqura çevrilmələri və vətəndaşlar qarşısında birbaşa məsuliyyət daşımalarıdır”.

R.Nurullayev bildirdi ki, bələdiyyələr yamaq yox, söz sahibi olmalıdır: “Bunun üçün də dediyim ikinci məsələdən irəli gələn əsas iş bələdiyyələrə öyrətmək ki, əlində olan satıb kasıb qalma, əlində olanı özün biznesə çevir və pul qazan. Bunun üçün dövlət nəzarəti və beynəlxalq inkişaf agentliklərinin iştirakı ilə onlara biznes planların hazırlanması və kredit ayrılması təşkil oluna bilər.  Çünki bələdiyyələr öz bilik-bacarıqları və resursları ilə çətin ki, qazanc gətirən biznes qurub əhaliyə xidmət göstərə bilsinlər. 

Üçüncü məsələyə gəlirəm. Niyə bu qədər şikayətlər alırıq, niyə narazıların sayı artır və hamı problemlərin həllini Prezident Administrasiyasında və Milli Məclisdə görür? Çünki yerlərdə problemlərin həlli zəifdir. Bələdiyyələr deyir vəsaitimiz yoxdur, icra hakimiyyətləri deyir ki, vəsaitimiz azdır. Kifayət qədər vəsait də heç zaman olmayacaq. Varlı ölkələrdə də büdcə vəsaiti heç zaman bəs etmir. Əslində, dövlət və bələdiyyə qurumlarının dövlət büdcəsindən pay umması doğru deyil. Bələdiyyələrin imkanları var, yaxud imkan yaratmaq olar ki, onlar özləri qazanc götürüb yerli inkişafa qoysunlar. Həm bələdiyyə, həm də icra hakimiyyətləri elə tərzdə olmalıdır ki, yerli səviyyəli problemlər Prezident Administrasiyasına və Milli Məclisə daşınmasın, yerlərdə həll olunsun. Ümid edirəm ki, dediyim təklifləri yerinə yetirməklə biz buna nail ola bilərik”.



E.Paşasoy,

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR