İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Əliyev: “Dini Komitənin son iki sədrinin dini savadı yox idi”

“Yəqin ki, onlardan biri sədr olacaq”

Fevralın 7-də keçirilən prezident seçkisindən sonra yeni hökumətin tərkibi təsdiqlənsə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postuna təyinat olmadı. DQİDK-nın sabiq sədri Mübariz Qurbanlını kimin əvəzləyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir. 

DQİDK-nın keçmiş sədri, professor Rafiq Əliyev bu mövzuda Yenisabah.az-a maraqlı açıqlamalar verib. Professor əvvəlcə özünün DQİDK-nın sədri olduğu dövrə ekskursiya edib: 

“Dini bilən adam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr olmalıdır. Bu vəzifədə birinci 5 il mən işlədim. Mən dini də, ərəb dilini də bilirdim. Təxminən 5 il ərzində dövlət konsepsiyası hazırladıq və müəyyən işlər gördük. Daha sonra həmin vəzifəyə Hidayət Orucov təyin olundu. O, nə dini, nə də siyasəti bilirdi. Hidayət Orucov 9 il bu vəzifədə işlədi, lakin bu müddət ərzində onun gördüyü hər hansı işi qeyd edə bilmirəm. Çünki ədəbiyyatşünas idi və ancaq yazı-pozu ilə məşğul olurdu. Mübariz Qurbanlı isə fəaliyyətə başladıqdan sonra kifayət qədər ciddi reformlar apardı. Dini qurumlarla dövlət arasında münasibətləri müxtəlif cür tənzimlədi və qaydasına saldı. Hazırda isə bu komitəyə rəhbərlik etməsi üçün mütləq şəkildə dini bilən adam lazımdır. Çünki dini bilmədən bu vəzifədə işləmək çətindir. Biz vaxtında reformların əsasını qoymuşduq, Mübariz Qurbanlı isə bu reformları davam etdirdi. Düzdü, onun dini savadı yox idi, ancaq siyasi cəhətdən yetərincə savadlı idi. Ona görə də dini məsələlərlə bağlı qanunların nizama salınmasında və düzəlişlər zamanı çətinliklər olmadı”. 

Professor bu vəzifəyə mütləq dini savadı yüksək birinin təyin edilməli olduğunu bildirib: “Amma həqiqətən artıq orada dini bilən adam olmalıdır. Çünki elə bir dövrdür ki, hamı dindən danışır və sən dindən deyil, siyasətdən danışsan, qarşındakını heç nəyə inandıra bilməzsən. Bu vəzifəyə hansısa konkret namizəd deyə bilmərəm. Hər halda, komitədə və ondan kənarda dini bilən adamlar kifayət qədər var. Yəqin ki, hakimiyyət dövlət siyasətinə uyğun birini seçib komitənin sədri təyin edəcək”.

Komitənin ilk sədri kadr təyinatı ilə bağlı fikrində haqlıdırmı? Komitəyə həm dini, həm siyasi savadı yüksək olan kadrlarımız varmı?

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, son illər Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin həm fəaliyyət, həm də səlahiyyət dairəsi xeyli genişlənib: "Bu, özünü açıq-aydın göstərir. Son illər komitənin nəzdində həm İlahiyyat İnstitutunun, həm Mənəvi Dəyərlərin Təbliği Fondunun, İlahiyyat Kollecinin yaradılması və digər addımlar da onu göstərir. Biz nəzərə alsaq ki, din sahəsi çox həssas və tamamilə fərqli bir sahədir, o mənada həm də nəzərə alsaq ki, son illər din xadimlərinin təyinatı məsələsi də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib, deməli, bu quruma rəhbərlik edən şəxs ciddi biliyə, təcrübəyə malik şəxs olmalıdır. Belə bir spesifik sahəni idarə edən quruma rəhbərlik edən şəxsin, şübhəsiz, həm dini, həm siyasi biliyi olmalıdır. Biri olub, o biri olmadan işləməsi çətindir və arzu olunan nəticəni əldə etmək olmaz. Komitə sədrinin dini biliyi ilk növbədə ona görə olmalıdır ki, o, din xadimlərini təyin edir, dini fəaliyyət sahəsində baş verən prosesləri anlayır, təhlil edir və düzgün qərarlar qəbul edə bilir. Dini biliyi olmayan şəxsi din xadimləri, dindarlar qəbul etməkdə çətinlik çəkirlər. Dindən anlayışı olmayan şəxs din xadiminə rəhbərlik edərsə, bu, heç də birmənalı qəbul olunmur. Dünyanın hər yerində belədir. Komitə sədrinin siyasi biliyi isə ona görə olmalıdır ki, ölkənin siyasi, strateji maraqlarının nədən ibarət olduğunu komitənin fəaliyyətində nəzərə ala bilsin, dövlətin siyasətinə uyğun olaraq din siyasətini də həyata keçirsin. Ona görə də hər iki məsələ şərtdir. Şübhəsiz ki, komitəyə kimin təyin edilməsi Azərbaycan Prezidentinin səlahiyyətində ola məsələdir. Mən düşünürəm ki, məlum məsələlər nəzərə alınacaq. Çünki din elə bir sahədir ki, orada proseslər tez-tez fərqli istiqamətdə inkişaf edir, müxtəlif proseslər gedir. Ona görə də təsadüfi adam bu sahəyə nəzarət edə bilməz və düzgün fəaliyyət qura bilməz. Biz bu incə məqamı mütləq nəzərə almalıyıq”.  

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

 Kənan Rövşənoğlu

Tanınmış ilahiyyatçı jurnalist Kənan Rövşənoğlu da bildirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin din siyasətini hazırlayıb həyata keçirən orqandır. Təbii ki, bu quruma rəhbərlik edən şəxsin həm dini, həm də siyasi bilikləri yüksək səviyyədə olmalıdır: “Üstəlik, xüsusən də son bir neçə ildə komitənin səlahiyyətləri daha da genişlənib, ölkədəki məscid və dini icmaların fəaliyyətini komitə təşkil edir, icmaları qeydiyyata alır, imam təyin edir və onların fəaliyyətinə nəzarət edir. Daha əvvəl bu fəaliyyətlərin bir qismi QMİ tərəfindən həyata keçirilirdi, ancaq indi səlahiyyətlərin böyük hissəsi DQİDK-ya verilib. Bu mənada, məsələn, 10 il əvvəl komitəyə sədrlik edən şəxsin dini savadından daha çox din siyasəti ilə bağlı savadının olması kifayət edirdisə, indi vəziyyət dəyişib. Məscidə imam təyin edən və onların fəaliyyətini təşkil edən, dini maarif və təbliğatı həyata keçirən Mənəvi Dəyərlərin Təbliği Fonduna və ali dini təhsil verən İlahiyyat İnstitutuna nəzarət edən bir qurumun rəhbərinin dini biliklərinin olması lazımdır. Əlbəttə, Azərbaycanda indi belə kadrlar var. Onları təyin etmək Prezidentin səlahiyyətindədir, amma kadrları tapmaq düşünürəm ki, elə də çətin deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR