Onlayn ictimai-siyasi qəzet
Qusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə köhnə dərmanların verilməsi ilə bağlı iddialar var.
Musavat.com xəbər verir ki, bu barədə “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev sosial hesabında paylaşım edib.
Onun sözlərinə görə, xəstəxananın direktoru Kamil Hacıyevin aptek bölməsində çalışan həyat yoldaşı İlhamə Hacıyeva ötən il oktyabrın 14-də tapşırıq verib ki, köhnə dərmanlar şöbələrə paylansın:
“İlhamə Hacıyeva tərəfindən tibb işçilərinin “WhatsApp” qrupuna yazılan daha qorxunc bir fakt ortalığa çıxıb.
İlhamə Hacıyevanın yazdığı bildirilən yazıda qeyd edilir: “Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”. Məlumata əsasən, bu müraciətdən sonra yaranan mübahisələr nəticəsində tibb işçilərinin “WhatsApp” qrupu İlhamə Hacıyevanın göstərişilə bağlanıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata və səslənən iddiaya əsasən, ötən il xəstəxanada 23 nəfər dünyasını dəyişib... Deyilənə görə, bu, rekord göstəricidir.
Məlumat üçün bildirək ki, hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu “WhatsApp” yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”.
Şahanə Rəhimli
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ