Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məşhur restoranların sahibi Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.
Mətbuatda yazılanlara görə, Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi tanınır. O, Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoranlarının sahibidir.
Yusif Baqiyevin həbsindən sonra heyrətamiz dərəcədə çoxsaylı əmlakları üzə çıxıb. Hətta belə iddialar da irəli sürülüb ki, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze”ə çatır.
Musavat.com-a daxil olan məlumatlarda Yusif Baqiyev tutulandan sonra ona məxsus qeyri-yaşayış sahələrində də tikinti işlərinin dayandırıldığı bildirilib.
Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.
Redaksiyamıza daxil olan əvvəlki məlumatlarda onun “Vüqar 777”, “Vüqar 300” kimi tanınan şəxslərlə əlaqələri olması iddia olunurdu. Lakin apardığımız araşdırmalarla Baqiyevin bu şəxslərlə əlaqəsinin olmadığı üzə çıxıb.
Bundan başqa, Xəzər rayonu ərazisində bir neçə obyektin fotoları da yanlış olaraq Yusif Baqiyevin əmlakları kimi təqdim olunmuşdu.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən rəsmi ittihamlar təsdiqini taparsa, 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ