İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Konstitusiyanı pozmaqadansa, bir referendum aktı keçirək”  

 

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi kifayət qədər maraqlı keçdi. Layihənin deputat Kamal Cəfərov tərəfindən təqdimatından sonra parlament təmsilçiləri fərqli yanaşmalarını ortaya qoydular. Komitə sədri Zahid Oruc ölkə konstitusiyasına istinad edərək uyğunsuzluğa diqqət çəkdi və qanun layihəsinə münasibətdə bitərəf qalacağını söylədi.

Deputat Erkin Qədirli isə layihəni dəstəklədi. 

Deputat Qüdrət Həsənquliyev həmkarının arqumentlərinə münasibət bildirməklə çıxışa başladı:

“Erkin Qədirlinin söylədiyi fikirlər nəzəri məsələdir. Bununla bağlı beynəlxalq təcrübəyə də istinad eləmək olar ki, bəli konstitusiya məhkəmələri bir çox hallarda konstitusiya və qanunların hansısa normalarının şərhini verə bilirlər, qanunların konstitusiyaya uyğunluğu ilə bağlı rəy verirlər. Amma hazırda qüvvədə olan konstitusiyaya görə, konstitusiyada açıq mətnlə yazılıb ki, ombudsman məhkəmə aktlarının qanunlara və konstitusiyaya uyğunluğuna dair Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiyada belə yazılıb. Bu olduğu kimi də qanuna daxil olmalıdır. Biz bunu dəyişiriksə, bu, o deməkdir ki, konstitusiyanı açıq şəkildə pozuruq”. Deputat ardınca fikirlərini əsaslandırdı: “Mən komitə iclasında da çox geniş çıxış elədim və əsaslandırmağa çalışdım, konstitusiyanı da oxudum, amma xeyri olmadı. Birinci oxunuşda da konstitusiyanı oxudum, amma yenə də xeyri olmadı. Ona görə də bunu təkrarlamaq istəmirəm. Mən çıxış yolunu nədə görürəm? Düzü, mən, hər zaman söyləmişəm ki, qanunların xüsusilə parlament və hökumət tərəfindən pozulması vətəndaşlarda qanunlara qarşı hörmətsizlik yaradır. Ona görə də, elə qanunlar qəbul edək ki, onu icra edə bilək. Konstitusiyanı pozmaqadansa, bir referendum aktı keçirək, konstitusiyanın fəaliyyətini onu tez-tez pozmaqdansa, hansısa müddətə dayandıraq. Bunun da adını “keçid dövrü üçün” qoyaq. Bu onsuz da heç nəyi dəyişməyəcək. Siyavuş müəllim də qeyd elədi ki, onsuz da müraciətlərin sayı çox deyil ki, bu Konstitusiya Məhkəməsinin işini pozsun. Sadəcə olaraq əsas verəcəyik ki, camaat görsün, konstitusiyaya əməl olunmur. Həm də bizi kənardan tənqid edəcəklər ki, baxın, konstitusiyaya hörmət bundan ibarətdir”.

Q.Həsənquliyev spikerə xitab etdi: “Hörmətli sədr! Ona görə də bu məsələ ilə bağlı bəlkə qapalı müzakirələrə ehtiyac var ki, deputatlarn qaldırdığı məsələlərə, bu layihəni hazırlayan adamlar hansısa formada əsalandırılmış reaksiyalar verməldirlər. İzahat verməlidirlər ki, niyə konstitusiyada belə qeyd olunur, amma siz başqa cür yazırsınız. Bunun bir izahı olmalıdır. Açıq söyləyirəm ki, bu izahatı vermirlər. Yəni bir dəfə bildirmişdilər ki, “biz, cənab prezidentə bu formada müraciət etmişik, təkrar deyə bilmərik ki, bu məsələ bizim diqqətimzidən qaçıb. Yaxud konstitisuyaya diqqət yetirməmişik. Və ya konstitusiyanı qəsdən pozmuşuq. Ona görə də bu cür səsə qoyacaqsınız və qəbul edəcəksiniz”.  Ola bilsin ki, bir az sərt formada deyirəm, yanaşma bundan ibarətdir. Bu yanaşma dəyişilməldir. Bir dəfə mən zoom müşavirə keçirləndə də söylədim ki, yanaşma dəyişməldir. Çox təəssüf ki, yanaşma dəyişmir və bu layihəni hazırlayan adamlar özlərini hamıdan ağıllı bilirlər. Parlamentdə yüzlərlə insan var, ağıl-ağıldan üstündür. Ona görə kollegial müzakirələr keçirilir ki, birinin diqətindən yayınan məsələ başqasının ağlına gəlir. Amma çox təəssüf ki, bizə münasibət heç də ürəkaçan deyil və bu münasibət dəyişməlidir. Açıq şəkildə konstitusiya qanunlarına zidd normaların parlamentə göndərilməsi praktikasına son qoyulmalıdır”.

Spiker Sahibə Qafarova və layihəni təqdim edən K.Cəfərov irad və tənqidlərlə razılaşmadılar.
Layihə səsə qoyularaq ikinci oxunuşda təsdiqləndi.
 
E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR