İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Bu qanunla bağlı da ekspert rəyi ilə tanış ola bilsəydik...”  

Milli Məclisin son iclasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunun ikinci səsvermədə müzakirəsi keçirilib.

Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışı zamanı bir sıra məqamlara toxunub. “Bu qanun birinci dəfə qəbul olunanda, birinci dəfə səsverməyə qoyulanda mən, 48-ci maddə ilə bağlı təkliflərlə çıxış etmişdim. Sadəcə bilmək istəyirəm ki, mənim qaldırdığım məsələlərə qanunvericilik təşəbbüsü subyektinin reaksiyası nədən ibarət olub? Söhbət ondan gedir ki, 48-ci maddə “Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi” adlanır. Normayaratma orqanı deyəndə Milli Məclis nəzərdə tutulur”-deputat bildirib.

Q.Həsənquliyev qeyd edib ki, əslində, norma təsdiq edən yazılsaydı, bəlkə də daha məntiqli olardı: “Burada qeyd olunub hansı sənədlər bizə təqdim olunmalıdır. Məsələn, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması, Normativ hüquqi akt layihəsinə dair ekspert rəyləri. Ona görə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 61-ci maddəsində xüsusilə qeyd olunur ki, Normativ hüquqi aktların sui-istifadəyə məruz qalmasına dair ekpertiza keçirilməlidir. Yəni, bu məcburi ekspertizadır. Bundan başqa, Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılmasına dair arayışlar verilməlidir. Amma çox təəssüf, bu, Normativ hüquqi akt layihəsinin normayaratma orqanına təqdim edilməsi adlanır. Öncə sadalanır və 48.6-cı maddədə deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublkasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və konstitusiya qanununun 48.3 və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır”.


Q.Həsənquliyev ardınca həmkarlarına müraciət etdi: “Hörmətli həmkarlar, mən sizə müraciət edirəm! Əvvəla, o sənədlərin bizə də göndərilməsi, bizim də onlarla tanış olmağımız niyə məhdudlaşdırılır? Yuxarıda qeyd olunur ki, bu sənədlər normayaratma orqanına daxil olmalıdır. Onu da nəzərə almalıyıq ki, kiçik istisnalarla bütün qanun layihələri və qanunlara əlavə və düzəlişlər prezident tərəfindən təqdim olunur. Belə çıxır ki, biz, normayaratma fəaliyyəti ilə məşğul olanda bu normada göstərilən o sənədlərin heç biri ilə tanış ola bilmirik. Hətta qanunvericilik təşəbbüsünün subyekti olan, məsələn Respublika Prokurorluğu, prokurorluq haqqında da qanunların da kiçik istisnalarla hamısı prezident tərəfindən gəlir, dəyişikliklər prezident tərəfindən daxil olur. Məhkəmə sistemi ilə bağlı - baxmayaraq ki, Ali Məhkəmə də qanunvericilik təşəbbüsünün subyektidir - Prezident Aministrasiyasından gəlir. Yəni digər qanunvericilik təşəbbüsünün subyektləri faktiki surətdə öz hüquqlarından istifadə etmirlər. Bunun səbəbi başqa mövzudur. Belə olan halda 48-ci maddənin mənası nədən ibarət olur? Ona görə də mən təklif eləmişdim ki, 48.6-cı maddə buradan çıxarılsın. Birdə təzə maddə əlavə olunur-48.2-1.2. Əlavə bir bənd əlavə olunur, layihənin hansı dövlət orqanları ilə razılaşdırıldığı. Bu onsuz da 48-ci maddədə var. 48.2.2-ci madədə qeyd olunur ki, Normativ hüquqi Aktın layihəsinin razılaşdırılması, vizalanması haqqında məlumatı əks etdirən sənədlər. Vizalanma nə deməkdir? Orada onsuz da yazılıb razılaşdırılması. O sənədlərdə də göstərilir kimlər viza qoyub, kimlərlə razılaşdırılıb. Yəni ora əlavə yeni bir normanın daxil edilməsinin mənasını başa düşmürəm. Qanunlara dəyişiklik naminə dəyişiklik edilir. Amma bu qədər ziddiyyəti görməmək və faktiki surətdə 48.6-cı maddə, ümumiyyətlə 48-ci maddənin mahiyyətini heçə endirir. Bunu da görməməyi sadəcə olaraq anlaya bilmirəm. Ona görə də, bizə, ümumilikdə ekspert rəyləri təqdim olunsaydı və bu qanunla bağlı da ekspert rəyi ilə tanış ola bilsəydik, burada hər bir deputat bilərdi ki, bu, əslində konstitusiyaya uyğundur, yoxsa yox?”

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR