Onlayn ictimai-siyasi qəzet
İqtisadçı Vüqar Bayramov pensiyaların nə vaxt və nə qədər artırılacağı ilə bağlı məlumat açıqlayıb. O deyib ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir: “Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırılır.
Bu ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. Bu ilin ilk yarısında ölkədə nominal orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.8 faiz artıb. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda bu ilin ikinci yarısında maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər.
Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Bununla bağlı artıq konkret rəqəmləri və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq.
Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq. Bu da xüsusən də pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya alacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir".
Pensiyalar müəyyən faizlə hər il artırılır, ancaq ölkədə ərzaq, qeyri-ərzaq, kommunal xidmətlərin bahalaşmasına rəğmən qocalığa görə müavinət alanların təqaüdündə illərdir dəyişiklik yoxdur. Onlar cəmi 225 manatın ümidinə qalıblar. Məsələ ondadır ki, bu şəxslərin əksərinin əlillik pensiyası kəsilib, yaxud arxivlərdən iş yerləri - 25 illik stajının 1-2 ili tapılmır deyə, yalnız qocalığa görə müavinət alırlar. 225 manat isə onların dərmanına, kommunal xidmətlərinə belə çatmır. Bu vəsait niyə artırılmır?
Məlumat üçün bildirək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minmişdir. Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılmışdır. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Pensiya təyinatının avtomatlaşdırılması tədbiri pensiya hüququ yaranacaq şəxslərdən 80 faizini əhatə edəcək. Pensiya təyinatının avtomatlaşdırılması hələ ki mümkün olmayan digər 20 faiz şəxslərin sırasına aiddir:
“Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsindəki (güzəştli şərtlərlə əmək pensiyasına hüquq qazananlar);
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplar (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və s.)
Mütəmadi olaraq həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.
Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ vardır.
Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda bu məsələ uzun illərdir ki, həll edilmədən qalır: “Çünki əvvəllər insanlara verilən təqaüdlərdə də müəyyən problemlər yaşanırdı. Son illər minlərlə insanın demək olar ki, təqaüdü ləğv edildi. Qurunun oduna yaş da yandı. İndi də bu məbləğ çox aşağı səviyyədə qalıb. İnsanların nə kommunal xərclərinin, ümumiyyətlə yaşayış üçün xərc deyil. Hətta onu da nəzərə alsaq yaşayış minimumu da bu məbləğdən yüksək deyil. Minimum əməkhaqqı 345 manatdır. Ona görə də ehtiyacı olan bu insanların ödənişlərinin artırılmasına, heç olmasa minimum əməkhaqqı səviyyəsində artırılmasına ehtiyac var”.
Yeri gəlmişkən, dünyada ən böyük pensiya İspaniyada ödənilir: pensiyaçı ayda təxminən 3600 avro ala bilər.
İspanlar 65 yaşında təqaüdə çıxır və əmək stajına və pensiya sisteminə töhfələrinə görə pensiya alırlar. Maksimum məbləğ üçün hər bir şəxs 38 il ərzində pul köçürməlidir. Hər bir Avropa dövlətində məbləğlər Avropa İttifaqında ümumi deyil, daxili qanunvericilikdən asılıdır.
Almaniyadakı təqaüdçülər təxminən 790 avro (76 min rubldan bir qədər çox) alırlar, lakin faktiki məbləğ birbaşa bütün xidmət stajı və şəxsi töhfələr üçün ümumi qazancdan asılıdır. Pensiya yaşı kişilər və qadınlar üçün 66-dan başlayır, lakin 2029-cu ilə qədər 67-yə yüksələcək.
Böyük Britaniyada üç növ pensiya var: özəl, dövlət və pensiya. İngilislər ayda 960 funt sterlinqə qədər alırlar. Məbləğ hər il indeksləşdirilir.
Danimarkalılar iş həyatlarını 65-67 yaşlarında bitirirlər. Bu dövlətin səlahiyyətli orqanları pensiyaçılar üçün əlverişli yaşayış şəraiti yaradır və onların hər birinə təxminən 2700 avro birdəfəlik ödəniş ödəyir.
Fransız qadınlar 65, kişilər isə 67 yaşında pensiyaya çıxırlar. Orta aylıq ödənişlər təxminən 1300 avro təşkil edir.
Türkiyə isə ahıl yaşlı vətəndaşlara yüksək sosial təminat verən ölkələrdən sayılır. Ölkədə minimum pensiya 465 dollar, orta pensiya isə 680 dollar təşkil edir.
Şimal qonşumuz Rusiya isə zəif pensiya təminatı ilə seçilir. Bu ölkədə orta aylıq pensiya 200 dollar təşkil edir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ