İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoca Co Rusiyanın qələbəsini anons etdi: ABŞ-ın ardınca NATO da Ukraynaya arxa çevirir

Qərbdə əmindirlər ki, NATO tezliklə prezident Vladimir Putinin tələbləri qarşısında aciz qalaraq, Ukraynanı Rusiya ilə təkbətək buraxa bilər... Kremlin qəddar qərarlar verəcəyi təqdirdə, gələcək taleyi birbaşa Rusiyadan asılı vəziyyətə düşən Ukraynadan geriyə heç bir dövlət əlamətinin qalmayacağı ehtimal olunur...

ABŞ və Qərb Ukrayna savaşında taktikanı dəyişməyə başlayıb. Belə ki, hazırda Ukrayna savaşı Qərbin hərbi-siyasi hədəflərində prioritet deyil. Ukraynaya maliyyə və hərbi yardımlar artıq azaldılıb. Və birmənalı şəkildə demək olar ki, Ukrayna savaşı indi ikinci, daha dəqiq desək, arxa plana keçirilib.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb təmsilçiləri son vaxtlar hətta Ukraynanın Rusiya qarşısında ehtimal olunan məğlubiyyəti barədə belə, açıq mətnlə danışmağa başlayıblar. Belə ehtimalların ABŞ prezidenti Co Baydenin dilindən gündəmə gətirilməsi isə rəsmi Kiyev üçün faciəvi hərbi sonluğun ilkin əlaməti də sayıla bilər. Çünki prezident Co Bayden vurğulayıb ki, Rusiya Ukrayna üzərində qələbədən sonra NATO ölkələrinə hücum edəcək. Və bu, Ağ Ev sahibinin Ukraynanın hərbi məğlubiyyətini elə indidən qəbul etməsi anlamına gəlir.

Prezident Vladimir Putin isə Ağ Ev sahibi Co Baydenin dediklərini cavabsız buraxmayıb. O, Rusiyanın Ukrayna üzərində qələbəsi ilə bağlı deyilənlərlərdən məmnun olduğunu qətiyyən gizlətməyib. Ancaq Kreml sahibi NATO ölkələrinə qarşı hər hansı ərazi iddiaları olmayan Rusiyanın onlara hücum etmək niyyəti barədə deyilənlərin yalan olduğunu da bildirib. Və bu, Kreml sahibinin Qərb siyasi dairələri qarşısında psixoloji qələbəsi anlamı daşıyır.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Hazırda əsas müzakirə mövzusu ondan ibarətdir ki, ABŞ və Qərb faktiki olaraq, Ukraynanı tərk etmək üzrədir. Ukrayna ordusu son vaxtlar Qərbdən yetərincə hərbi yardım ala bilmir. ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsində Ukraynaya yardım məqsədilə cəmisi 900 milyon dollar nəzərdə tutulub. Halbuki, Ağ Ev gələn il Ukraynaya 70 milyard dollarlıq hərbi yardım paketi vəd etmişdi. Və ABŞ bu vədin yerinə yetirilməsinin çox çətin olacağını artıq açıq şəkildə vurğulayır.

Nə qədər qəribə də olsa, eyni proseslər Avropa Birliyi ölkələri arasında da müşahidə olunur. Belə ki, Avropa Birliyinin vəd etdiyi 60 milyard dollarlıq dəstək paketi hazırda bloklanmış vəziyyətə düşüb. Bəzi Avropa Birliyi ölkələri, xüsusilə də, Macarıstan bu məbləğin Ukraynaya verilməsi barədə qərarı veto edib. Macarıstan vetonu dayandırmağın qarşılığında Avropa Birliyindən 30 milyard avroluq maliyyə dəstəyi tələb edir. Və bu məsələnin 10 milyard avro ilə həll edilə biləcəyi də qətiyyən istisna olunmur.

Göründüyü kimi, Ukrayna həm ABŞ-dan, həm də Avropa Birliyindən əvvəlki kimi rahat dəstək ala bilmir. Ağ Ev strateqləri isə Ukrayna savaşının maliyyələşdirilməsini tamamilə Avropa Birliyinin üzərinə yükləməyə çalışırlar. ABŞ-ın israrlı tələbləri və təzyiqləri nəticəsində Avropa Birliyi Ukraynanı öz sıralarına qəbul etmək üzrə rəsmi Kiyevlə birbaşa danışıqlara başlamaq qərarı verib. Halbuki, Ukraynanın indiki vəziyyəti Avropa Birliyi üzvlüyü üçün müəyyən edilmiş kriteriyaların heç birisinə uyğun deyil. Ancaq bu qərarın alınmasında əsas məqsəd Avropa Birliyinə üzv ölkələrin Ukraynaya maliyyə dəstəyi göstərməsinə əngəl törətməsinin qarşısını almaqdan ibarətdir.

ezgif.com-gif-maker.jpg (210 KB)

Digər tərəfdən, Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar barədə də qərar verib. Düzdür, hələlik bu qərar da bəzi qurum üzvləri tərəfindən müqavimətlə qarşılanır. Ancaq bununla belə, Rusiya yeni sanksiyalara məruz qalması artıq qaçılmaz xarakter daşıyır. Halbuki, Kremldən xəbərdarlıq edilir ki, yeni sanksiya paketi özündən əvvəlkilər kimi, məhz Avropa Birliyinə böyük zərbə vuracaq. Rusiya siyasi dairələri hesab edirlər ki, Qərbin Rusiya ilə qarşıdurması çərçivəsində Ukraynanın Avropa Birliyinə üzv qəbul edilməsi barədə qərar verilərsə, bunun nəticələrini ilk növbədə Avropa ölkələrinin əhalisi ödəməli olacaq.

Təbii ki, burada yalnız Ukrayna savaşının maliyyələşdirilməsi nəzərdə tutulmur. Kreml həm də müharibədən sonra dağıdılmış Ukraynanın yenidən bərpa edilməsinə çəkiləcək fantastik xərclərə də dolayısı ilə eyham vurur. Rusiya siyasi dairələri əmindirlər ki, Qərb ölkələri Rusiyanın dondurulmuş 300 milyard dollarlıq maliyyə vəsaitinin Ukraynaya verilməsinə qətiyyən cəsarət edə bilməzlər. Çünki Ukrayna savaşı ətrafında situasiya tədricən Rusiyanın xeyrinə dəyişməyə başlayıb.

Məsələ ondadır ki, Kremldə Rusiyanın hərbi qələbəsinə artıq daha çox inanırlar. Rusiya dövlət liderlərinin ritorikası da hazırda yenidən sərtləşməyə və prinsipial məzmun daşımağa yönəlib. Belə ki, Kreml təmsilçiləri sülh danışıqlarına başlamaq üçün Ukrayna savaşının əvvəlində irəli sürdükləri şərtləri təkrarən gündəmə gətirməkdədirlər. Əsas tələblərdən biri isə məhz Ukraynanın tamamilə tərksilah edilməsi ilə birbaşa bağlıdır.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Eyni zamanda, Kreml Ukraynanın NATO-ya üzvlük niyyətini də qəbul etmir. Halbuki, bir müddət öncə NATO Ukraynaya üzvlük qapısını açmağa hazılaşdığını bəyan etmişdi. Ancaq Rusiya növbəti dəfə vurğulayıb ki, Ukrayna dövlət kimi mövcud olmaq istəyirsə, NATO üzvlüyünü birdəfəlik unutmalıdır. Üstəlik, Ukrayna ərazisində heç bir NATO hərbi bazası yerləşdirilməməlidir. Və bu, Qərbin Ukrayna savaşında əlverişsiz situasiyaya düşməkdə olduğunu nəzərə aldıqda, Kremlin sərt demarş qərarı verdiyini də təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ xüsusi xidmət servislərinə yaxın Qərb mənbələri Rusiyanın qalib gələcəyi təqdirdə, NATO prezident Vladimir Putinin Ukrayna ilə bağlı sərt xəbərdarlığını nəzərə almaq məcburiyyətində qala bilər. Yəni, bu halda, NATO Ukraynanın üzvlük məsələsini gündəmə gətirməkdən imtina etməli olacaq. Bu isə o deməkdir ki, NATO prezident Vladimir Putinin tələbləri qarşısında aciz qalacaq və Ukraynanı Rusiya ilə təkbətək buraxacaq.

Məsələ ondadır ki, Kreml sahibi açıq şəkildə Ukraynaya NATO üzvlüyü şansı tanımayacağını bəyan edib. Ona görə də, indiki halda, Ukraynanın hələ uzun müddət Qərb və Rusiya arasında bufer zona rolunu oynaya biləcəyi qətiyyən istisna deyil. Qərbdə bəzi praqmatiklər artıq indidən hesab edirlər ki, Rusiya Ukrayna savaşının qalibidir. Ona görə də, Ukraynanın bir dövlət kimi gələcək taleyi məhz Kremldən asılı vəziyyətə düşmüş kimi görünür. Əgər, Kreml qərar verərsə, Ukraynadan geriyə heç bir dövlət əlaməti qalmaya da bilər. Və bu, prezident Co Baydenin Rusiyanın hərbi qələbəsi barədə danışmasından sonra Qərb siyasi dairələrində ən çox müzakirə olunan mövzular sırasına daxildir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR