Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, "Qarabağ erməniləri"nə bağlı, uzun illər Moskvanın maliyyələşdirdiyi və idarə etdiyi teleqram kanalları Ermənistanın baş naziri Nikol Paşinyana qarşı yeni kampaniya başladıb.
Məqsəd açıqdır: Paşinyanı zəiflətmək, Azərbaycanla sülh prosesini sabotaj etmək və Ermənistanı Kreml orbitindən kənara çıxmağa qoymamaq.
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqton görüşünün nəticələrini dəyərləndirərkən açıq bəyan etdi ki, sülh müqaviləsi yalnız bir şərtlə mümkündür – Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırılmalıdır. Bu, illərdir Azərbaycanın irəli sürdüyü fundamental mövqedir.
Elə bu gün Paşinyan da öz partiyasının qurultayında elan etdi ki, növbəti seçkilərdə xalqdan mandat alacaq və Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirəcək. Yəni Əliyevin dediyi şərt artıq Paşinyanın siyasi proqramına çevrilib.
Kremlə bağlı teleqram kanalları isə dərhal “həyəcan siqnalı” verdi. Onlar Paşinyanı “Azərbaycanın sifarişlərini yerinə yetirməkdə”, “Ermənistanın maraqlarını satmaqda” ittiham etməyə başladılar. Əslində, bu ittihamlar Moskvanın sifarişidir. Çünki Paşinyanın Konstitusiyanı dəyişməsi Azərbaycanla sülhün əsas yolunu açacaq, bu isə Rusiyanın regiondakı hərbi-siyasi alətlərini tamamilə sıradan çıxara bilər.
Separatçı dairələr və Kreml anlayır ki, Paşinyanın addımı Ermənistanı Rusiyadan daha da uzaqlaşdıracaq, regionda yeni geosiyasi reallığı möhkəmləndirəcək. Bu səbəbdən Paşinyanın hər bəyanatı Kremlin “trol fabrikləri” tərəfindən təhrif olunur, ictimai rəy manipulyasiya edilir.
Görünən odur ki, Paşinyan seçkilərdə qalib gəlsə və referendum keçirilsə, Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılacaq. Bu, Əliyevin əsas şərtinin yerinə yetirilməsi deməkdir. Kremlin dəstəklədiyi kanalların qəzəbi isə məhz buradan qaynaqlanır – çünki regionda söz sahibi olmaq imkanları əllərindən alınır.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ