Onlayn ictimai-siyasi qəzet
Bu barədə "Bloomberg" xəbərdarlıq edib. Agentliyin ekspertlərinə görə, yaxın günlərdə orta göstərici 13,3%-dən 15,2%-ə yüksələ bilər. Növbəti iki-üç il ərzində ABŞ-ın ümumi daxili məhsulu 1,8% azala, inflyasiya isə 1,1 faiz bəndi yüksələ bilər. Buna əsasən müəssisələr və istehlakçılar çox tez bir zamanda çoxlu xərclərlə üzləşəcəklər.
Mütəxəssislər hesab edirlər ki, bu xəbər ABŞ-ın yeni ticarət tariflərinin qlobal iqtisadiyyata təsirini və onun uzunmüddətli nəticələrini ortaya qoyur. Əgər ABŞ-da tariflər 13,3%-dən 15,2%-ə yüksəlirsə, bu, beynəlxalq ticarətə ciddi təsir göstərəcək. Azərbaycan üçün də bu təsirlər əhəmiyyətli ola bilər, çünki biz qlobal ticarət şəbəkəsinin bir hissəsiyik və əksər məhsulların qiymətləri xarici bazarlarda baş verən dəyişikliklərdən asılıdır.
Azərbaycanın ərzaq təhlükəsizliyi üçün bu, idxal edilən ərzaq məhsullarının qiymətinin artmasına və nəticədə yerli bazarda da qiymət artımına səbəb ola bilər.
Ekspertlər hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı daha da diversifikasiya edilməli, xüsusilə qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, ölkənin xarici ticarətə olan asılılığını azaldacaq.
Xüsusilə kənd təsərrüfatı və istehsalat sahələrində texnologiya və innovasiyaların inkişafı və tətbiqi yerli istehsalı artırmağa kömək edə bilər. Azərbaycanın bu yeni vəziyyətə uyğunlaşmaq üçün iqtisadiyyatın müxtəlif sahələrində müvafiq islahatlar və tədbirlər görməsi vacibdir. Tariflərin artması həm qlobal bazarda, həm də yerli iqtisadiyyatda bir sıra çətinliklər yarada bilər, amma düzgün strategiyalar və qabaqlayıcı addımlar atılarsa, bu təsirlər minimuma endirilə bilər.
Rəşad Həsənov
İqtisadçı Rəşad Həsənov bu qənaətdədir ki, 2025-ci ilin əvvəlindən etibarən qlobal iqtisadi artım dinamikası, eyni zamanda iqtisadi münasibətlər, gələcək iqtisadi inteqrasiya istiqamətində ən böyük risk ABŞ administrasiyasının həyata keçirməkdə olduğu heteredoks iqtisadi siyasətdir. O vurğuladı ki, bu istiqamətdə ciddi narahatlıqlar var: “Müvafiq siyasətin təsirləri ən müxtəlif istiqamətlərdə proqnozlaşdırılır. Təbii ki, ilin əvvəli ilə müqayisədə hazırda nisbətən daha rasional məcraya, ən azı uzlaşdırılmış tariflər çərçivəsinə yönəlmək istiqamətində meyllər artıb. Bu, qismən gözlənilən neqativ təsirlərin azalması istiqamətində imkanlar formalaşdırır. Amma buna baxmayaraq, müvafiq siyasətin təsirləri qaçılmaz olacaq. İlk növbədə bu, dəyər zəncirində - həm istehsalat, həm də son istehlak üçün xərcləri artıracaq konyuktur formalaşdırır. Bu, həmçinin öz-özlüyündə orta, uzunmüddətli dövrdə inflyasiyanın əsasını yaradır - alıcılıq gücünə mənfi təsir göstərməklə tələb azalır, ÜDM-də artım dinamikası aşağı düşür, hətta bəzi hallarda resessiya fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası) yaxud resessiyaya paralel olaraq inflyasiya istiqamətində gözləntiləri artırır. Sözügedən amil məşğulluğu risk altına alır. Nəzərə alsaq ki, ABŞ iqtisadiyyatı qlobal iqtisadiyyatın1/4-ni təşkil edir, hazırda əsas iqtisadi mərkəzlər Avropa Birliyi, Çinə müvafiq istiqamətdə təzyiqlər var və bütövlükdə bu prosesin qlobal iqtisadiyyatı əhatə etməsi gözləniləndir. Bu da enerji bazarlarında qiymətlərin aşağı düşməsinə, dolayısı ilə Azərbaycanın müvafiq istiqamətdə gözlənilən gəlirlərinin aşağı düşməsinə gətirib çıxara bilər, yəni fiskal risk formalaşdırma meyllərinin əsasını qoyula bilər. Digər tərəfdən, bu, orta, uzunmüddətli dövrdə davamlı xarakter alırsa, manatın məzənnəsinin stabilliyinə mənfi təsir göstərmə ehtimalını artırır”.
Azərbaycanın idxaldan asılılığı, o cümlədən daxili inflyasiyanın əsasında idxalın dayandığına və bu istiqamətdə təsir gücünün təxminən 60-70 faiz olduğuna diqqət çəkən iqtisadçı bildirdi ki, nəticədə qlobal dəyər zəncirində yaranmış qiymət artımları təzyiqləri Azərbaycan sərhədlərindən daha çox valyutanın çıxışı müqabilində daha yüksək qiymətlərlə məhsulların idxalı mühitini yaradır: “Bu, daxili bazarda inflyasiya meyllərinin nəzarətdə saxlanması istiqamətində əlavə çətinliklər yarada bilər. Eyni zamanda inflyasiya yerli əhalinin, xüsusilə həssas sosial qrupların yaxud büdcədən maliyyələşən ailələrin alıcılıq gücünə mənfi təsir göstərə bilər. Hazırda Azərbaycan hökumətinin görə biləcəyi geniş spektrli tədbirlər, xarici bazarla əlaqədar işlər mövcud deyil. Yalnız daxili iqtisadi siyasət bu istiqamətdə töhfə verə bilər. Daxili iqtisadi mühitin liberallaşdırılması, xüsusilə istehsalın təşviqi ilə bağlı ciddi layihələr ortaya qoyula bilər. Eyni zamanda xarici investisiyanın Azərbaycanda istehsalata yatırılması təşviq oluna bilər. Gömrük vergi siyasətinə yenidən baxmaqla, idxal olunan məhsulların maya dəyərinin azaldılması, yerli vətəndaşın bu istiqamətdə xərclərinin optimallaşdırılması ilə mövqe ortaya qoyula bilər”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ