İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızım ulduz görəndə deyirdi ki, raket atırlar, gedək burdan – Xocalı şahidinin TARİXİ MƏHKƏMƏDƏ FƏRYADI

Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Musavat.com xəbər verir ki, məhkəmə prosesində ifadə verən zərərçəkmiş Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib.

Zərərçəkmiş Xocalıda azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.

Deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verən zaman çətinliklə meşəyə qaçıblar. Zərərçəkmiş 2 gün meşədə qaldıqdan sonra Ağdama gedə bildiklərini deyib. Soyqırımı zamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə digər qohumları da girovluqda saxlanılıb, bir qismi isə itkin düşüb.

“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi, ana, raket atırlar, gedək”, - o əlavə edib.

Musavat.com xəbər verir ki, bu proses Azərbaycanın müstəqillik tarixində ən böyük ədalət tələbidir.

İstintaqda 531 mindən çox Azərbaycan vətəndaşı zərərçəkmiş kimi tanınıb.

İbtidai istintaq çərçivəsində 1389 ayrı-ayrı cinayət işi bir icraata birləşdirilib, 2548 epizod üzrə ittihamlar sübuta yetirilib. Bu faktlar Ermənistan ordusunun Qarabağda sistematik şəkildə insanlıq əleyhinə cinayətlər törətdiyini ortaya qoyub. Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müttəhimlər kürsüsünə çıxarılıblar.

Hazırda prosesdə zərərçəkənlər ifadə verir, şahidlər dindirilir, video və digər sübutlar tədqiq olunur.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR