İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı dənizdə - Orta Şərqdə müharibə təhlükəsi

Husilər kimdir və nə istəyirlər? 

Yəmən Husilər Hərəkatı ABŞ-ın ticarəti qorumaq üçün beynəlxalq hərbi-dəniz əməliyyat qrupu yaratmaq qərarına baxmayaraq, Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəklərini vəd ediblər. Bu barədə “Bloomberg” məlumat yayıb.

Husilər həmçinin Vaşinqtona xəbərdarlıq ediblər ki, ABŞ onların hərbi bazalarına hücum etmək qərarına gələrsə, onlar cavab tədbirləri görməyə hazırdırlar.

“Biz istənilən maneələri dəf etmək və məqsədlərimizə çatmaq üçün hərbi imkanlarımızı inkişaf etdirməyə sadiqik. Əgər ABŞ Yəmənə hücum edərsə, biz ABŞ-ın döyüş gəmilərinə və digər gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirəcəyik”, - hüsilərin lideri Əbdülməlik əl-Husi bildirib.

Birləşmiş Ştatlar qlobal ticarətin təxminən 12%-ni təşkil edən Qırmızı dənizdə üzən gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qərb və Ərəb müttəfiqləri ilə işlədiyini bildirib.

İsveçrənin Kuehne+Nagel International AG logistika şirkətinin məlumatına görə, husilərin hücumlarından yayınmaq üçün hazırda 100-dən çox konteyner gəmisi Afrika ətrafında uzun marşruta yönəldilir ki, bu da əlavə xərclər və gecikmələr yaradır.

Bundan əvvəl bildirilib ki, ABŞ və müttəfiqləri Yəməndə Qırmızı dənizdə gəmilərə sistemli şəkildə hücum edən husi üsyançılarına qarşı hərbi zərbələr endirmək imkanını nəzərdən keçirir.

Siyasi analitiklər hesab edir ki, Qırmızı dəniz və bütövlükdə orta şərqi yeni böyük, dəhşətli müharibə meydanına çevrilmək təhlükəsi ilə üz-üzədir. Müharibəyə İranın da daxil olması istisna edilmir. 

Qabil Hüseynli: “Fransa çox riyakar və ikiüzlü dövlətdir”

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli bu barədə şərhində bildirdi ki, Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin başlanmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, İranın bu qanlı münaqişəyə münasibəti ilk baxışda müxtəlif görüş və danışıqlardan, hədələyici açıqlamalardan uzağa getməyib. Təsadüfi deyil ki, İranın özündə hökumət olanlara seyrçi qalmaqda və yalnız bəyanatlar verməklə kifayətlənməkdə ittiham olunub: “İranın Qəzzadakı münaqişəyə qarışmamasının səbəbləri barədə çoxsaylı təhlillər dərc olunub. Lakin İran yalnız ilk baxışda Şərqdə gedən münaqişəyə qarışmır, əslində isə Tehran rejimi həmin münaqişənin başlıca pərdəarxası iştirakçısıdır. O cümlədən, İranın Husilərə dəstək verdiyi bəllidir. Qırmızı dənizdə müharibə alovlanacağı halda İranın artıq pərdə arxasından çıxacağı və müharibəyə qoşulacağı ehtimalı var”. 

Husilər hələ oktyabrın 31-də faktiki olaraq İsrailə müharibə elan etməklə HƏMAS-ın tərəfində müharibəyə qoşulduqlarını və İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları dayandırmayana qədər bu ölkənin ərazisinə zərbələr endirməyə davam edəcəklərini bəyan ediblər. Özünü İranın dəstəklədiyi “müqavimət xəttinin” bir hissəsi hesab edən Husilər HƏMAS İsrailə hücum edəndən bəri fələstinliləri dəstəklədiklərini bildiriblər.

Bəs, Husilər kimlərdir?

Husilər hərəkatı (üsyanı) Yəmənin şimalında yaranıb. Məskunlaşma yerləri də Yəmənin paytaxtı Səna şəhərindən 240 km aralıda yerləşən Saədəh bölgəsidir. Elə şimal və qərb tərəfdən də Səudiyyə Ərəbistanı ilə sərhədləri var. Husilərin kökü Zeydilərə gedib çıxsa da, başçıları və bu hərəkatın tərəfdarları radikal şiələrdir. Bu silahlı qruplaşma dini, şiəvi, siyasi və silahlı qruplaşma kimi tanınır. Əsas məqsədləri üsyan edərək Yəməni tamamilə şiələşdirməkdir. Livandakı Hizbullah təşkilatının getdiyi dini və siyasi yolu getməklə yanaşı, husilərin Hizbullah və İran tərəfindən maliyyələşdirildiyi də dünya mediasında zaman-zaman yazılır. Hərəkatın “husilər” adlandırılması isə Yəmənin “Hus” məntəqəsinin adı ilə bağlı olub və ilk liderinin də bu adı qəbul etməsiylə əlaqədardır.

Devran Media | Mobile

Husilərin ilk liderləri Hüseyn Bədrəddin əl-Husi (1959-2004) olub. Onun atası Bədrəddin əl-Husi (1926-2010) onların mənəvi rəhbəri olsa da, onun iki oğlu (Hüseyn və Abdul-Məlik) üsyanın əsas liderləri olmuş və atalarının amalını yerinə yetirmişlər.

Husilər ilk dəfə 1990-cı ildə bir qruplaşma (təşkilat) kimi özlərini elan ediblər. Bu isə Yəməndə sərbəst partiyalar qurmağın azad olması qanununun qüvvəyə minməsindən sonra mümkün olub. Bundan əvvəl isə gizli şəkildə öz  fəaliyyətlərini davam etdirirdilər.

Hərəkatın ikinci lideri isə Bədrəddin əl-Husinin ikinici oğlu Abdul-Məlik Bədrəddin əl-Husidir.

Abdülmelik el-Husi: Tekfirci Gruplar Amerika ve Müttefikleri Tarafından  Oluşturuldu - Batı Asya haber - Tesnim Haber Ajansı

Husilərin hazırkı lideri 1979-cu il təvəllüdlü Abdulmalik əl-Husidir. 

Hazırkı Husilərin İranla sıx əlaqələrinin olmasıyla yanaşı, onların mənəvi lideri hesab olunan Bədrəddin əl-Husi 1994-cü ildə Yəmənin kommunistlərlə müharibəsi zamanı Yəməni  tərk edib uzun müddət İranda qalmış, ailəsi və övladları üçün orada yaxşı şərait, maddi-mənəvi dəstəklə tam təmin edilmiş və İran dairələrinin təsirinə düşmüşdür. Həmçinin, o, Yəməndəki zeydiliyi  zaman keçdikcə “imamiliyə” daha da yaxınlaşdırmışdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR