İnsanlara hürriyət, millətlərə istiqlal!

Qidaların zibilə atılmasının qarşısı alınacaqmı - problem

Azərbaycanda strategiya hazırlanıb, lakin...

Son illərdə dünya ərzaq bazarında qeydə alınan bahalaşma, hökumətlərin bütün səylərinə baxmayaraq, davam edir. Əksər ölkələrdə yüksək inflyasiyanın əsas hərəkətverici qüvvəsi kimi ərzaq qiymətləri çıxış edir. Ərzaq qiymətlərinin bahalaşmasına baxmayaraq, onların istehlakında yol verilən israfçılığın qarşısını almaq mümkün olmur. 

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşklilatının (FAO) hesablamalarına əsasən, qlobal qida tullantıları 1,6 milyard ton “ilkin qida ekvivalenti” həcmində qiymətləndirilir. Hər il dünyada ümumi ərzaq itkisi 1,3 milyard ton təşkil edir. Bildirilir ki, hər il itirilən və ya israf edilən qida yetişdirmək üçün lazım olan suyun bütün həcmi Rusiyadakı Volqa çayının illik axınına bərabərdir və ya Cenevrə gölünün ölçüsündən üç dəfə böyükdür.

Kalori baxımından qlobal qida itkisi və tullantıları istehsal olunan bütün qidaların təxminən 24 faizini təşkil edir. Əslində, insanlar üçün nəzərdə tutulan hər dörd qida kalorisindən biri istehlak edilmir.

BMT-nin Ətraf Mühit Proqramının 2021-ci ildə açıqladığı sonuncu “Qida tullantıları indeksi 2021" hesabatından aydın olur ki, hesabatın əhatə etdiyi 2019-cu il ərzində 931 milyon ton qida məhsulu zibilə çevrilib. Bu isə o deməkdir ki, ilboyu bütün qida məhsullarının 17 faizi israf edilib. Eyni dövrdə təxminən 690 milyon insan aclıqdan əziyyət çəkib. Qida tullantılarının miqyası barədə təsəvvür yaratmaq üçün hesabatda bildirilir ki, həmin tullantıları daşımaqdan ötrü 40 ton tutumlu 23 mindən çox yük maşını gərək olardı.

İsraf edilmiş qida tullantılarının 61 faizi evlərdə hazırlanmış qidaların payına düşür. İsrafın 26 faizlik bölümü xidmət sektorunda, 13 faizi isə pərakəndə satış nöqtələrində baş verir. Hesabatda deyilir ki, bir insan ömrü boyunca təxminən 70 min dəfə yemək yeyir ki, bu da toplam 25-30 ton qida deməkdir. Bu baxımdan, il ərzində israf edilən qida 30 milyondan çox insanın ömürboyu qidalanmasına yetə bilərdi. Digər tərəfdən, qida tullantıları ekoloji problemlərə də təsirsiz ötüşmür. Belə ki, atmosferdəki zərərli qazların təxminən 10 faizi məhz qida tullantılarından qaynaqlanır.

Hesabatdan daha bir ilginc məqam ortaya çıxır: Evlərdə yaranan qida tullantıları ilə bağlı problem gəlir dərəcəsinə baxmadan, əslində, bütün ölkələrdə müşahidə olunub.

Düzdür, nisbətən daha yüksək gəlirli və evdən kənarda yemək mədəniyyəti olan ölkələrin xidmət sektorunda qida tullantıları daha çox gözə çarpıb. Məsələn, xidmət sektorunda formalaşan qida tullantılarının dünya üzrə adambaşına ortalama göstəricisi 32 kiloqram olduğu halda, ABŞ-də bu göstərici iki dəfə daha çox - yəni 64 kiloqram olub.

Hesabatın nəticəsinə görə, 2019-cu il ərzində Azərbaycanda adambaşına 93 kiloqram, toplam 935 min ton qida tullantısı yaranıb. Qida tullantılarının həcmi baxımından Azərbaycan bir çox ölkələri geridə qoyub. Həmin göstərici ilə Azərbaycan aşağı nəticəli “az etibarlı” (low confidence) ölkələr qrupuna aid edilib. Müqayisə üçün qeyd edək ki, Amerika qitəsindəki ölkələrdə qida tullantıları ilə bağlı adambaşına düşən orta göstərici - 69; Şərqi Avropada- 61; Qərbi Avropada - 65; Cənubi Asiyada - 66; Şərqi Asiyada - 64 kiloqram olub. Postsovet ölkələri arasında isə Azərbaycan Tacikistan və Gürcüstandan sonra, Ermənistanla birlikdə 3-cü yerdə qərarlaşıb.

Bütün bu israfçılığın əsas səbəbi qida istehsalının dünya üzrə qeyri-bərabər paylanmasıdır: qidanın çox mühüm hissəsi Avropada, Asiyanın inkişaf etməkdə olan ölkələrində və ABŞ-da istehsal olunur. Elə ən çox istehlak da bu ölkələrdədir - 4-də biri tullanmaq şərtilə. Halbuki BMT-nin məlumatına əsasən Asiya və Afrikanın kasıb ölkələrində 800 milyon insan aclıq çəkir. Dünya əhalisinin hər 9 nəfərindən biri daim doyunca yeməməyə məcburdur. Halbuki tullantıya çevrilən qida məhsullarının cəmi 25 faizi ilə onların hamısının illik qidalanması təmin oluna bilər.

Hesablamalara görə, hər il tullantıya çevrilən qida məhsullarını yetişdirmək üçün Çinin ərazisi boyda torpaqdan, dünyada dövr edən şirin suyun 25 faizindən istifadə olunur.

BMT qida israfı ilə bağlı yaranmış təhlükəli vəziyyətlə bağlı həm hökumətləri, həm istehsalçıları, həm də istehlakçıları daha məsuliyyətli davranmağa çağırıb. Qurumun 2030-cu ilədək müəyyənləşdirdiyi hədəflərdən biri də adambaşına düşən qida israfının iki dəfə azaldılmasıdır.

Bir çox inkişaf etmiş ölkələrdə qida israfçılığına qarşı tədbirlər gücləndirilir. ABŞ, Çin və bir sıra digər ölkələrdə qida tullantısına görə ictimai iaşə obyektlərinə vergi tətiq olunur: tullantı çox olduqca, verginin dərəcəsi də yüksəlir.

Avropa Komissiyası isə bu ilin yayında əsas təbii resurslardan, xüsusilə də ərzaq sistemi, kənd təsərrüfatından dayanıqlı istifadə, qida və tekstil tullantılarının azaldılmasını nəzərdə tutan tədbirlər paketini təsdiqləyib. Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Avropada qida və tekstik tullantılarının böyük həcmdə olduğunu deyir: “30 milyon avropalı gündəlik normal qidalana bilmədiyi, dünyada aclıq yenidən gücləndiyi bir dövrdə bu qədər qida tullantısı yaratmaq, sadəcə, qəbulolunmazdır”.

Avropa Komissiyası Avropa Birliyi üzv dövlətlərinə 2030-cu ilədək emal və istehsal prosesində qida tullantılarını 2020-ci illə müqayisədə 10 faiz, pərakəndə ticarət, restoran, ictimai iaşə, ev təsərrüfatlarında isə 30 faiz azaldılması öhdəliyi müəyyənləşdirib.

Avropa statistika qurumu olan Eurostat-ın məlumatına əsasən 2020-ci ildə Avropa Birliyində adambaşına 131 kq qida tullantısı yaranıb. Bu, 132 milyard avroluq qida məhsulları deməkdir. Qurumun hesablamalarına görə, ev təsərrüfatları, pərakəndə ticarət və restoranlarda qidanın 10 faizi tullantıya çevrilir.

Avropa Komissiyasının hazırladığı tədbirlər paketində qida və tekstil məhsullarından, sudan, gübrələrdən qənaətlə istifadə nəzərdə tutulur. Bu isə son nəticədə atmosferə atılan istilikxana qazlarının həcminin azalmasını şərtləndirəcək.

Əcnəbi zibildən pul qazanır, biz isə yerə zibil atıb, cərimə ödəyirik...

Onu da qeyd edək ki, FAO tərəfindən Azərbaycanda qida itkisinin qarşısının alınması, azaldılması və monitorinqi üzrə Milli Strategiya hazırlanıb. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sənəd “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması layihəsi” çərçivəsində hazırlanıb. Bildirilir ki, Strategiya hökumətin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün, 2030-cu ilə qədər ərzaq tullantılarını 50 faiz, eyni zamanda qida təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədilə hazırlanıb.

Strategiyada təqdim edilən yanaşma qida tədarükü zəncirinin bütün mərhələlərinə - istehsal, emal, paylama və istehlak dövrünə diqqət yetirməklə qida itkisini azaltmağa yönəldilib. Strategiya, həmçinin, qida istehsalına sərmayə qoyulan resursların təmin olunması və optimallaşdırılmasına şərait yaradan dairəvi dəyər zəncirinə keçidi dəstəkləyir. Bundan əlavə, strategiyaya qida itkisinin idarəedilməsinin tənzimlənməsinin təkmilləşdirilməsi, qida tədarük zəncirlərinin səmərəliliyinin artırılması, qida məhsullarının bərpası və yenidən bölüşdürülməsi sisteminin yaradılması, problemin qarşısını almaq məqsədilə qida dəyər zənciri iştirakçıları və ictimaiyyət arasında məlumatlılığın artırılması və qida itkisinə nəzarət etmək, ölçmək və hesabat vermək məqsədilə milli potensialın gücləndirilməsi tədbirləri daxildir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,5 faiz artıb. Səkkiz ayda Azərbaycan əhalisinin təkcə ərzaq məhsullarına çəkdiyi xərc 18,6 milyard manat təşkil edib. Bu vəsaitlə əldə edilən ərzağın orta hesabla 25 faizini tullantıya çevrildiyini nəzərə alsaq, onda qida tullantılarının 50 faiz azaldılmasının Azərbaycan əhalisinin ərzaq xərclərinin 2,325 milyard manat azalmasına gətirib çıxara biləcəyini görərik. Lakin strategiyanın hazırlanması hələ onun həyata keçirilməsi demək deyil. Çünki Azərbaycanda tullantıların toplanması və qeydiyyatı sahəsində ciddi problemlər var. Xüsusilə kəndlərdə tullantılar kütləvi şəkildə və nizamsız halda torpağa basdırılır ki, bu da onların uçotunu mümkünsüz hala gətirir.

Məktəb həndəvərlərində sahibsiz itlərə gəl-gəl deyən zibil qutuları – |  Hafta.az

Rəsmi statistikaya əsasən 2022-ci ildə ölkədə 3 milyon 984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox tullantı əmələ gəlib ki, onların da 66,7 faizini bərk məişət tullantıları, 33,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Ötən il yaranmış 2658,3 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb. Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 faizi ölkə daxilində satılıb, 3,8 faizi ixrac olunub, 13,8 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 faizi isə müəssisələrdə qalıb.

Rəsmi statistika qida tullantılarına dair hesablama ya aparmır, ya da açıqlamır. Belə bir şəraitdə strategiyada qarşıya qoyulan hədəfə çatılıb-çatılmadığını müəyyənləşdirmək qeyri-mümkündür.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR