Onlayn ictimai-siyasi qəzet
Paytaxtda və bölgələrdə zəhərlənmə halları artıb. Zəhərlənmədən ölənlərin sayında da artım var.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayında Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 91 nəfər müraciət edib.
Şöbəyə qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin onlardan 11 nəfər dəm qazından, 4 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Mart ayının ilk günləri zəhərlənmələrlə müşayət olunmaqdadır. Göygöl rayonunun Aşıqlı kəndində bir evdən 4 nəfərin meyiti aşkar olunub. Onlar 1990-cı il təvəllüdlü Səbinə Müseyibova, 1999-cu il təvəllüdlü Seymur Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynovadır.
İlkin olaraq onların dəm qazından boğularaq öldüyü bildirilsə də, bu ehtimal hələlik təsdiqlənmir. Başqa bir versiyaya görə, onlar qidadan zəhərləniblər.
Ağdamda da 6 nəfər tortdan zəhərlənib. Zəhərlənənlər 1962-ci il təvəllüdlü Gülbuta Şiralı qızı Əsədova, 2001-ci il təvəllüdlü Elçin Ayaz oğlu Əsədov, 2003-cü il təvəllüdlü Elvin Ayaz oğlu Əsədov, 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı, 2006-cı il təvəllüdlü Türkan Əsədova, 2006-cı il təvəllüdlü Nəzakət Piriyevaya ilkin tibbi yardım göstərilib. Həyatlarına hər hansı bir təhlükə yoxdur.
Qida zəhərlənmələrinin səbəbi nədir? Zəhərlənən şəxsə ilkin olaraq hansı yardımlar göstərilməlidir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, qida zəhərlənmələrinin müxtəlif səbəbləri ola bilər:
"Qida zəhərlənmələri tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan çox kəskin haldır. Qida intoksikasiyası da adlandırılan bu halın ən geniş yayılmış formaları mikrobla və müxtəlif kateqoriyalı kimyəvi maddələrlə olan zəhərlənmələrdir. Bu formalara zəhərli bitki və bəzi heyvanların qida vasitəsi kimi qəbul edilməsi nəticəsində yaranan zəhərlən mələr də aiddir. Qida toksikonfeksiyaları patogen mikroblar və onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı baş verir. Bu növ zəhərlənmələrin törədicisi əksər hallarda protey: stafilokoklar, klebsiyellalar, bağırsaq çöplərinin patogen ştampları və s. mikroblardır. Qidanın saxlanması, hazırlanması və istifadəsi zamanı sanitar-gigiyenik normaların pozulması ərzaqların yoluxmasına və onlarda toksinlərin toplanmasına səbəb olur. Bəzi mikrobların toksinləri qaynatmaya qarşı dözümlüdür. Buna görə də hətta qaynadılmış xarab məhsullar zəhərlənməyə səbəb ola bilir. Əksər hallarda yoluxmuş qida xarab görünüşdə olur-rəngi, konsentrasiyası dəyişir, xoşagəlməz qoxu və dad yaranır. Xörəklərin qidaya yararlı olmadığını göstərən daha bir əlamət onun içində hava qabarcıqlarının olmasıdır. Lakin bir çox hallarda zəhərlənmə normal orqanoleptik xüsusiyyətlərə malik qidaların qəbulu zamanı baş verir.
Qida toksikoinfeksiyasının bir neçə xarakterik əlaməti var. Birincisi, xarab qidanın qəbulundan sonra zəhərlənmənin baş verməsi, ikincisi, qastroenterititn ilkin əlamətləri-təkrarlanan qusma, əziyyətli ürəkbulanma, güclü ishal. Qida toksikoinfeksiyası zamanı ishalla yanaşı bədən hərarətinin yüksəlməsi, titrətmə, əhvalın pisləşməsi kimi əlamətlər müşahidə olunur.
Üçüncüsü, xəstəlik 1-3 gün davam edir, əlamətləri yavaş-yavaş azalır. Zəhərlənmədən bir müddət sonra zəiflik, qarında sancılar və köp ola bilər".
Qida toksikoinfeksiyası zamanı ilk yardım barədə məlumat verən Eyyub Hüseynov bunun üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini bildirib:
"İlk növbədə mədənin ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulması lazımdır. Həmçinin xəstəlik müddətində çox miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır".
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ