Onlayn ictimai-siyasi qəzet
“Ölkəmizdə yay mövsümünün sərin keçməsi turizmə mənfi təsir göstərdi, ölkəyə gələn turistlərin sayı azaldı”.
Bunu Musavat.com-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, xaricdən gələn turistlərin sayı onsuz da regionda baş verən münaqişələrlə əlaqədar azalmışdı. Lakin havaların soyuq keçməsi sahilyanı ərazilərdə istirahət edən yerli turistlərin də sayına mənfi təsir edib:
“Sahilyanı ərazilərdə hotellər, obyektlər boş qaldı. Qeyri-sabit hava nəticəsində çimərliklərdə yerləşən obyektlərin gəlirliliyi azaldı. Çünki onlar üçün bir gün belə müştərisiz qalmaq böyük zərər deməkdir. Dənizkənarı hotellər əsasən yay mövsümündə qazanc götürür. Lakin bu il həmin hotellər doluluğu tamamlaya bilmədi”.
Ekspert qeyd edib ki, Azərbaycanda turizmin vəziyyəti əvvəlki illərlə müqayisədə daha passivdir:
“Turizmin zəifləməsinə həm sərin yay, həm də regionda və qonşu ölkələrdə baş verən silahlı münaqişələr təsir edir. Münaqişələr səbəbindən bəzi ölkələrdə hava məkanlarının bağlanması Azərbaycana uçuşları çətinləşdirir”.
Şahanə Rəhimli
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ