İnsanlara hürriyət, millətlərə istiqlal!

“Reklam haqqında” Qanunun müəllifi “Sədərək”dəki insidentlə bağlı OD püskürdü

Cahid Həsənov: “Bu, Azərbaycanda reklam işinin “belini” qırmaqdır”

Son günlərdə “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam lövhələrinin Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən sökülməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Müəyyən edilmiş texniki tələblərə cavab vermədiyi iddia edilən reklam qurğularının ləğvi ticarətçilərlə dövlət nümayəndələri arasında insidentlə nəticələnib. Məlumatlara görə, agentlik əməkdaşları mərkəzin mühafizəçiləri tərəfindən döyülərək ərazidən uzaqlaşdırılıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaq aparıldığını təsdiqləyib.

Bütün bu proseslər cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən sahənin mütəxəssisləri tərəfindən birmənalı qarşılanmır. Məsələyə münasibət bildirən ekspertlər, xüsusən də reklam və memarlıq sahəsinin peşəkarları bu addımların həm iqtisadi, həm də estetik cəhətdən ölkəyə ciddi ziyan vurduğunu deyirlər.

Dövlət Reklam Agentliyinin bölgələrdə və paytaxtda apardığı söküntü siyasəti nə dərəcədə əsaslandırılmış və şəffafdır? Reklam lövhələrinin “yararsız” elan olunması hansı texniki meyarlara əsaslanır və bu qərarların hüquqi əsası varmı?

CAHİD.jpg (64 KB)

Azərbaycanın tanınmış memarı, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, “Reklam haqqında” Qanunun müəlliflərindən biri Cahid Həsənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Əslində, reklam lövhələri ilə bağlı bu hadisə respublikanın hər regionunda 2016-cı ildə yaranmış Azərbaycan Dövlət Reklam Agentliyinin apardığı məntiqsiz, çox bəsit, quldarlıq dövründə qalmış sistemlə reklam işinin həyata keçirilməsinin bariz nümunəsidir. Mən 10 gün bundan əvvəl təsadüfən Lənkəran rayonunda, Böyük Bazar ərazisində idim. Həmin sistem orada da mövcuddur: traktor, buldozer, qaynaqçı ilə gəlib reklamları sökürlər. Sual yaranır - niyə bu reklam konstruksiyası 30 ildir burada qalmışdı? İndi isə "yararsız" adı ilə sökülür. Yararsız deyil. Əgər yararsızdırsa, sən formanı verməlisən ki, milli reklam şirkəti həmin formada təmir etsin. Necə ola bilər ki, bunların hamısı “yararsızdır” deyə kəsilir?

Əvvəllər bu strateji əhəmiyyətli yerlər tutulmuşdu və indi bu yerlərə o monopoliyaya yönəldilən şirkətlər girə bilmir. Adını “yararsızdır” qoyub, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yönəldirlər”.

Memar qeyd edib ki, bunun nəticəsində hər il Azərbaycanda açıq məkan reklamından gələn investisiyalarda on milyonlarla zərər yaranır:

“Burada açıq rəqabət olmalıdır. Halbuki indi 70-80 milyon manatlıq açıq məkanda reklam gəliri olmalıykən, bu rəqəm 5-10 milyona düşüb. Bu da məhz monopoliyaya yönəlmənin nəticəsidir. Mən Ümumdünya Reklamçılar Assosiasiyasının bir üzvüyəm, həmçinin Azərbaycanda “Reklam haqqında” Qanunun müəlliflərindən biri kimi dəfələrlə çıxışlar etmişəm. Keçmiş ADRA-nın sədri Aydın İbadova dəfələrlə müraciət etmişdim ki, bu işi dağıtmayın, yararsız hala salmayın. O, vəzifədən çıxarıldı, yerinə yenisi gəldi. Yeni rəhbərə də müraciət etdim, amma çox təəssüf ki, işlər düzəlmək əvəzinə daha da pisləşdi və artıq burada açıq şəkildə şəxsi maraqlar ön plana keçir.

Hücum şəklində regionlara da dəstə-dəstə gedirlər - balta ilə, lomla, svarka ilə reklam lövhələrini kəsib atırlar. Bu, hansı qanunda var?! Necə ola bilər ki, bunlar “yararsız” hesab edilir? Axı camaat o qədər də məlumatsız deyil ki, iki metr hündürlüyündə, üçün altıya ölçüdə olan bir reklam konstruksiyasını düzgün şəkildə qura bilməsin. On minlərlə memar və dizaynerimiz var, biz xarici ölkələrə belə layihələr təqdim edirik. İki metr hündürlüyündə bir konstruksiyanın “yararlısı” nə formada olur ki, onu göstərin. Halbuki onu gətirib, lazımi formada bərpa etmək mümkündür.

Mənim bu məsələyə, yəni “reklamların yararsızlığı” məsələsinə münasibətim budur: bu, əsassız yanaşmadır. Bu yarıtmaz və anlaşılmaz idarəetməyə görə nəticədə on minlərlə regionlarda işçilər ixtisara düşüb. ADRA yaranmazdan öncə bu işlər daha səmərəli şəkildə qurulmuşdu. Yerli icra hakimiyyətləri və bələdiyyələr bu prosesdə iştirak edirdi. Reklam yerləşdiriləndə bələdiyyələrə də müəyyən vəsait ayrılırdı, bu da onların büdcəsinə töhfə verirdi. Nəticədə həm bələdiyyələr, həm də icra orqanları fayda görürdü. Şəhərlərdə rəngarəng reklamlar bir-birini əvəz edirdi, bölgələrə gedəndə isə ürəklə baxırdın - görünürdü ki, orada iqtisadi inkişaf var, çünki reklam sayəsində bir dinamika hiss olunurdu. İndi isə bunların hamısını ləğv edib, yerlilərin əlindən alıb, bir-iki şirkətin monopoliyasına yönəldiblər. Bu, Azərbaycanda reklam işinin inkişafı deyil - əksinə, onun belinin qırılmasıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR