İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əlimdən tutdu, dedi, yorulmuşam...” – Xalq artisti Əminə Yusifqızının son günlərindən danışdı

“Bizi Əminə xanımla təkcə qohumluq əlaqələri deyil, həm də sənət birləşdirirdi. Hər ikimiz mədəniyyəti təmsil edirdik. O, həm də mənim dostum idi. Baxmayaraq ki, aramızda yaşca böyük fərq var idi, hər zaman məsləhət yerim idi. Sirlərimi, sözümü ona deyirdim. Həyatda da, sənətdə də dost olmağı bacarırdıq”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova yaxın qohumu - Azərbaycanın mərhum qiraət ustası Əminə Yusifqızından danışarkən deyib.

Bildirib ki, Əminə xanım onun bibisinin qızı olub:

“Sirdaş idik. Çox ziyalı qadın, gözəl ana və nənə idi. Özünə xanım kimi həmişə hörmət edirdi. Bütün həyatını sənətə, işinə həsr edirdi. Azərbaycanın sevilən, seçilən yazıçılarının şeirlərini ürəklə, sevgi ilə səsləndirib. 89 yaşı var idi, amma heç bir şeiri unutmamışdı, əzbərdən deyə bilirdi.

Ömrünün son 3 ayını özünü yaxşı hiss etmirdi. Yıxılmışdı, ayağında çat var idi, ona görə yeriməkdə çətinlik yaranmışdı. Canının ağrımasına baxmayaraq, onlara gedəndə mənə “Ana” şeirini oxuyurdu. O, öz anasını çox sevirdi. Ömrünün son günləri deyirdi: “mən çox yorulmuşam, anamın yanına getmək istəyirəm”.

Anası ilə dost olublar. Əminə xanımın bir qız övladı, iki nəvəsi və dörd nəticəsi var. Onları çox sevirdi. Ana kimi çox tələbkar, ciddi biri olub. Qızını hər zaman məktəbə, universitetə özü yola salırdı. Nənə kimi isə yumşaq idi. Ümumilikdə çox gözəl xanım idi. Onun anası da belə idi. Evdə belə tərbiyə almışdı. Hər zaman böyük-kiçik yerini bilərdi, hər kəslə hörmətlə davranardı”.

ter-3_jpg.jpg (41 KB)


Təranə Muradova qohumunun hansısa xəstəlikdən əziyyət çəkmədiyini deyib:

”Onun hansısa xəstəliyi olmayıb. Sadəcə olaraq yaşla bağlı qüvvədən düşmüşdü. O istəyirdi ki, xalqın xatirəsində gözəl qalsın. Ona görə də ömrünün son illərində efirlərə çıxmırdı. Ölümünə 4-5 ay qalmış başı fırlanırdı, özünü zəif hiss edirdi, çətinliklə yeriyirdi. Sonuncu ay isə özünü çox pis hiss edirdi və çox az danışırdı. Mən ölümündən 3 gün əvvəl onlara getdim. Əlimdən tutub dedi: “özümü pis hiss edirəm, yorulmuşam, anamın yanına getmək istəyirəm”. Sonra sakit səslə şeir dedi. Yaddaşı hələ də yerində idi”.

Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. Hələ məktəb illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə diqqət çəkib. O, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1958–1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964–1974-cü illərdə isə Azərbaycan Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərib.

Əminə Yusifqızı səhnədə Qulu (“Anacan”, Y. Əzimzadə), Səbirə (“Son məktub”, R. İsmayılov), Humay (“Komsomol poeması”, İ. Coşğun – Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər (“Söz yarası”, Q. Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və digər yaddaqalan obrazları canlandırıb. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Kinostudiyanın nəzdindəki Kinoaktyor Teatr Studiyasında da çalışıb. Dublyaj və səsləndirmə sahəsində geniş fəaliyyət göstərib, bədii qiraət ustası kimi tanınıb.

Əminə Yusifqızı “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və digər filmlərdə, həmçinin televiziya tamaşalarında yaddaqalan rolları ilə tamaşaçı sevgisi qazanıb. Xalq artisti oktyabrın 9-da vəfat edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR