İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin “araşdırmaçı jurnalistləri”nin ifşası

Təsdiq olunur ki, OCCPR-in Azərbaycanla bağlı apardığı “araşdırmalar” yalan məlumatlara əsaslanıb və şantaj məqsədi daşıyıb

OCCPR-in (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) ABŞ-a bağlı olduğu, “jurnalistika” adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etmək üçün istifadə edildiyi bəlli idi. Xarici mediada yayımlanan araşdırmalarda bu fakt çılpaqlığı ilə ortaya çıxdı. “Dropsitenews.com” resursunda “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqalə dərc olunub.

Ryan Grim, Ştefan Candea və Nikolas Leontopoulosun müəllifi olduğu məqalədə OCCPR-in mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramı ifşa edilir. İndiyə qədər OCCPR-in büdcəsi Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dan aldığı vəsait hesabına formalaşdırılıb. Bu araşdırmalar təsdiq edir ki, OCCPR-in Azərbaycanla bağlı apardığı “araşdırmalar” yalan məlumatlara əsaslanıb və şantaj məqsədi daşıyıb. Hədəf Azərbaycana təzyiq etmək və ABŞ-ın maraqlarının təmin edilməsinə nail olmaq olub.    İndiyə qədər Azərbaycan mediasında bununla bağlı araşdırmalar aparılmış və faktlar ortaya çıxmışdı. Ancaq Qərb mediasının özünün apardığı geniş araşdırma həmin faktları bir daha sübuta yetirdi. Ekspertlərə görə,  OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir. Görünən odur ki, erməni lobbisi uzun illər sözügedən təşkilat üzərindən Azərbaycana təzyiq etməyə çalışıb. Həmin prosesdə daxildən olan azərbaycanlı jurnalistlər də olub.

Biz, yeni çağırışlara hazır olmalıyıq” - Fikrət Yusifov

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Qərbin imperiya və müstəmləkə təfəkkürünün dəyişmədiyini vurğuladı: “Qərb özündən kiçik bildiyi ölkələri asılı vəziyyətdə saxlamaq üçün müxtəlif üsullardan istifadə edir. Bu sırada ən yaxşı vasitələrdən biri həmin ölkələrdə yerli mətbuatda öz tərəfdarlarını tapmaq və bu yolla ölkələrə təzyiq göstərməkdir. Azərbaycan da bu sırada istisna deyil. ABŞ və AB artıq illərdir ki, Azərbaycanda müxtəlif media qurumlarını maliyyələşdirərək onlar vasitəsilə ölkəmizə qarşı xüsusi kampaniya aparırlar. Lakin Azərbaycan hökuməti zaman-zaman Qərbin toruna düşüb öz ölkəsinin gerçəklərini bir kənara qoyaraq ona qarşı çıxış edən media qruplarını ifşa edir. 

Qərb maliyyələşdirdiyi xüsusi institutlar vasitəsilə Azərbaycan kimi ölkələrə bu şəkildə təzyiq göstərməklə bu ölkələrdə öz maraqlarını reallaşdırmağa çalışır. Bu şəkildə inkişaf etməkdə olan ölkələrə göstərilən təzyiqlərin XXI əsrdə heç bir faydası yoxdur. Çünki dünya dəyişir. ABŞ və Avropa Birliyi anlamalıdır ki, dünya onların düşündüyü kimi yalnız böyük güclərdən ibarət deyil. Dünya dəyişir və indi öz müstəqilliyinə hörmət edən ölkələr onlara qarşı bu şəkildə törədilən təxribatlara layiqli cavab verməkdən qətiyyən çəkinmirlər. Çox təəssüf ki, qərbin imperiya və müstəmləkə təfəkkürü dünyanın sürətlə dəyişdiyi indiki zamanda yerində sayır və dəyişmək istəmir. Ancaq görünən budur ki, artıq bu təfəkkürün tarixin zibilliyinə atılması zamanı yetişib..."

gunay agamali.jpeg (96 KB)

 Günay Ağamalı

Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalının sözlərinə görə, II Qarabağ müharibəsindən sonra ABŞ-ın Azərbaycana qarşı artan qərəzli siyasətinin şahidi oluruq: “Keçmiş Minsk Qrupunun həmsədri Ermənistanı dəstəkləməklə regionda sabitliyin əldə olunmasına süni əngəllər yaradır. Bununla yanaşı, rəsmi Vaşinqton müxtəlif təzyiq vasitələri ilə, xüsusilə media gücünün imkanları fonunda öz mənfi ritorikasını stimullaşdırır. ABŞ-da fəaliyyət göstərən OCCPR  (Müasir İnsan Hüquqları Müşahidə Şurası) da Azərbaycanla bağlı qərəzli araşdırmalar aparmaqla tanınır. Sözügedən təşkilat Vaşinqtonun xarici siyasət kursunun əsas təzyiq alətlərindən, insan hüquqları, demokratiya, azadlıqlar kimi anlayışlar üzərindən spekulyasiya etməklə ölkələrin daxili işlərinə müdaxilə edir. Ümumiyyətlə, qərəzli araşdırma anlayışı kontekstinə görə dəyişə bilir və hər iki tərəf mütləq şəkildə öz arqumentlərini sübutlarla təqdim etməlidir. Lakin biz müşahidə edirik ki, OCCPR kimi təşkilatlar heç bir sübut göstərmədən, sifariş əsaslı qarayaxma kampaniyası həyata keçirir. Bütün bunlar rəsmi Vaşinqtonun regional maraqlarından qaynaqlanan yanaşmalardır. Təbii ki, dırnaqarası Müşahidə Şurasının riyakar fəaliyyətində erməni lobbisinin də təsiri danılmazdır. ABŞ siyasi dairələrinin və ayrı-ayrı şəxslərin erməni lobbi qruplarından aldıqları qonorarlar bir çox hallarda Vaşinqton tərəfindən Azərbaycanın maraqlarına zidd qərar və bəyanatların səsləndirilməsi ilə nəticələnib. Yaxın keçmişdə Azərbaycan COP29 kimi qlobal əhəmiyyətli mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdi və qlobal müstəvidə fəal siyasi rolunun olduğunu bir daha sübut etdi. Əldə etdiyimiz uğurlar bizə düşmən münasibət bəsləyən dövlətləri və siyasi dairələri narahat edir. Elə bu səbəbdən qarşılaşdığımız qarayaxma kampaniyalarının sayında və kəmiyyətində artım müşahidə olunur. 

Azərbaycanın beynəlxalq arenada milli maraqlarını  qorumaq üçün göstərdiyi diplomatik səy və balanslaşdırılmış xarici siyasət strategiyası Ağ Evin ürəyincə deyil. Görünən odur ki, OCCPR kimi təşkilatların məkrli yanaşmaları son deyil  və davam edəcək. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan güclü və sarsılmaz iradəyə malikdir və cənab Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını bütün sferalarda layiqincə təmsil edir".

Cavanşir ABBASL,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR