İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi azərbaycanlılara dəstək kampaniya xarakterli olmamalıdır”-ŞƏRH

 

“Azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlar. Bu məsələni daim gündəmdə saxlamalıyıq. Ötən əsrin əvvəlindən başlayaraq, təxminən 1 milyon soydaşımız indiki Ermənistan ərazisindən köçürülüb. Sonuncu dəfə 1988-ci ildə təxminən 300 min azərbaycanlı doğma yurdundan qovulub”.

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə ünvanladığı müraciəti şərh edərkən bildirib. O xatırladıb ki, Ə.Vəzirov, A. Mütəllibov başda olmaqla, Azərbaycan rəhbərliyi təəssüf ki, Qərbi azərbaycanlıları köməksiz vəziyyətdə qoydu: “Azərbaycan ərazisində yaşayan ermənilərə həm SSRİ rəhbərliyi səviyyəsində, eyni zamanda ovaxtkı Ermənistan rəhbərliyi səviyyəsində ciddi dəstək nümayiş etdirilib. Onlara həm siyasi, həm hərbi, həm də maddi yardımlar oldu. Nəticə etibarilə Azərbaycanın Qarabağ ətrafı əraziləri işğal edildi. Azərbaycanlılar isə qaçqın düşdülər. O zaman soydaşlarımızın Qarabağda yerləşdirilməsinin qarşısı alındı. Buna şərait yaratsa idilər, bu gün Qarabağ problemi yaranmazdı. O dövrün yanlışlarından biri azərbaycanlıların pasportlarının yığılması idi.  O pasportlarla bağlı məsələ hələ də açıqdır. Bu gün beynəlxalq müstəvidə azərbaycanlıların geri qayıtması üçün məhkəməyə müraciət etmək olardı. O pasportlar azərbaycanlıların indiki Ermənistan ərazisində yaşadığını sübut edirdi”.

A.Əlizadə qeyd etdi ki, Qərbi Azərbaycandan qovulan şəxslərin siyahıya alınması prosesi həyata keçirilir. O hesab edir ki, ölkə başçısı səviyyəsində Qərbi Azərbaycan İcmasının formalaşmasına və davasına dəstək verilirsə, bu, kampaniya xarakterli olmamalıdır: “Davamlı ideoloji xətt aparılmalıdır ki, biz soydaşlarımızın tarixi torpaqlara qayıtmasını təmin edək. Dövlət olaraq bu məsələdə gücümüzü ortaya qoymalıyıq. Beynəlxalq müstəvidə ciddi işlər görülməlidir. Biz də partiya olaraq, ayrı-ayrı fərdlər də kimi bu məsələdə dövlətin yanında olmalı, lazımi dəstəyi verməliyik”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR