Onlayn ictimai-siyasi qəzet
Əziz Ələkbərli: “Qərbi Azərbaycan qaçqınlarının bir hissəsi 1992-ci ildə Azərbaycan hökuməti tərəfindən məhz həmin ərazilərə - Hadrutun, Ağdərənin, Xocalının kəndlərinə köçürülmüşdülər...”
Qərbi Azərbaycandan deportasiya olunmuş 300 minədək azərbaycanlının öz dədə-baba yurdlarına qaytarılması məsələsi dövlətimizin prioritetləri sırasındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin son ayında Qərbi Azərbaycan İcmasının ofisində keçirdiyi görüşdə bir sıra hədəfləri elan etməsinin ardınca Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təsdiqlənməsi, həmçinin qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində bütün istiqamətlərdə aparılan fəaliyyət heç şübhəsiz ki, həmvətənlərimizin təbii haqqına qovuşmasınadək davam etdiriləcək. Ermənistandakı narahatlıqlar da həm də yüz minlərlə azərbaycanlının öz evlərinə qayıdışının baş verəcəyinə görədir. Amma hələ ki qarşı tərəf buna müxtəlif bəhanələrlə müqavimət göstərməkdədir. Azərbaycanın dövlət başçısı dəfələrlə xarici ölkə rəsmiləri ilə danışıqlarda könüllü köç etmiş Qarabağ ermənilərinin qayıdışını önə çəkməyə çalışanlara 1988-89-cu illərdə 300 min azərbaycanlının ən ağır şərtlər altında deportasiya olunduğunu xatırladıb və onların təbii haqqının bərpa olunmasını zəruri saydığını bldirib.
Azərbaycanın Xankəndi şəhərində də bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirimşdi ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. “Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, - Azərbaycan Prezidenti xoş müjdə vermişdi.
Paralel qaydada hesab olunur ki, Xankəndi və digər şəhər və kəndlərin sakinləri ilə yanaşı, qərbi azərbaycanlılar da öz yurdlarına qayıdanadək Xankəndi, həmçinin digər yaşayış məntəqələrində yerləşdirilə bilər. Ancaq digər yanaşma da var. Bugünlərdə İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin təşviqatına start verilib. Namizədlərdən Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Elşad Musayev, Fuad Əliyev, həmçinin Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Tahir Budaqov, Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli dəyirmi masa formatında çıxış edərək öz fikirlərini səsləndiriblər.
Prezidentliyə namizədlərin ilk debatında Elçin Mirzəbəyli bildirib ki, gələcəkdə milli zəmində qarşıdurmaların baş verməməsi üçün ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbaycanda yaşaması istiqamətində rəsmi İrəvan və beynəlxalq tərəfdaşlarla danışıqlar aparılmalıdır. Ermənistanın ötən əsrdə dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiyini, Qərbi Azərbaycan ərazisindən soydaşlarımızı zorakı yolla deportasiya etdiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə indiki şəraitdə ermənilərə etimad göstərməyin qeyri-mümkün olduğunu vurğulayıb. O, bu istiqamətdə bir sıra addımlar atılmasının zəruriliyini dilə gətirib. Bildirib ki, Xankəndidən olan 16 min məcburi köçkünlə yanaşı, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız da öz tarixi torpaqlarına qayıdana qədər Xankəndi şəhərində, eləcə də ermənilərin köçüb getdiyi bir sıra yaşayış məntəqələrində köçürülsünlər.
Sahib Alıyev
İrəli sürülən bu təkliflə bağlı deputat Sahib Alıyev bildirib ki, vaxtilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız yanlışlıqla Qarabağda və ətraf rayonlarda məskunlaşdırılmayıb: “Buna səbəb həmin dövrdə milli hisslərdən uzaq şəxslərin Azərbaycana rəhbərlik etməsi olub. Mənim nəzərimdə mühit itkisi torpaq itkisindən heç də az ağrılı itki deyil. Qərbi Azərbaycanda etnik təmizləməyə uğrayanlar, sadəcə, torpaq itkisi ilə deyil, həm də mühit itkisi ilə üzləşiblər. Əgər söhbət Göyçə mahalından gedərsə, bu, elə bir mühit itkisidir ki, orada Aşıq Ələsgər kimi dühalar yetişib. Eyni zamanda İrəvan ziyalı mühiti, Zəngəzur, Ağbaba, Dərələyəz mühitləri var. Bunlar hər bir xalqın potensialının formalaşmasında çox mühüm rol oynayan dəyər mənbələridir. Ona görə də zamanında o insanlar etnik təmizləmə ilə üzləşərkən Azərbaycana rəhbərlik edən, lakin milli hisslərdən uzaq olan şəxslər həmin insanları o mühit prinsipi ilə Qarabağda məskunlaşdırmalı idilər. Lakin çox təəssüflər olsun ki, bu, baş vermədi”. S.Alıyev Medianews.az-a deyib ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz torpaqlarına, öz yurdlarına qayıtmalıdırlar: “Bir qədər əvvəl qeyd etdiyim o mühitin itməməsi üçün Qarabağda məskunlaşma zamanında baş verməli idi. Bu nöqteyi-nəzərdən mən Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın kompakt şəkildə yerləşdirilməsinə müsbət yanaşıram. Amma məsələ burasındadır ki, Qərbi Azərbaycandan deportasiya olunanlar öz torpaqlarına, öz yurdlarına qayıtmalıdırlar. Bəhs etdiyim o mühiti yenidən tarixi torpaqlarımızda dirçəltməlidirlər. O torpaqlara bağlı olanların ilk növbədə istəkləri bundan ibarətdir. Müzəffər Ali Baş Komandanımızın da vurğuladığı kimi, biz o torpaqlara mütləq qayıdacağıq. Haylarla və ermənilərlə, yəni haylaşmış türklərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Hazırda bir çox ölkələrdə, elə qonşu Gürcüstanda da bir yerdə yaşayırlar. Ümid edirəm ki, o toplum yoluxdurulduqları ultra millətçilik xəstəliyindən xilas olacaq və bu birgəyaşayışın qaçılmazlığını anlayacaqlar”.
Əziz Ələkbərli
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli “Yeni Müsavat”a bildirdi ki, son iki əsr ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılması və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi Qərbi Azərbaycan İcmasının əsas hədəfidir: “Bu hədəfə çatmaq üçün icmanın həyata keçirəcəyi fəaliyyətin əsas məqsəd və prinsiplərini, hazırlıq və icra tədbirlərini ehtiva edən çərçivə sənədi - Qayıdış Konsepsiyası var. Bu, İcmamızın və onun üzvlərinin dəyişməz xəttidir. Lakin bu, o insanların, o cümlədən sonuncu deportasiya - 1987-1991-ci illərdə erməni millətçiləri tərəfindən doğma ocaqlarından qovulmuş Qərbi Azərbaycan qaçqınlarının öz evlərinə qayıdana qədərki fəaliyyətini heç bir halda məhdudlaşdırmır. Hər bir Azərbaycan vətəndaşı kimi, onlar da yaşayış, iş yeri seçimində azaddırlar və bu mənada Qərbi Azərbaycana qayıdana qədər işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur torpaqlarının hər hansı bir kəndində, şəhərində, o cümlədən Xankəndidə yaşamaq istəyində ola bilərlər. Qalan məsələlər isə artıq dövlətin işidir. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərə insanlarımızın qayıdışı ilə bağlı dövlətin müvafiq komissiyası var və bu iş həmin komissiya tərəfindən sistemli şəkildə həyata keçirilir. Mən yenə təkrar edirəm, həmin ərazilərə qərbi azərbaycanlılardan da kimlərinsə köçməsi onların Qərbi Azərbaycana qayıdış istəyindən imtina etməsi kimi başa düşülməməlidir. Şübhə etmirəm ki, bu məsələni səsləndirənlər də məhz belə düşünür. Prezidentliyə namizədlərin ilk debatında E.Mirzəbəyli də elə belə deyib: "Xankəndidən olan 16 min məcburi köçkünlə yanaşı, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız da öz tarixi torpaqlarına qayıdana qədər Xankəndi şəhərinə, eləcə də ermənilərin köçüb getdiyi bir sıra yaşayış məntəqələrinə köçürülsünlər"". Ə.Ələkbərli onu da xatırlatdı ki, Qərbi Azərbaycan qaçqınlarının bir hissəsi 1992-ci ildə Azərbaycan hökuməti tərəfindən məhz həmin ərazilərə - Hadrutun, Ağdərənin, Xocalının kəndlərinə köçürülmüşdülər, həm də müharibənin getdiyi vaxt, təhlükəsizlikləri təmin olunmadan və bir müddət o kəndlərdə yaşadıqdan sonra ermənilər tərəfindən oradan da qovulmuş və qaçqın talelərinə bir də məcburi köçkün taleyi yazılmışdı: “Bu mənada da onların həmin kəndlərə qayıtmaq istəyi başa düşüləndir. Bugünlərdə cənab Prezident də çıxışında qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərə tək qarabağlılar yox, digər bölgələrin insanları da köçə bilər”.
Qafar Çaxmaqlı
Əslən Qərbi Azərbaycanın Amasiya (Ağbaba və Şörəyil mahallarını əhatə edir. Əhalinin 95 faizi Azərabycan türklərindən ibarət olub-red.) rayonunun Çaxmaq kəndindən olan professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçklərlə bağlı keçirilən debatlar da bir müzakirədir və həm Qarabağın ermənilərdən boşalan məntəqələrinə, həm də Qərbi Azərbaycana qayıdışla bağlı məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır: “Həm də prezidentliyə namizədlərin dilindən səsləndirilən fikirləri yalnız daxili auditoriya dinləmir. Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə geri dönüşü ilə bağlı Azərbaycan dövlətinin artıq bəlli siyasəti var və bu əhalinin beynəlxalq haqlarının təmin olunması istiqamətində konseptual əsaslara söykənən bir siyasətdir. Belə olan halda bu əhalinin Qarabağa köçürülməsi bizi əsas hədəfdən yayındırmazmı?” Q.Çaxmaqlı digər məqama da toxundu: “Ayrıca Qərbi Azərbaycandan olan əhali öz kəndinə, şəhərinə qayıtmaq istəyir, onun indiki halda məskunlaşma dərdi yoxdur. Məsələn, Xızıdan, Mehdiabaddan və yaxud başqa bir yerdən bu əhalinin çıxarılıb Qarabağda yerləşdirilməsi bizə nə verər? Belə ola bilər ki, Qərbi Azərbaycan kökənli hər hansı vətəndaş digər Azərbaycan vətəndaşları kimi Qarabağın hər hansı yerində köçüb yaşaya bilər və bu haqq bütün əhalimizə aiddir. Son müsahibəsində Prezident İlham Əliyev də bunu dilə gətirdi. Məncə, Qarabağın hər hansı bir yerində məskunlaşmanı Qərbi Azərbaycan faktoru ilə əlaqələndirmək yanlışdır və siyasi olaraq da düzgün addım deyil...”
Q.Çaxmaqlı onu da qeyd etdi ki, ona seçim imkanı təklif edilsə, Xankəndinə yox, Qərbi Azərbaycana qayıtmaq istəyər: “Bu işi o biri işə qarışdırmaq düzgün deyil”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ