Onlayn ictimai-siyasi qəzet
Xatırlatmaqda fayda var: tarixi Azərbaycan torpaqlarının bir hissəsindən, hazırki Ermənistan ərazisindən bir neçə dəfə kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların, həmçinin onların varislərinin ictimai-mədəni birliyinə nail olunmaqdan ötrü yaradılmış birlikdir. İcma 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir və 2022-ci ilin avqustundan etibarən yeni adla fəaliyyət göstərir.
Qərbi Azərbaycan İcmasının vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və “Qarabağa dönüş” təşkilatının - keçmiş Dağlıq Qarabağın Azərbaycanlı İcması – ofisində yerləşməsinin də rəmzi mənası var.
Möhtərəm Prezident İlham Əliyev 24 dekabr 2022-ci ildə, özünün doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərkən belə demişdi: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
Müzəffər Ali Baş Komandanın Qarabağ və Şərqi Zəngəzur Zəfərindən iki il sonra Qərbi azərbaycanlılarla bağlı inamla belə bir xoş müjdəni dilə gətirməsi Azərbaycan vətəndaşı olaraq hər birimizi yeni hədəflərə səfərbər edib. 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın qüdrətli ordumuzun şücaəti ilə işğaldan azad edilməsindən dərhal sonra quruculuq işləri yüksək sürətlə həyata keçirilir, tikilən evlərə artıq 40 mindən artıq vətəndaşımız köçürülüb və yaxın illərdə bu sayın 140 min nəfərə çatdırılması planlaşdırılır. Qarabağdan və Şərqi Zəngəzurdan didərgin salınmış insanlarımızın Böyük Qayıdışı davam edir və bu, hər birimizi qürurlandırır. Paralel şəkildə dövlətimiz 1988-89-cu illərdə Qərbi Azərbaycandan deportasiya edilmiş 300 mindən artıq azərbaycanlının və onların varislərinin dədə-baba yurdlarına ləyaqətli qayıdışını təmin etməkdən ötrü konkret hədəflərini elan edib. Xüsusilə qeyd etmək lazımdır ki, bu, artıq bir icma, təşkilat statusunda olan məsələ deyil, dövlətimizin strateji hədəflərinə, ideoloji xəttinə, xalqımızın bir ordu olaraq düzləndiyi müqəddəs ünvanları kateqoriyasına aid ali məram-məqsəddir. Əks təqdirdə, elə Qərbi Azərbaycan İcması ilə yarandığı zaman olduğu kimi cəmiyyət statusunda, vətəndaş cəmiyyəti təşkilatı olaraq fəaliyyətinə davam edər, sıradan Qeyri Hökuməti Təşkilatı olaraq qalardı.
Cənab Prezidentin Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərkən konkret tapşırıqlarla çıxış etməsi, İcmanın qarşısında hədəflər qoyması, faktiki olaraq Qərbi Azərbaycanla bağlı Yol Xəritəsini açıqlaması tarixi ədalətin bərqərar olması istiqamətində mühüm hadisədir. Təsadüfi deyil ki, məhz həmin görüşdən sonra indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI qəbul edildi. 2024-cü ilin oktyabrında Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması, Qərbi Azərbaycan İcmasının Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etməsi də dövlətimizin bu məsələyə nə qədər həssas yanaşmasının bariz nümunəsidir.
Azərbaycan Respublikası Qərbi azərbaycanlıların öz evlərinə ləyaqətli qayıdışını tələb etməklə beynəlxalq hüquqa istinad edir, bu mənada Ermənistanın fakt qarşısında qalması da aydın görünür. Düzdür, Ermənistan rəhbərliyi vaxtaşırı bu mövzunu yanlış səmtə çəkməyə və yüz minlərlə azərbaycanlının pozulan hüquqlarının bərpasından imtina etməyə çalışır. Amma Prezident İlham Əliyevin sözünün imzası qədər etibarlı olduğunu, həmçinin irəli sürdüyü şərtlərin icrasının labüdlüyünü hətta düşmən də yaxşı anlayır, bu mənada Qərbi azərbaycanlıların Böyük Qayıdışına şübhəmiz yoxdur. Bununla belə, arxayınlaşmaq olmaz, bu istiqamətdə hər kəs əlindən gələn köməyi əsirgəməməlidir. Özü də söhbət təkcə əslən Qərbi Azərbaycandan olan şəxslərdən söhbət getmir, burada nəinki Azərbaycan Respublikasının vətəndaşları, həmçinin bütün dünya azərbaycanlıları, o cümlədən Türk Dövlətlər Təşkilatının üzvləri də Qərbi Azərbaycanın əsl sahiblərinin haqqının tanınmasına, ləyaqətli qayıdışına dəstək verməli, beynəlxalq səviyyədə töhfələrini verməlidirlər. Artıq Qərbi Azərbaycan məsələsi Azərbaycanın sərhədlərini xeyli aşıb və beynəlxalq müstəviyə çıxıb. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı BMT müstəvisində sənədlərin yayılması, elə ötən ay Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın keçirilməsi və digər addımlar bu mövzunun artıq beynəlxalq status qazandığını deməyə imkan yaradır. Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikası ərazisində Gəncə, Sumqayıt və Goranboy-Naftalan nümayəndəlikləri yaradılıb. Eyni zamanda Azərbaycandan kənarda Niderlandda nümayəndəlik təsis edilib. Qardaş Türkiyədə isə 2024-cü ildə, Dr. Asif Kurbanın rəhbərliyi ilə nümayəndəlik yaradılıb. Qərbi Azərbaycanlılar hazırda Nikol Paşinyandan görüş təklifinə cavab gözləyirlər. Artıq ox yaydan çıxıb...3 oktyabr 2023-cü ildə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi və icmaya daxil olan azərbaycanlılarla görüş keçirib. 5 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə görüşüb. Siyahını artırmaq da olar. Kimsə irad tuta bilərmi ki, niyə bu mövzu sərhədləri aşır? Gülünc görünər təbii ki...
Milli Məclisdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə xarici ölkələrin parlamentarları belə, Qərbi Azərbaycana ləyaqətli qayıdışın zəruriliyini tribunadan dilə gətirirsə, demək, Azərbaycan dövləti növbəti ali hədəfinə doğru inamla irəliləməkdədir. Qərbi Azərbaycandan son olaraq deportasiya edilən 300 min nəfər azərbaycanlının 170 kənddə kompakt yaşamasını, həmçinin Ermənistanın 90-a yaxın kəndində əksəriyyət təşkil etmələrini, həmçinin soydaşlarımızın məlum, hazırda “kadastr sənədi olmayan” ölkənin 300-dən çox şəhər və kəndlərində yaşadıqlarını dövlət başçımız da qeyd etmişdi. Ölkə rəhbərinin dediyi kimi, bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş verib və sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qalıb. Azərbaycanlıların geriqayıdış hüququ tanınmalıdır və Ermənistanla sülh imzalanacaqsa, sənədin taleyi həm də bu haqqın tanınmasından asılı ola bilər.
Bir sıra hallarda Qərbi Azərbaycan İcmasına Qərbi Azərbaycanla kök bağlılığı olmayan şəxslərin üzlüyə qəbul edilməsi təəccüblə qarşılanır və yumşaq ifadə etsək, yersiz şərhlərlə rastlaşırıq. Çox absurd və əcaib, həm də dövlətin, xalqın elan olunan hədəflərinə, milli ideologiyamıza xələl gətirən, eyni zamanda əleyhdarlarımızın əlinə işləyən iddialardır. Eyni zamanda bu kimi qərəzli yanaşmalar bölücülüyə xidmət edir. Məgər Qarabağ, Şərqi Zəngəzur torpaqları işğalda olarkən o mövzudan bəhs edənlərə, torpaqlarımızı azad etmək üçün əlindən gələni etməyə çalışanlara hansısa qadağalar, sərhədlərmi qoyulmuşdu? “Hamımız qarabağlıyıq”, demirdikmi? “Şuşasız Azərbaycan ola bilməz”, andına sadiqliyimiz, milli birliyimiz bizə Böyük Zəfəri qazandırmadımı? İndi necə demək olar ki, Qərbi Azərbaycan məsələsi ancaq Qərbi azərbaycanlılara məxsusdur və deportasiyaya məruz qalmayan azərbaycanlılar “gedib öz işi ilə məşğul olmalıdır?” Bu barədə düşünməyin özü belə, yanlışdır, zərərlidir, millətin ruhunda çat yaratmağa yönəlik qəsddir. Olmaz! Qərbi Azərbaycan hamımızındır, o mənada Qərbi Azərbaycana istisna hal kimi əslən Qərbi Azərbaycandan olmayan, amma on illər boyunca Qarabağ və Qərbi Zəngəzur həqiqətlərini dilə gətirən, yazan, araşdıran şəxslərin bir neçəsinə üzvlük vəsiqəsinin verilməsi də rəmzi məna daşıyır, birliyimizi simvolizə edən müsbət qərardır. Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan mövzusu kimlər üçünsə şəxsi mənafe, mənsəb, məqsəd obyekti ola bilməz, bu, müqəddəs ali hədəfdir, milli ideologiyamızın prioritet istiqaməti, ünvanıdır. O mənada kimlərsə narahat olmasın, inşallah Qərbi Azərbaycana qayıdacaq hər bir azərbaycanlının evi elə bizim hər birimizin üzünə açıq olacaq!
Bir daha qeyd etməkdə fayda var: Qərbi Azərbaycan İcmasının nə Nizamnaməsində, nə Qayıdış Konsepsiyasında hansısa regional faktor yer almır və məhdudiyyətlər nəzərdə tutulmayıb. Bu, ali hədəfdir, Qarabağ kimi, Şərqi Zəngəzur kimi! Amma cənab Prezident bəyan edib ki, biz o torpaqlara tanklarla deyil, avtomobillərlə qayıdacağıq! Tarixi mənbələr, arxiv sənədləri, son on illiklərin faktları, audio-video sənədləri Azərbaycanın haqq işinə tutarlı sübutlardır! Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 1993-cü ilin 23 iyulunda, “Yerkrapa” terrorçu təşkilatının üzvləri ilə qapalı toplantıda – o kadrlar bir neçə ay əvvəl yayıldı - nə demişdi? O, ermənilərin Azərbaycan türklərinə, azərbaycanlılara qarşı apardığı etnik təmizləməyə haqq qazandırmışdı, ermənilərin azərbaycanlılara qarşı beş ildə iki dəfə soyqırımı etdiklərini etiraf etmişdi. Sitat: “Ermənistan və Dağlıq Qarabağ 600 illik problemi (?!-red.) yadlardan (azərbaycanlıları nəzərdə tutur-red. ) tamamilə təmizləyərək həll etdi. Bu gün Ermənistanda, 1988-ci ildə olduğu kimi, 180 min digər millətlərin nümayəndələri olsaydı, bizim dövlətimiz olmazdı. Onda biz şimal və şərq rayonlarımızı, Sevan bölgəsini (Göyçə-red.) müdafiə edə bilməzdik. Xatırlayırsız, üç rayonda- Vardenis (əsl adı Basarkeçər-red.), Masis (Zəngibasar-red.) və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdi. Onlar Zəngəzurda da böyük çoxluqda idilər. Bu problemi bizim “Miatsum” (“Birlik”) hərəkatımız həll etdi. Bunlar göydən düşməyib”.
Bu cinayətləri, Qərbi Azərbaycan əhalisinə tutulan divanları uzun müddət özünü “sülhpərvər” cildində təqdim edən Ter-Petrosyan özü belə etiraf edib. Ermənilərin əllərində özlərinə qarşı belə faktlar olsaydı, sakit oturardılarmı? Qətiyyən. İndi nə deyirsiniz, bu dəfə də baş verənlərin üstündən keçək, susaq və “bu məsələ Qərbi azərbaycanlılarındır, özləri məşğul olsun”, deyək? Qarabağlı bacı-qardaşlarımız kimi, Qərbi azərbaycanlılar da tarixin sərt sınaqlarına, erməni vandalizminin dəhşətlərinə məruz qalıblar, deyirsiniz yəni onların haqqının təmin olunmasında Qərbi Azərbaycan kökənli olmadığımız (?!) üçün iştirak etməyək? Ayıbdır, belə iddiaların nəinki dilə gətirilməsi, hətta bu haqda düşünmək belə!
Qərbi Azərbaycan hamımızındır, Bütöv Azərbaycanın düşmən ayaqları altında inləyən bir parçası olaraq, onun səsinə səs vermək, “Hamımız Qərbi Azərbaycanlıyıq!” amalı birgə addımlamaq hamımızın borcudur. Bilirsinizmi, Qərbi Azərbaycan məsələsi nə qədər böyük məsələdir?! Tarixi fürsət yaranıb, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti nəticəsində: Qərbi Azərbaycana ləyaqətli qayıdışa nail olmağımız Qarabağda, Şərqi Zəngəzurdakı qələbələrimizin də təhlükəsizliyi demək olacaq, Ermənistan rəhbərliyi Qərbi Azərbaycana qayıdan yüz minlərin etirazından çəkinərək bir daha Naxçıvana, Qarabağa, digər ərazilərə “dil” uzatmağa cürət etməyəcək! Qərbi azərbaycanlıların qayıdışı avtomatik olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında əbədi bağlılığın təmin olunması, Göyçə gölünə, Aşıq Ələsgər elinə, Vediabasara, İrəvandakı Göy məscidə, Təpəbaşı məhəlləsinə, yer üzündən silinmiş 600-dək qəbristanlıqlarda uyuyan doğma ruhların nigaranlığının aradan qalxmasına nail olmaq deməkdir! Bu, sıradan məsələ deyil!
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcmasının Fəxri üzvləri da var. Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014–2023), deputat Mövlud Çavuşoğlu, İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli S\rdari İrəvani, Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott, Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev, Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal, Economyfirst Limited London" şirkətinin direktoru, jurnalist Klaus Peter Ralf Yürgens, İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris — Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Çabert və sair. Coğrafiyanı və milli mənsubiyyəti nəzərə alaraq bir daha əminliklə qeyd edirik ki, Qərbi Azərbaycan məsələsi sərhəd tanımır. Ali maraqlar, dövlət mənafeyi, xalqın təbii haqqı olan yerdə məişət mövzusuna yer olmamalıdır!
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ