İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Tehrana xəbərdarlıq: Putinə dəstəyi və həbsləri dayandırmasa...

Avropa İttifaqı molla rejimindən Rusiyaya hərbi dəstəyin və ölkədə repressiyaların dərhal dayandırılmasını tələb edib; Böyük Britaniya İrana qarşı daha böyük təzyiq olacağını açıqladı

İranın başı üzərində “qara buludlar” daha da sıxlaşmaqdadır. Bütün cinahlar üzrə sıxışdırılan, yanlış siyasəti ilə özünü uçuruma yuvarlayan molla rejiminə Avropadan daha bir təpki gəlib. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İran xarici işlər naziri ilə görüşdə Tehranın Rusiyaya hərbi dəstəyinin dayandırılması barədə xəbərdarlıq edib. Borrel tvitter hesabında yazıb: “İran-Avropa İttifaqı münasibətlərinin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə İordaniyada zəruri görüşümüz oldu. Rusiyaya hərbi dəstəyin və İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladım. Biz kommunikasiya kanallarını açıq saxlamaq və Vyana danışıqları əsasında Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı razılaşdıq”.

Bu arada İranda daxili vəziyyət daha da gərginləşib. Etirazçı qüvvələr dekabrın 20-də daha mütəşəkkil formada nümayişlərə start veriblər, böyük toqquşmalar qeydə alınıb. Böyük Britaniyanın baş naziri Rişi Sunak dekabrın 20-də deyib ki, Britaniya hökuməti İranın düşmənçilik fəaliyyətinin qarşısını almaq üçün daha çox vaxt sərf edəcək. Rişi Sunak İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə bildirib ki, o, Tehran hökumətinin iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozan digər hərəkətlərindən get-gedə daha çox narahatlıq hiss edir. Böyük Britaniyanın baş naziri İranda davam edən etirazlarla bağlı suala cavab olaraq deyib ki, “İrandakı etirazlardan aldığımız mesaj çox aydındır, İran xalqı hökumətdən razı deyil. Biz isə İran xalqının yanındayıq”. Sunak daha sonra Tehran hökumətinin İrandakı etirazçıları susdurmaq davranışını iyrənc adlandırıb: “Rusiya və Ukrayna yeni ildə bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, mən İranın davranışından getdikcə daha çox narahat oluram” - baş nazir belə deyib. Bəs Aİ-nin xəbərdarlığından dərhal sonra Tehranda proseslərin genişlənməsi təsadüfdürmü?

İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir. İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd  və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlarda “Kürdüstandan Tehrana qədər canımız İrana fəda olsun!”, “Kürdüstan tək deyil, İran onu dəstəkləyir!”, “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xameneyi qatildir, rəhbərliyi batildir!” və digər şüarlar səsləndirilib. İranda fəallar dekabrın 19, 20 və 21-də xalqı üç günlük etiraz aksiyalarına qatılmağa çağırıb. Bu səbəbdən gecə saatlarında yüzlərlə insan İranın küçələrinə çıxıb. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib.

Siyasi ekspert Ramiyə Məmmədova İranı yeni sanksiyalar gözlədiyini hesab edir. Onun sözlərinə görə, Tehran rejimi Ukraynada gedən müharibə fürsətini dəyərləndirib Avropadan gələn təzyiqlərin yumşaldılmasına nail ola bilərdi. Siyasi təhlilçinin fikrincə, İran neft-qazının Qərbə nəqlini təşkil etmək üçün Tehran Avropa İttifaqı ilə münasibətləri loyallaşdırmalı idi: “Rus qazından asılılığı azaltmaq üçün Avropa alternativ bazarlar tapır. Bu gün Türkmənistan və Azərbaycan bu mənada böyük rola malikdir. İran da oxşar addımları ata bilərdi, amma Tehran işğalçını, şəri dəstəkləməyi seçdi. Hazırda "Şahid 136" dronlarını verdiyi üçün istehsalçı şirkətə sanksiyalar tətbiq olunub. Bunun davamı gələcək və Borrelin xəbərdarlığı da məhz sanksiyalarla əlaqədardır. Ancaq mollakratiyanın ağlı rus ordusunu dəstəkləmək qədər kəsdi, özlərini münaqişədə tərəf etdilər, nəticədə Rusiya ilə eyni səviyyədə hədəfə çıxdılar".

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova 

Ekspert İranda etirazların səngiməsini də gözləmir: “Sistan-Bəlucistan bölgəsindən Azərbaycan şəhərlərinə qədər İran alovun içindədir. Rejimin ana sütunları dağıdılır, toxunulmaz elan edilən şəxslərin banerləri sökülür, yandırılır. Üç aydır ki, nümayişlər davam edir, qətllər, kütləvi həbslər də xalqı qorxutmur. ABŞ, Britaniya, Kanada və digər ölkələrdən gələn dəstək bəyanatları da insanları ruhlandırır. İndi də Borrelin həbsləri dayandırmağa və ruslara dəstəyə son qoymağa çağırışı xalqda müəyyən gözləntilər yaradıb ki, Avropa Birliyi daha sərt tədbirlərə əl atacaq. Faktiki olaraq, gözümüzün qarşısında şimal və cənub qonşularımızda rejimlərin çökdürülməsi prosesi gedir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR