Onlayn ictimai-siyasi qəzet
AŞ PA və Avropa Birliyi parlament seçkilərinə sayılı günlər qaldığı vaxtda ittihamların dozasını artırıb - XİN və siyasətçilər tənqidlərə reaksiya verdilər
Almaniya parlamentinin üzvü, anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe "AzadlıqRadiosu"na müsahibəsi zamanı yenidən ölkəmizi hədəf alıb, rəsmi Bakını Avropa Şurasında üzvlükdə maraqlı olmamaqda ittiham edib. O, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq qalmamaqda günahlandırıb.
Buna misal olaraq Avropa Şurası Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasını göstərib və bu qərarı pisləyib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib. “Yeni Müsavat” yada salır ki, yanvarın 24-də AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ölkənin Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkisinə assambleyaya müşahidəçilər dəvət etməməsi səbəbindən 1 il müddətinə təsdiq etməyib.
Eyni vaxtda, Avropa İttifaqından Bakıya tənqidlər səslənib. Aİ-nin xarici məsələlər üzrə nümayəndəsi Piter Stano “Politico” nəşri ilə söhbətində bildirib ki, Brüssel “Cənubi Qafqazda sülhün tərəfdarı olan gənc alim”, Praqada Karlov Universitetinin doktorantı Bəhruz Səmədovun işini “narahatlıqla” izləyir. Stano “Aİ-nin rəsmi Bakını fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə və saxlanılanların hüquqlarını təmin etməyə çağırıb”. B.Səmədov vətənə xəyanət ittihamı ilə tutulub, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə həm Şvabenin, həm Aİ rəsmisinin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib. “İlk növbədə qeyd etmək istərdim ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir”, - deyə XİN rəsmisi bildirib.
A.Hacızadə deyib ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir: “Azərbaycan-Rusiya münasibətlərindən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞ PA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın "Qazprom" şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi. Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir".
Aİ rəsmisinin ittihamlarına gəlincə, XİN rəsmisi deyib ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır: “Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq. Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğu barədə fikirlər kökündən yanlışdır və qəbuledilməzdir”.
XİN rəsmisi deyib ki, dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır: “Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir, məhkəmə hakimiyyətinə müdaxilə cəhdidir və Avropa İttifaqının təbliğ etdiyi dəyərlərə ziddir”. Ekspertlər parlament seçkilərinə sayılı günlər qaldığı vaxtda Azərbaycana çarpaz hücumları təsadifi hesab etmirlər. Bunu həm seçkilər, həm də COP29 ərəfəsində Azərbaycana siyasi təzyiqlər kimi dəyərləndiriblər.
Arzuxan Əlizadə
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, qarşıdan gələn bazar günü parlament seçkiləri keçiriləcək və bu hadisə dünyanın diqqət mərkəzindədir. Partiya sədri vurğuladı ki, Şvabe seçkilərlə əlaqədar belə hərəkətlənib. “Əslində bəhanə gətirir. Çünki Şvabe ilk dəfə deyil ki, Azərbaycana düşmənçilik edir. O, ölkəmizdə arzuolunmaz şəxsdir və bizə böhtanlar yağdırması ilə tanınan biridir. Halbuki ATƏT-in seçki müşahidəçiləri buradadır. Həm uzunmüddətli müşahidəçilər fəaliyyət göstərir, həm qısamüddətli müşahidəçilər gələcək. AŞ PA isə Azərbaycan haqsızlıq edib, səsvermə mandatımızı əlimizdən alıb, belə olan halda, bizdən müşahidəçi kimi dəvət gözləmələri absurddur”. A.Əlizadə eyni zamanda Bakıda COP29 konfransı keçiriləcəyi üçün Azərbaycanın gözdən salınması kampaniyası aparıldığını açıqladı: “Məqsəd Bakını ittihamlarla gündəmə gətirməkdir. Həbslərə gəlincə, bu daxili məsələdir və hazırda istintaq davam edir. Cinayət işi açılması, istintaq hərəkətləri aparılması qanunvericilik çərçivəsində tənzimlənir. Avropa İttifaqı və AŞ PA qərəzli bəyanatları ilə Azərbaycan haqda mənfi rəy yaratmaq istəyindədir, amma buna nail ola bilməyəcəklər”.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə dedi ki, Azərbaycan bütün tərəflərlə konstruktiv münasibət və xoş dialoq mühiti qurmağa çalışır. Partiya sədri əlavə etdi ki, Qərb institutları ilə əməkdaşlıq istiqamətində də mühüm addımlar atılır: “Amma onlar heç zaman bizə münasibətdə ədalətli olmayıblar. Qərb institutlarına lazım olanda "Azərbaycan demokratiyaya doğru bir addım irəliləyir" hesabatları təqdim edirlər, lazım olmayanda bizi çıxdaş etməyə çalışır, təzyiq göstərməyə, qərəzli mövqe sərgiləməyə başlayırlar. Həmçinin torpaqlarımız işğal altında olanda Qərbdən obyektiv yanaşma olmadı. Yəni nə Qarabağın işğalı faktına, nə ölkənin ictimai-siyasi vəziyyətinə dair Avropa Şurasının, Avropa İttifaqının birmənalı obyektiv rəyi olmayıb”.
E.Musayevin sözlərinə görə, Azərbaycan Aİ ilə yaxşı əlaqələrə malikdir, 9 ölkəsi ilə tərəfdaşlıq var, Bakı qazının “qoca qitə”yə nəqli ilə bağlı qurumun Avropa Komissiyası ilə strateji sənəd imzalanıb, hətta Rusiya ilə yüksək səviyyədə olan əlaqələrlə bərabər, Azərbaycan Ukraynaya humanitar yardım göstərir, amma yenə də Qərb bizdən ya narazıdır, ya da qərəzlidir: “Ümumiyyətlə, ikiüzlü bir siyasətlə üzləşməkdəyik. Azərbaycan beş barmağının beşini də bal edib Qərb təsisatlarının gözünə soxa, yenə də Şvabe kimilər nifrətini, qərəzini göstərəcəklər. Bu da bir yandan xristian təəssübkeşliyindən irəli gəlir, digər tərəfdən isə Azərbaycanda gərginlik yaratmaq niyyətindən qaynaqlanır. Ona görə bu ritorikada, təxribat xarakterli bəyanatlar səslənir. Biz öz işimizi görməliyik, diplomatiyamız düzgün siyasət aparır və Qərb təşkilatlarının da içüzü hamıya bəllidir. Şvabe kimi rüşvətxorlar, erməni əlinə baxanlar bizə dərs öyrədə bilməzlər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ