Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının davam etməsi artıq birbaşa Rusiyanın gələcək taleyini də təhdid etməyə başlayıb. Son vaxtlar Kremlin sülh anlaşması barədə daha tez-tez danışmasının əsas səbəbi də məhz bundan qaynaqlanır. Hər halda, Rusiya siyasi dairələri Ukrayna savaşından çıxmaq istəklərini gizlətməkdə belə, çətinlik çəkirlər. Hətta prezident Vladimir Putin son vaxtlar artıq bir neçə dəfə Ukrayna savaşını ən qısa zamanda dayandırmağa nail olacağını vəd etmiş Ağ Evin yeni sahibi Donald Trampla görüşməyə hazır olduğunu bildirib. Və prezident Donald Trampın öz səlahiyyətlərinin icrasına hələ başlandığını nəzərə aldıqda, Kremlin olduqca tələsdiyini də düşünmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, Kremli belə tez-tələsik "sülh pəncərəsi" axtarmasının kifayət qədər ciddi səbəbləri mövcuddur. Rusiyanın müvəqqəti də olsa, "nəfəsliyə" ehtiyac duyduğu artıq inkaredilməz reallıqdır. Çünki Rusiya Ukrayna savaşının davam etdiyi hər gün daha da zəifləyir. Bu nəhəng dövlətin ötən əsrin əvvəlinə qaytarılmaqda olduğu qətiyyən şübhə doğurmur. Və müasir dünya şərtləri həmin tarixi proseslərin təkrarlanması durumunda Rusiyanın parçalanma təhlükəsinin mövcudluğuna işarə edir.
Məsələ ondadır ki, dünya hegemonluğu iddiasında olan imperialist Rusiya demək olar, çöküş mərhələsinə keçid etmək üzrədir. Belə ki, Rusiyanın iqtisadiyyatı artıq Ukrayna savaşının ağır yükünə tab gətirməkdə çətinlik çəkir. Hətta bəzi Qərb hərbi-siyasi analitik təhlil mərkəzləri Rusiyanın 2027-ci ilə qədər savaş potensialını böyük ölçüdə itirəcəyinə və bundan sonra dərin daxili sosial-iqtisadi böhrana düçar olacağını iddia edirlər. Və bu baxımdan, Ağ Evin yeni sahibi Donald Trampa Rusiyanı "savaş bataqlığı"ndan xilas edəcək addımlardan çəkinməyi məsləhət görürlər.
Qərb ölkələrinin iqtisadi sanksiyaları Avropa Birliyi məkanını da sarsıdıcı zərbələrə məruz qoysa da, Rusiyanın maliyyə bazarlarına və müasir texnologiyalara çıxışını qapadıb, ixrac imkanlarını böyük ölçüdə məhdudlaşdırıb. Sanksiyaların davamlı xarakter daşıması Rusiya iqtisadiyyatını ciddi şəkildə zəiflədib. Rusiya iqtisadiyyatı əsasən enerji resursları ixracından asılı olduğundan uzaqlaşmağa başlayıb. Və son vaxtlar daxili inflyasiyanın güclənməyə meyllənməsi Rusiya yeni təhdidlərə məruz qoyur.
Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ukrayna savaşını nə qədər davam etdirə biləcəyinin bir sıra iqtisadi, hərbi-siyasi və beynəlxalq faktorlarla bağlı olduğu qətiyyən şübhə doğurmur. Rusiyanın müdafiə sənayesini hazırda əsasən daxili istehsal və bəzi ölkələrin (İran, Şimali Koreya və s.) yardımları dəstəkləyir. Bununla belə, Rusiyanın ciddi ehtiyac duyduğu yüksək texnologiyalı silahların istehsalı sanksiyalar səbəbindən çətinləşib.
Rusiya geniş səfərbərlik imkanlarına malik olsa da, çoxsaylı canlı qüvvə itkiləri ucbatından uzunmüddətli perspektivdə rus əsgərlərinin həm sayında, həm də döyüş hazırlığı məsələsində olduqca ciddi problemlər qaçılmazdır. Silah-sursat tükəndikcə, onların istehsalı və ordunun hərbi təchizatı daha çətinləşir. Əgər, müharibə uzanarsa, bu, Rusiya ordusunun savaş potensialını daha da zəiflədə bilər. Və təhlükənin Kremldə ciddi narahatlıq doğurduğu artıq açıq-aşkar müşahidə olunur.
Digər tərəfdən, Rusiyanın genişmiqyaslı müttəfiq düşərgəsi ilə əhatə olunduğunu da iddia etmək mümkün deyil. Belə ki, hazırda İran və Şimali Koreya Rusiyaya silah və hərbi texnika ilə dəstək verir. Həmin ölkələrin hərbi potensialı da tükənməz olmadığından, bu yardımlar yaxın və orta perspektivdə Rusiyanın hərbi ehtiyaclarını ödəyə bilər. Və əgər, kollektiv Qərb Ukraynaya daha intensiv hərbi dəstək verərsə, bu, Rusiyanın müqavimət potensialını tamamilə tükədə bilər.
Təbii ki, Ukrayna savaşının davam etməsi Rusiyada ölkədaxili sabitliyi də təhdid edir. Belə ki, savaşın davam etməsinə paralel olaraq, əhalinin həyat şəraitinin ciddi şəkildə aşağı düşməsi Rusiya cəmiyyətində narazılığı artırır. Xüsusilə də, səfərbərlik və iqtisadi neqativlərin orta və uzunmüddətli perspektivdə kütləvi etiraz dalğasını gücləndirə biləcəyi qətiyyən istisna deyil. Və əgər, Ukrayna savaşına paralel olaraq, Rusiya iqtisadiyyatının çöküşü sosial dözümsüzlüyü gücləndirərsə, Kremlin tezliklə ciddi daxili problemlərlə baş-başa qalma ehtimalı aktual olacaq.
Nəhayət, Rusiyanın olduqca ciddi müttəfiq problemi ilə üzləşdiyi də inkaredilməz reallıqdır. Çünki Kreml ənənəvi müttəfiqlərindən indiyə qədər istədiyi dəstəyi almağa nail ola bilməyib. Üstəlik, potensial müttəfiqlərin də tədricən Rusiyadan uzaq durmağa üstünlük verdikləri müşahidə olunur. Bu baxımdan, Qərbin təzyiqləri daha da güclənəcəyi təqdirdə, Rusiyaya indiyə qədər müxtəlif istiqamətlərdə dəstək vermiş ölkələr Kremldən məsafə saxlamaq məcburiyyətində qala bilərlər. Və bu, o deməkdir ki, Rusiyanın digər ağır problemlərinə müttəfiq böhranının əlavə olunmaq ehtimalı da artmağa başlayıb.
Bütün bunlardan belə anlaşılır ki, Rusiyanın hərbi potensialı hələ bir müddət də duruş gətirmək ehtimalı yaratsa da, savaşın intensivliyi, kollektiv Qərbin Ukraynaya dəstəyinin artırılması və daxili problemlər (iqtisadi zəifləmə və ictimai narazılıq) Kreml üçün çöküş mərhələsini daha sürətlə yaxınlaşdıra da bilər. Hadisələrin belə inkişafı Rusiya üçün əsl fəlakət ssenarisi hesab olunur. Və kollektiv Qərbin Ukraynaya hərbi dəstəyinin daha prinsipial xarakter alacağı təqdirdə, savaşın uzanması Rusiya üçün təxmin edildiyindən də baha başa gələ bilər.
Ancaq bəzi Qərb siyasi dairələri Ukrayna savaşının davam etdirilməsində maraqlı olmadıqlarını biruzə verməyə başlayıblar. Əsas arqumentlər isə bu savaşın Qərb dövlətləri üçün artıq çəkilməz maliyyə-iqtisadi yük olması ilə bağlıdır. Digər tərəfdən, Qərbdə hesab edirlər ki, Rusiya ciddi şəkildə zəiflədib və uzun müddət əvvəlki təhdid potensialını bərpa edə bilməyəcək. Və bu baxımdan, Tramp adminstrasiyasının Ukrayna savaşını dayandırmaq cəhdlərinə Qərbdə dəstək artmağa başlayıb.
Bununla belə, mövcud situasiyaya daha praqmatik yanaşanlar Tramp adminstrasiyasına Rusiyanın indiki zəif durumunu siyasi-strateji fürsətə çevirməyi də məsləhət görürlər. Onların fikrincə, Rusiya iqtisadiyyatı çökmə mərhələsinə yaxınlaşdığı üçün hərbi məğlubiyyət və daxili narazılıq qorxusu Kremli Ukrayna savaşından çıxmağa can atmaq məcburiyyətində buraxıb.
Belə vəziyyətdə Kreml Qərbin sülh şərtləri qarşısında daha zəif qala bilər. Əgər, Rusiya sülh istəyirsə, onda Kreml prezident Vladimir Putinin istefa şərtini də mütləq qəbul etməlidir. Və Tramp "Putinsiz Rusiya" variantında sülh sazişinə nail olarsa, bu, Qərbin, xüsusilə də, Avropa məkanının təhlükəsizliyinə böyük ölçüdə təminat vermiş olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ