Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının bu ölkə üçün vizasız gediş planının pərdəarxası üzə çıxıb və arxasında hərbi yardım dayandığı məlum olub; eləcə də Aİ-nin partnyoru ABŞ içi silah-sursat və şəxsi heyətlə dolu iki hərbi təyyarəni İrəvana göndərib, qüvvələr İranla sərhədə yerləşdirilib - detallar
Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. “Yeni Müsavat” qeyd edir ki, iyulun 22-də isə Aİ-nin xarici işlər nazirləri Ermənistana hərbi yardımın ayrılması barədə qərarı təsdiq etmişdilər. Ölkəyə batalyon səviyyəli bir birlik üçün 10 milyon avro dəyərində modul tipli çadır düşərgəsi veriləcək. Satınalma Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək. Qurumun xarici siyasət üzrə rəhbəri Cozep Borrel bu qərarı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. Ermənistanın siyasi rəhbərliyi bu qərarı “böyük uğur”, “demokratik dəyərlərin təntənəsi” kimi qiymətləndirərkən, bu ölkənin bəzi uzaqgörən siyasətçiləri həyəcan təbili çalaraq onun ölkə üçün dağıdıcı nəticələrinin olacağını proqnozlaşdırırlar.
Onların fikrincə, belə bir qərarın qəbulunda şübhəsiz ki, Aİ-nin Cənubi Qafqazda öz hərbi-siyasi təsirini genişləndirmək istiqamətində apardığı geosiyasi hesablamalar mühüm rol oynayıb. Təcrübə göstərir ki, “Avropa Sülh Fondu” deyilən qurum heç də sülh, sabitlik və təhlükəsizlik təşkilatı olmayıb. O, müharibə, təxribat və qanlı toqquşmaları stimullaşdıran bir qurumdur, xüsusilə əgər qurumun xarici siyasət rəhbəri Cozep Borreldirsə... Yəni əslində ermənilər adına sevinmək üçün çox erkəndir. Çünki bu qərarların arxasında Ermənistandan alət kimi istifadəyə zəmin yaratmaq dayanır.
Qərb uzun illərdir Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək, regiona sahiblənmək, nüfuz etmək üçün çalışır. Bu cür missioner davranışlara Azərbaycanı heç bir zaman alət edə bilmədilər. Bütün planlar de-şifrə edildi, qarşısı alındı. Sirr deyil ki, Qərb bölgədə Gürcüstanı özünün əlaltı dövlətinə çevirmişdi. Məhz Gürcüstan üzərindən regionla bağlı məkrli planlarını icra edirdilər. Lakin artıq Gürcüstan da bu oyunlara qarşıdır və faktiki olaraq Qərblə, Avropa ilə əlaqələrini azaldır, reallıqlara uyğun davranmağa çalışır. Belə bir durumda Aİ-nin Ermənistana qarmaq atdığı və bu dəfə onu tam əlaltı dövlətə çevirmək planı göz önündədir. Ancaq maraqlıdır, bu plan baş tutsa belə, Ermənistan üzərindən hansısa işlər çevirmək inandırıcıdırmı?
Yeri gəlmişkən, ABŞ da Aİ kimi İrəvana hərbi dəstəyi gücləndirir. Bu da tərəflərin Brüssel görüşündə razılaşmalarının nəticəsidir. Həmin görüşdən sonra Borrel demişdi ki, Aİ və ABŞ müttəfiqlər olaraq Ermənistana dəstəyi birgə həyata keçirməlidirlər. İndisə bunun əlamətləri görünməkdədir. Belə ki, “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın “Zvartnots” hava limanına doğru 2 hərbi təyyarə qalxıb. Caliber xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boinq C-17" hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib. Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.
Məlumata görə, bundan əvvəl ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək üçün Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib. Daha sonra, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah və sursat gətirilib. Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir. Bu zaman AB missiyasının Azərbaycan Ordusunun mövqeləri ilə bağlı topladığı kəşfiyyat məlumatlarından istifadə edilib.
İki təyyarədən biri İran ərazisindən atılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər daşıyıb. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. Ancaq bu hamısı deyil. ABŞ təbii ki, bu missiyanı erməni hərbçilərinə həvalə etməyib, bu cihazları idarə edəcək 30-50 nəfəri çatdırıb. Rusiya və İranın diqqətini İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə cəlb etməmək üçün hərbçilər diqqətlə seçilib - onların əksəriyyəti Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşlarıdır, həmçinin postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlı insanlardan ibarət şəxsi heyət Ermənistan silahlı qüvvələrinin geyim forması ilə təchiz olunub və Ermənistan ordusunun Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb Ermənistanı əzizləməklə heç nəyə nail olmayacaq. Onun fikrincə, Ermənistana hərbi yardımlar regionda yalnız vəziyyəti gərginləşdirə və eskalasiya həddinə çatdıra bilər. Professor ABŞ və Aİ-nin Ermənistanı silah-sursatla təmin etməkdənsə, sülh müqaviləsini imzalamaq üçün ona təzyiq göstərməyə çağırır: “Bu addımlar bölgədə qarşıdurmaya səbəb ola bilər. 44 günlük müharibədə ordusu darmadağın olan Ermənistan indi həvəsləndirilir və Qərbdən verilən dəstəklə revanş olacağına ümidlənir. Amma burada ikinci vacib məqam ondan ibarətdir ki, Avropa Birliyi və ABŞ bu yardımlarla Ermənistanı Rusiyanın caynağından qoparmağı hesablayıb. Yəni təkcə bizə qarşı atılan addımlar deyil. Çünki Ermənistan yenə KTMT təlimlərini boykot etdi, əvəzində amerikalılarla birgə hərbi təlimlərdə iştirak edəcəklər. O nöqteyi-nəzərdən düşünürəm ki, Ermənistana olan yardımlar və verilən dəstək həm regionda Qərbin təsirlərinin möhkəmlənməsinə hesablanıb, həm Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması məqsədi güdür, həm də bu davranışlar istər-istəməz strateji qarşıdurmanı gücləndirməklə eskalasiya risklərini artırır”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyevin sözlərinə görə, Qərb Gürcüstandakı məğlubiyyəti Ermənistanla kompensasiya etməyə çalışır. Onun fikrincə, Tiflis üzərindən layihə baş tutmadısa, İrəvanla qeyri-mümkündür, çünki Ermənistanın Rusiyadan asılılığı Gürcüstandan daha çoxdur: “Gürcüstanın Qara dənizə çıxışı və Avropaya açılan Türkiyə qapıları var. Ermənistan isə Türkiyə ilə quru sərhədləri bağlı olan və Gürcüstandan çıxış əldə edən ölkədir. Bu da onu iqtisadi cəhətdən asılı vəziyyətə salıb. Başqa sözlə desək, Ermənistan qədər Rusiyaya bağlı ikinci postsovet respublikası yoxdur. Qərb isə məhz bu ölkəni təsadüfi seçməyib və Rusiyanın forpostu olduğunu yaxşı görə bilir. Amma Paşinyan proyekti də sona qədər alınmayacaq”. F.Əliyevə görə, Avropa Rusiyanın Ermənistandakı təsir imkanlarını tam hesablaya bilməyib: “Hə, razıyam ki, son illərdə ABŞ və Avropa Birliyi İrəvanda xeyli dərəcədə möhkəmlənməyi bacarıb, lakin gəlin unutmayaq ki, Ermənistanın dəmiryol xətlərindən tutmuş əksər şirkətlərinə qədər ruslara məxsusdur, sərhədlərini də hələ ki rus hərbçiləri qoruyur. Avropadan gələcək 5-10 qəpiklə nə edə biləcəklər? Hətta xatırlayıram ki, Rusiya prezidenti müqayisə aparmışdı və Avropanın Ermənistana verdiyi iqtisadi bəhrə ilə öz ölkəsinin faydalarını bir tərəziyə qoymuşdu, kəskin bir fərq ortaya çıxmışdı. O baxımdan Ermənistanın iqtisadi və hərbi sahələrinə edilən yatırımlarla bu ölkəni tamamilə Rusiyanın çətiri altından çıxarmaq mümkün olmayacaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ