İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb Ermənistanı öz “qucağına almaqda” maraqlıdır” – Arşakyan

“Moskvanın İrəvana olan qısqanclığı və narahatlığı artıq gecikib. Çünki Rusiya Ermənistanı itirib”.

Konkret.az xəbər verir ki, bu barədə erməni analitik Tevos Arşakyan müəllifi olduğu məqalədə bildirib.

“Ermənistana müfəttiş gəlib. Üstəlik, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin simasında. Daha sonra o, baş nazir Nikol Paşinyanla görüşüb və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Maraqlıdır ki, Narışkin iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin İrəvana səfərindən dərhal sonra Ermənistana gəlməyə tələsib. Və burada əsl intriqa var” – Arşakyan vurğulayıb.

“Ermənistanda uzun müddətdir ki, İrəvanın sırf Moskvaya yönəlməsindən kəskin narazılıq yaranıb. 2020-ci ilin payızında baş verən müharibədə Kremlin rəsmi Bakını dəstəkləməsi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin yaranmasına səbəb olub. Erməni cəmiyyətinin əksəriyyəti, eləcə də siyasi elitası anlayıb ki, Ermənistanın yeri rusların yanında yox, sivil Qərbin yanındadır. Və həmin müharibədən sonra İrəvan yavaş-yavaş Qərbə doğru istiqamət götürüb. Son vaxtlar Qərb emissarları Ermənistana tez-tez üz tuturlar, onlar ölkəmizlə münasibətləri möhkəmləndirmək məqsədi ilə gəlirlər” – erməni analitik bildirib.

“Rusların xəyanətinə cavab olaraq cəmiyyətin tələb etdiyi şey baş verir. İndiki şəraitdə Qərb Ermənistanı öz qucağına almaqda maraqlıdır. Biz strateji və enerji baxımından mühüm regiondayıq. İrəvanda da bunu başa düşürlər və bu səbəbdən ölkəyə gələn Aİ nümayəndələrindən tutmuş MKİ direktoruna qədər hər kəsə dəstək verirlər. Yeri gəlmişkən, Uilyam Börns ABŞ-ın Rusiyadakı səfiri kimi 30 ildən çox diplomatik təcrübəyə malikdir. Bu o deməkdir ki, o, Qərb və Rusiya qarşıdurmasında Ermənistanın əhəmiyyətini mükəmməl şəkildə anlayır. Ruslar isə təbii ki, qısqanc və hətta çox narahatdırlar. Çünki Ermənistanı itirə biləcəklərini anlayırlar. Lakin qısqanclıq və narahatlıq artıq gecikib. Rusiya artıq Ermənistanı çoxdan itirib. Kreml bunu hələ anlamasa da, Rusiya xüsusi xidmət orqanları yaxşı başa düşürlər. Ona görə də Narışkinin MKİ direktorunun səfərindən dərhal sonra Ermənistana gəlməsi başadüşüləndir. Onun amerikalı həmkarının səfərindən sonra Rusiya-Ermənistan münasibətlərinin səviyyəsini təftiş edəcəyi tamamilə aydındır. İndiki halda yeganə düzgün seçim Qərblə əməkdaşlığı gücləndirmək və Rusiya adlı batan gəmidən uzaqlaşmaqdır” – erməni müəllif yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR