İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb - Fotolar

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Məclisdə Aprel şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, 44 günlük müharibədə şəhid olmuş əsgərlər Murad Məmmədlinin həyat yoldaşı Aytac Məmmədli və Elçin Qurbanovun atası Məcid Qurbanovla görüşüb.

Musavat.com xəbər verir ki, şəhid ailələri üzvləri ilə ətraflı söhbət edən Qənirə Paşayeva onların ürək sözlərini dinləyib, igid zabit və əsgərlərin həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Komitə sədri ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək həssaslıqla yanaşmasından, əvəzsiz diqqət-qayğısından söz açıb, bu diqqət-qayğının, həssaslığın hər bir deputat, məmur, ziyalı və cəmiyyətin aparıcı nümayəndəsi üçün də örnək təşkil etdiyini deyib.

Qənirə Paşayeva əziz şəhidlərimizin ailə üzvləri ilə hər bir görüşün onunçün doğma, unudulmaz görüş olduğunu vurğulayıb, şəhidlərimizin əziz ruhuna dərin sayğılarını yetirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Sənan Tahir oğlu Axundov (29.09.1979, Füzuli – aprel 2016, Cəbrayıl) 1996-cı ildə Bakı şəhərindəki 144 saylı tam orta məktəbi bitirərək, Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 2001-ci ildə “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2008-ci ildə Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

Müdafiə Nazirliyində məsul vəzifə daşıyıb. Aprel döyüşlərində təkidlə rəhbərliyə müraciət edərək öncəbhəyə yola düşüb və Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Evli idi, Tahir və Nəzrin adlı iki övladı yadigar qalıb. “Mənim üçrəngli bayrağım” sənədli filmi polkovnik-leytenant Sənan Axundova həsr olunub. Şəhid zabitimizin şərəfinə şahmat turniri və digər yarışlar keçirilir.

Peşəkar kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundovun şəxsi materialları Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunub saxlanılır. Şəhid zabitin hərbi geyimi, medalları, fotoşəkilləri, haqqında dərc olunan qəzet, jurnal materialları, sənədlər və s. şəhid polkovnik-leytenant S.Axundovun ailəsi tərəfindən Muzeyə təqdim edilib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Murad Teymurşah oğlu Məmmədli (27.01.1996, Biləcəri, Binəqədi – 21.10.2020, Füzuli) –Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Elçin Məcid oğlu Qurbanov (22.01.2002, Xanlıqlar, Qazax – 04.11.2020, Şuşa) Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” (15.12.2020), “Şuşanın azad olunmasına görə” (29.12.2020), “Cəsur döyüşçü” (24.06.2021), “Cəbrayılın azad olunmasına görə” (24.06.2021), “Füzulinin azad olunmasına görə” (24.06.2021) medalları ilə təltif olunub.

RUHLARI ŞAD OLSUN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR