İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva: “O qurumlar çıxıb cavab versinlər...”

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin dekabrın 16-da keçirilən növbəti plenar iclasında, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsininin ikinci oxunuşda müzakirəsində çıxış edib, bir sıra aktual məsələlərə toxunub.

Musavat.com Komitə sədrinin çıxışını kiçik ixtisarla təqdim edir:

“Dəyərli həmkarlar, hörmətli media nümayəndələri, vurğulamaq istəyirəm ki, xalqımız üçün hansı texniki dəyişiklikləri müzakirə etməyimiz deyil, onların dərdlərinin burda dinlənilməsi daha önəmlidir. Məsələn, Tovuz rayonunda 1016 evdə 3000-dən çox insan bu sualın cavabını istəyir: “Bizim kənddə qaz ola-ola günahımız nədir ki, bizə qaz vermirlər”?

Məsələn, hər hansı bir kəndə qaz çəkilib, əgər vətəndaşın evi Sovet dövründə tikilibsə qaz verilir, müstəqillik dövründə tikibsə verilmir. Bu nə yanaşmadır? Kəndin içərisində bir küçədə yerləşən evlərin sakinləri qaz yandırır, başqa bir küçənins akinlərinin qazı yoxdur. Bu insanlar haqlarını istəyir. Cənab Prezidentin verdiyi sərəncamları çox yaxşı bilirlər, TV-dən eşidirlər, imzalanan sənədləri bilirlər və öz hüquqlarının təmini məsələsini qaldırırlar; biz də onların haqlı tələblərini qaldırırıq.

İnsanlar elə bilir ki, biz bu məsələni parlamentdə qaldırmırıq. Mən dəfələrlə cavabdeh qurumlara müraciət etmişəm, amma müraciətlərin heç birinə cavab almamışam. Burada bunu səsləndirirəm ki, o qurumlar çıxıb cavab versinlər ki, kənddə qaz ola-ola 1016 ailə, 3000-dən çox insanın uşağı niyə titrəyə-titrəyə məktəbə getməlidir? Hörmətli Baş Nazirdən də xahiş edirəm, Tovuz Rayon İcra hakimiyyətinin başçısı Nazirlər Kabinetinə rəsmi olaraq yazıb ki, hər qəbul günündə 14 kəndin sakinləri qazla bağlı necə böyük narazılıqla danışır. Cavabdeh qurumlar qəbullara getmir, biz gedirik. Vətəndaş deyir, “siz bizi təmsil edirsiniz, niyə bu məsələlərə cavab ala bilmirsiniz”?

Bundan başqa, qazlaşdırma ümumiyyətcə respublikada bitməlidir. Tovuz rayonunun 48 yaşayış məntəqəsində 2781 evə ümumiyyətlə qaz verilmir. Bəs nə vaxt veriləcək? Bu insanlar deyir: “Qənirə xanım, siz bizim deputatımızsınız, qaz kəməri bizim rayondan keçir, dünyaya və Avropaya qaz satırıq, mənim niyə qazım yoxdur? Biz cənab Prezidentə minnətdarıq, çox sağ olsun, cənab Prezidentin xalqı nə qədər düşündüyünü, tapşırıqlar verdiyini bilirik. Xahiş edirik bunu çatdırın ki, cənab Prezidentin verdiyi tapşırıqlar çox təəssüf ki, bəzi qurumlar tərəfindən icra olunmur. Daha neyniyək”?

Deputat, İcra başçısı rayondakı bu narazılığı yazır ki, bir kəndin içində birinin qazı var qonşusunun yoxdur, belə ola bilməz. Bir seçici mənə məktub yazıb: “Qənirə xanım, küçədə üz-üzə qonşunun qazı var, mənim niyə yoxdur? Dövlət onun qaz xəttini pulsuz çəkib amma mənə deyirlər ki, özün qoş”...

Nə qədər məktub yazmaq, nə qədər zəng etmək olar? Qoy seçicilərimiz səsimizi eşitsin ki, biz sizin məsələlərinizi qaldırırıq. Mən şəxsən o qurumlara dəfələrlə müraciət etmişəm. Biri mənə deyir ki, “qaziyə 1 km-dən qaz çəkəcəm”? O qazi qaz xəttindən 1 km.-dəki evi qanunsuz tikib? – Xeyr! Torpaq sahəsini dövlət verib ki, evi burda tikə bilərsən. Bəs bilmirdiz ki, ora qaz da vermək lazımdır? Qazi də deyir: “Bəs mən vuruşanda olurdu, indi 1 km.likdən qaz vermək çətindir”?

Mən şəxsən Tovuzla bağlı ölkənin aidiyyəti rəsmilərini konkret addımlar atmağa çağırıram. – Tovuzun 14 böyük kəndinin sakinlərinə cavab verə bilmirik. Bir çoxu da mənim dairəmdi, hər dəfə gedəndə eyni adamlar eyni məsələ ilə bağlı müraciət edir. Artıq bilmirəm nə cavab verim, utanıram. Xahiş edirəm, qurumlar bu çağırışımı eşidib vətəndaşlara cavab versinlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR