İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəlbi sökülmüş İrəvan, tarixi izlər necə silinib? Araşdırmanın nəticələri

"Gülüstan” sarayında “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, diplomatik korpusun, elm və təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri, eləcə də Təpəbaşı məhəlləsində yaşamış ailələrin üzvləri iştirak ediblər.

Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub.

Tədbir İrəvanda Azərbaycanın milli-mədəni irsi barədə filmin nümayişi ilə başlayıb.

Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan Arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib: "Mövzunun araşdırılmasında ilk dəfə Coğrafi İnformasiya Sistemi mühitində günümüzə qədər məlum olan hərbi topoqrafik xəritələr və şəhər planlarının inteqrasiya edilməsi sayəsində tarixi şəhər landşaftı müəyyən edilib, məkana bağlı müxtəlif təhlillərin aparılıb, vaxtilə İrəvanın Təpəbaşı hissəsində mövcud olmuş memarlıq abidələrinin dəqiq koordinatları müəyyən edilməklə onların məhv edilmə dövrləri dəqiqləşdirilib. Hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən yalnız Təpəbaşı məhəlləsinin ərazisi müəyyən edilib, mövcud abidələrin bazası yaradılıb. Burada 300-dən çox yaşayış evi mövcuddur".

Qeyd edək ki, araşdırma nəticəsində əldə edilmiş materiallardan ibarət nəfis tərtibatlı kitab ərsəyə gəlib. Nəşr Azərbaycanın milli-mədəni və tarixi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək. Belə ki, kitabda Təpəbaşı məhəlləsinin və orada dağılmaq üzrə olan son abidələrin Azərbaycan xalqına məxsusluğunu sübut edən arxiv sənədləri də dərc edilib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR