Onlayn ictimai-siyasi qəzet
Azərbaycan tarixinə pozitiv işarə ilə düşəcək günlərdən biri də şübhəsiz, 15 may olacaq. Xocalıda Rusiya sülhməramlılarının Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbiri nəzərdə tuturuq. Hansı tədbirdə ki, hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak ediblər.
Bəllidir ki, Rusiya kontingenti 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra, yəni məlum hadisələrdən sonra iki ölkənin ali rəhbərliyi onların ərazimizdən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib.
Bu olay əlbəttə, ən əvvəl iki dövlətin rəhbərləri – Prezident İlham Əliyev və həmkarı Vladimir Putin arasında mövcud olan etimadın növbəti təzahürüdür. Hər halda Rusiya hərbi kontingentinin postsovet məkanından belə dinc şəkildə, qalmaqalsız, qansız-qadasız çıxmasına dair çox az nümunə var. O da əgər varsa.
Yenə yada Qəbələ RLS-i düşür. Rusiyaya məxsus həmin hərbi obyekt 2012-ci ildə yenə məhz tərəflər arasında ən yüksək səviyyədə əldə olunmuş anlaşma əsasında, sivil qaydada bağlanmış, Bakı və Moskva arasında heç bir insident yaşanmamış, ikitərəfli əlaqələrə hər hansı xələl gəlməmişdi. Rusiya kimi böyük, qonşu dövlətlə gərginliyə heç lüzum da yox.
Milli maraqlarımız da elə bunu diktə edir ki, şimal qonşumuzla strateji müttəfiqlər ola bilməsək də, heç olmasa, mehriban qonşuluq münasibətləri saxlayaq. Ancaq ərazimizdə hər hansı rus hərbi bazası və ya kontingenti olmadan. Hərbi doktrinamız da Qoşulmama Hərəkatının fəal üzvü kimi Azərbaycanda başqa ölkənin hərbi bazasını istisna edir. Bir növ neytral dövlət statusu.
(Yeri gəlmişkən, müasir standartlara görə, o ölkə tam müstəqil sayılır ki, ərazisində başqa ölkənin hərbi bazası yoxdur. Hətta Türkiyədə də var – İncirlikdəki ABŞ bazası).
Son proseslər də göstərdi ki, çevik və ağıllı diplomatiya aparılarsa, bu, tamamilə mümkündür. Əlbəttə, Rusiya hərəkətləri çox da proqnozlaşdırılan dövlət deyil. Bütün hallarda vacibdir ki, nə o bizə, nə də biz ona düşmənə çevrilək. Daha bir səbəbə: bu ölkə Azərbaycan iqtisadiyyatı üçün böyük və ən sərfəli bazardır. Üstəlik, orada yüz minlərlə azərbaycanlı əmək miqrantı çörək qazanır.
Əslində Azərbaycan onsuz da Türkiyə hesabına de-fakto NATO tipli 5-ci nəsil ordu quruculuğu içindədir. Sakitcə, hay-küysüz öz işini görür. Üstəgəl, qardaş ölkə ilə ən yüksək səviyyədə imzalanmış Şuşa Bəyannaməsi var. Hansı ki, iki dövlətin parlamentləri tərəfindən ratifikasiya edilib. Bu da o anlama gəlir ki, Azərbaycan və Türkiyədə kimini iqtidar olmasından, hakimiyyətlərdən asılı olmayaraq, zəruri anda qarşılıqlı hərbi kömək mexanizmi dərhal və qeyd-şərtsiz işə düşəcək.
Qayıdaq Xocalıya. Azərbaycan rəhbərliyi gerçəkdən də digər postsovet ölkələrinin həsəd apara biləcəyi unikal presedentlər yaratmaqdadır. Bundan ötrü dövlət sükanı arxasında siyasi populistin deyil, müdrik və uzaqgörən, bölgədəki və dünyadakı prosesləri ağıllı təhlil edib milli maraqlara uyğun düzgün nəticə çıxaran, strateji düşüncə qabiliyyətinə malik liderin durması kifayətdir.
Nə yaxşı ki, bu xüsusda dövlət və millət olaraq bəxtimiz gətirib...
Siyasət şöbəsi,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ