İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaziləri aldadanların Vərəm Dispanserindəki görüşləri- Şöbə müdirindən şikayət geri götürülüb  

Qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Şahnaz Rzayeva və Fərmayil Verdiyevin cinayət işinin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, F.Verdiyev istintaq dövründə 4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin müdiri Səadət Məmmədova ilə əlbir olduğunu etiraf edib. Amma sonradan bu iddiasını geri götürüb.

İstintaqla müəyyən edilib ki, hər iki şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəli tanışlarının olduğunu deyiblər. Onlar qaziləri Şahnaz Rzayevanın əmisi İlqar Həsənov vasitəsi ilə tanıyıblar.

Fərmayil Verdiyev 4 saylı Vərəm Dispanserinin qəbul şöbəsinin müdiri Səadət adlı həkimi öz səhhəti ilə bağlı xəstəxanaya gedib-gələn ərəfədə tanıyıb. Aralarındakı söhbət zaman onlar qazilərin dayandırılmış pensiyalarını bərpa edə biləcəklərini müzakirə ediblər. Razılığa əsasən Fərmayil Verdiyev və Şahnaz Rzayeva işini “həll” edəcəkləri hər qaziyə görə 300-500 manat qazanc əldə edəcəklərmiş. Hər iki təqsirləndirilən şəxs ifadələrində bunu etiraf ediblər.

İstintaq dövründə Fərmayil Verdiyev ifadəsində göstərib ki, aldığı pulların əsas hissəsini Səadət adlı həkimə verib. Hətta işlər alınmadığı zaman zərərçəkmiş qazilərlə birlikdə xəstəxanaya gedərək Səadət həkimlə mübahisə də ediblər. Onlar Dispanserin baş həkimi İlhamə Həsənova ilə də görüşüblər. Bu görüşlər zamanı Səadət həkim ittihamları rədd edib. Amma necəsə qazilərə dəymiş ziyanın bir hissəsi olaraq 2 min manat ödəniş edib. 2 min manatı geri qaytarmasını baş həkimin xahişi ilə əlaqələndirən Səadət həkim bildirib ki, qazilərə dəstək olmaq üçün bu addımı atıb.

Fərmayil Verdiyev isə həbs edilənə qədər Səadət həkimi təqsirli bilib və pulları ona verdiyini söyləyib. Sonradan isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məktub göndərərək Səadət həkimin günahsız olduğunu, əsəbi olduğu üçün istintaqda belə ifadə verdiyini, onu günahlandırdığını bildirib.

İttihama görə, Fərmayil Verdiyev və Şahnaz Rzayeva qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə onların hər birindən 3500-9000 manat pul alıblar. Cinayət işində Birinci Qarabağ müharibəsi qaziləri Camalov Elxan Eldar oğlu, Vəliyev Araz Abasət oğlu, Həsənov Pərvin Sadiq oğlu və Mehdiyev Əlibaba Müzadil oğlu zərərçəkən qismində tanınıb.

Hökmə əsasən, Şahnaz Rzayevaya 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Digər təqsirləndirilən Fərmayıl Verdiyev isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində böyrək çatışmazlığından vəfat etdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Zərərçəkən qazilərin pullarının az bir hissəsi geri qaytarılıb. Onlardan bəziləri isə rəsmi müraciətlərdən sonra pensiyalarını bərpa edə biliblər.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR