Onlayn ictimai-siyasi qəzet
İki ölkənin birgə fəaliyyəti digər qonşulara da fayda gətirir
Martın 11-12-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ikigünlük rəsmi səfəri baş tutdu. Səfər zamanı Qazaxıstan prezidenti işğaldan azad olunan torpaqlarımıza, o cümlədən də Şuşaya baş çəkdi, dövlətlər arasında bir sıra sənədlər imzalandı. İki ölkənin birgə iştirakı ilə reallaşmaqda olan beynəlxalq əhəmiyyətli layihələr çərçivəsində fəallığın son dərəcə artması fonunda Qazaxıstan dövlət başçısının ölkəmizə səfəri mühüm hadisə kimi qiymətləndirilməkdədir.
Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələr sürətlə dərinləşir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2022-ci il ilə müqayisədə 14,3 faiz artaraq 529,4 milyon dollara çatıb. Bu zaman Qazaxıstandan Azərbaycana ixracın həcmi 21,7 faiz artaraq 456,3 milyon dollar təşkil edib. Azərbaycandan Qazaxıstana ixrac isə 73,1 milyon dollara bərabər olub.
Ölkələr arasında digər istiqamətlərdə də münasibətlər artan dinamika ilə inkişaf edir. Hazırda Qazaxıstanda 1065 Azərbaycan şirkəti qeydə alınıb və onların yatırdıqları sərmayənin həcmi 380,8 milyon dollar həcmindədir. Azərbaycanda isə 150 Qazaxıstan şirkəti qeydə alınıb ki, onların da qoyduğu investisiyanın həcmi 116,6 milyon dollar təşkil edir.
Hazırda Qazaxıstanla Azərbaycan iki mühüm sahədə ən sıx əməkdaşlıq münasibətlərindədir. Bunlardan birincisi Asiyadan Avropaya və əksinə yükdaşımalardır. Çindən Qazaxıstan vasitəsilə yüklərin Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Avropa marşrutu ilə daşınmasını nəzərdə tutan marşrut Orta dəhliz layihəsinin ən mühüm komponentidir. Ukraynadakı müharibə, həmçinin Qırmızı dənizdə yaranan gərginlik bu dəhlizin əhəmiyyətini qat-qat artırmaqla onunla hərəkətin ən səmərəli hala gətirilməsi zərurətini aktuallaşdırıb. Bu prosesdə iki əsas açar ölkə olaraq Qazaxıstanla Azərbaycanın fəaliyyətlərini sıx koordinasiya etməsi çox mühüm amil hesab olunur.
Ölkələr arasındakı ikinci daha sıx əməkdaşlıq enerji sahəsindədir. Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfərindən iki gün öncə Bakıya “KazMunayQaz” şirkətinin nümayəndə heyəti başda İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev olmaqla səfər edib.
“KazMunayQaz” rəhbəri əvvəlcə SOCAR prezidenti ilə görüşərək cari və perspektiv əməkdaşlıq məsələlərini müzakirə edib. K.J.Tokayevin səfəri çərçivəsində şirkətlər arasında imzalanan sənədlərə əsasən Qazaxıstan neftinin Azərbaycan üzərindən daşıma həcmləri 50 faiz artırılacaq. SOCAR bir ay müddətində Qazaxıstan tərəfinə Bakı-Supsa kəməri ilə daşımalara dair öz təkliflərini təqdim edəcək.
Bundan əlavə, “KazMunayQaz” SOCAR-a təklif edib ki, əməkdaşlıq ancaq nəqletmə ilə məhdudlaşdırılmasın və Qazaxıstanda geoloji-kəşfiyat, həmçinin hasilat layihələrində də iştirakı nəzərdən keçirsin.
Qeyd edək ki, K.J.Tokayev səfər öncəsi APA agentliyinə verdiyi müsahibədə ölkələr arasındakı gündəlikdəki əsas mövzuları açıq qeyd edib: “Bizim portfoliomuza həm ölkələrimiz, həmçinin bütün region üçün vacib olan bir sıra layihələr daxildir. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünü aid etmək olar. Bir sıra birgə təşəbbüslər ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və turist axınının artırılmasına hədəflənib. Ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır. Əminəm ki, birgə səylərlə bu məqsədə nail olacağıq”.
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərinin çərçivəsi geniş gündəliyi əhatə edir və gələcək geosiyasi məqsədlərə izah verir: “Cənab Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, iki ölkənin Ali Dövlətlərarası Şurasının birinci iclasında iştirakı, yeni sənədlərin imzalanması Bakı-Astana strateji tərəfdaşlığının planlarını açıqlayır.
Belə ki, Azərbaycanla Qazaxıstan format edilən dünya nizamında:
- Müştərək maraqlara xidmət edən layihələrin təşviqi üçün cəsarətli öhdəliklər götürüb, onları icra edir;
- Nəqliyyat dəhlizlərini, o cümlədən dəniz marşrutlarını, energetika sahəsindəki əməkdaşlığı dünya geoiqtisadi arteriyasının daxilinə yerləşdirir;
- Tranzit şəbəkəsindəki konturlarını plana uyğun olan marşrut boyunca əhəmiyyətli geosiyasi təsir yaradan qüvvə kimi irəliyə aparır.
Bu mənada, Əliyevlə Tokayevin müzakirə predmetləri onların Çinin Siyan terminalından Qazaxıstan vasitəsilə Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməsi fonunda daha aydın şəkildə canlanır".
Şərhçi qeyd edir ki, Çin mərkəzli nizam əsasında qlobal ticarət damarlarının şaxələndirilməsi və onların alternativ dəhlizlər kimi inkişafı perspektiv üçün kritik əhəmiyyət kəsb edir: “Transxəzər nəqliyyat dəhlizinin (Orta dəhliz) başlanğıc nöqtəsi olan Çin Qazaxıstan, Azərbaycan, Türkiyə, Gürcüstan vasitəsilə Avropa arasında geosiyasi və geoiqtisadi təsirləri güclü olan şəbəkə formalaşdırır. Başqa sözlə, Çin beynəlxalq intizamın gələcək taleyi barədə qərar vermək üçün limanları, dəmiryollarını, dəniz ticarətini genişlənmə siyasətinin mərkəzinə gətirir. Bu, Çinin rəqibləri ilə rəqabətdə daha çox səlahiyyət götürmək qabiliyyətini artırır.
Azərbaycanla Qazaxıstan Çin və onun rəqibləri arasında cərəyan edən güc balansına tənzimləyici xarakter verirlər. Üstəlik, Bakı ilə Astananın oxşar tranzit imkanları və potensialı regionda ambisiyalı təsirlərə qarşı çıxmaq bacarıqlarını genişləndirir".
Şərhçiyə görə, Azərbaycanla Qazaxıstan daha böyük strateji portretdə geosiyasi və geoiqtisadi ştrixlərini bərkitmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsindəki inteqrasiya proseslərinə həlledici töhfə verir: “Düzdür, TDT Azərbaycan və Türkiyənin təşəbbüsü ilə qlobal meydana atılıb, amma indi onun əsas iqtisadi potensialını Qazaxıstan, Azərbaycan və Türkmənistan (müşahidəçi üzvdür) qarşılayır.
TDT çərçivəsindəki dinamikanın özü müsbət qiymətləndirmələrə səbəbdir. TDT dünyada böhranların kəskinləşdiyi dövrdə ittifaq kimi beynəlxalq siyasi hərəkatın önünə çıxmağı hədəfləyir.
Bakı ilə Astana görüləsi işləri də nəzərdən qaçıra bilməzlər, ona görə də demək olar ki, Əliyev-Tokayev arasındakı görüşdən sonra iki dövlət çoxşaxəli əlaqələr dinamikasını ən yüksək mərtəbəyə qaldırmaq üçün səylərini birləşdirəcək, bir neçə mərhələdən ibarət yeni kommunikasiyaların yaradılmasını təsdiqləyən qərarlar verəcək.
Bunlar yaxın gələcəkdə Astananın Cənubi Qafqazda və əksinə, Bakının Mərkəzi Asiyada təsirlərini gücləndirəcək"...
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanla Qazaxıstanın qarşılıqlı iqtisadi münasibətlərinin inkişaf imkanları çox genişdir: “Bu kontekstdən həm Transxəzər marşrutu üzrə, həm də Xəzər dənizinin enerji potensialının dünya bazarına çıxarılması baxımından iki dövlət çox səmərəli fəaliyyətlər həyata keçirirlər. Bundan əlavə, qarşılıqlı investisiya qoyuluşlarının artım imkanları var. Xüsusilə Türk İnvestisiya Fondu çərçivəsində daha çox sərmayə qoyuluşu hədəflənir. İki qardaş ölkə arasında münasibətlərin dərinləşməsi bütövlükdə türk dövlətləri arasında əlaqələrin inkişafı üçün müsbət zəmin yaradır. Bura həm iqtisadi, həm sosial, həm mədəni və digər sahələr aiddir”.
Millət vəkili bildirir ki, əlaqələrin gələcək inkişafı baxımından qarşılıqlı investisiya qoyuluşlarının artırılması, ölkələrin bir-birinin iqtisadiyyatına sərmayə qoyuluşunu artırması mühüm rol oynaya bilər.
Elxan Şahinoğlu
Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, necə ki, Azərbaycan-Türkiyə strateji münasibətləri, tarixinin ən qızıl dövrünü yaşayır, eləcə də Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında əlaqələr tarixinin çiçəklənmə dövrünü yaşayır: “Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin yerinə gələn Kasım-Jomart Tokayevin Rusiyaya yaxın olacağı proqnozları özünü doğrultmadı. Belə fikirlər də səslənirdi ki, Tokayev hakimiyyətini qorumaq məsələsində Rusiyadan dəstək aldığı üçün Kremldən asılı vəziyyətə düşəcək. Bunlar da yanlış çıxdı. Əksinə, Tokayev rusiyalı həmkarı Vladimir Putinin üzünə baxaraq dedi ki, Qazaxıstan Donbası Rusiya ərazisi kimi tanıya bilməz. Bakıda olan Tokayev Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirməyə maraq göstərir, türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Bu əlaqələr müxtəlif ortaq layihələrin reallaşması ilə daha da güclənəcək. Özbəkistan da bu siyasətində Qazaxıstandan geri qalmır. Bu minvalla Türk Dövlətləri Təşkilatının bölgədə real gücə çevrilməsi şansı artıb”.
Yeri gəlmişkən, Azərbaycanla Qazaxıstanın birgə iqtisadi layihələrindən Gürcüstan da kifayət qədər geniş bəhrələnir. Buna görə də hazırda Gürcüstan da Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində Azərbaycanla intensiv müzakirələr aparır. Bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib. O, bunun yalnız Gürcüstanın deyil, bir neçə ölkənin əməkdaşlığını əhatə edən layihə olduğunu vurğulayıb. Levan Davitaşvili bu məsələdə BP ilə də birbaşa əlaqələrin qurulduğunu deyib.
Nazir əlavə edib ki, neft kəmərinin istismarı üçün Azərbaycanın mövqeyi vacibdir və Gürcüstan bu məsələdə Bakı ilə intensiv dialoq aparır. O bildirib ki, kəmərlə Qazaxstan neftinin nəqlinə bu il başlana bilər: “Qazaxıstan nefti Azərbaycan nefti ilə qarışdırılmamalıdır. Çünki bu neft başqa növdür. Düşünürəm ki, bizim indi əsas məsələlərdə əminliyimiz var. Gələcəkdə biz bir milyon tondan çox neft nəql edə biləcəyimizi düşünürük. Ümid edirəm ki, neftin nəqlinə bu il, başlanacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ