Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Energetika Nazirliyi Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi imkanlarını öyrənməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ortamüddətli perspektivdə Atıraudan Kurık limanına neft kəmərinin tikintisi imkanları nəzərdən keçirilir:
“Transxəzər neft nəqlini 7 milyon tona çatdırmaq da mümkündür. Bu, Aktau limanının mövcud gücünə uyğundur”.
Energetika Nazirliyi xatırladıb ki, Qazaxıstan hasil etdiyi xammalın təxminən 80 faizini ixrac edir.
Ənənəvi olaraq Qazaxıstan nefti əsasən Avropa İttifaqı bazarına, Türkiyə, ABŞ və Asiya ölkələrinə ixrac olunur:
"Qazaxıstan neftinin ixrac həcminin əhəmiyyətli hissəsi Rusiya ərazisindən tranzitlə nəql olunur (KTK (Xəzər Boru Xətti), Atırau - Samara və Mahaçqala - Novorossiysk boru kəmərləri). Bu nəql marşrutları Qazaxıstanda neft hasil edən şirkətlər üçün ən yaxşı gəlirlilik göstəricilərini təmin edir. 2023-cü ilin sonunda Rusiya Federasiyasının ərazisindən tranzitlə nəql edilən Qazaxıstan neftinin həcmi 65,8 milyon ton təşkil edib ki, bu da Qazaxıstan neftinin ümumi ixracının 93 faizini təşkil edir”.
Bununla yanaşı, Energetika Nazirliyi qeyd edib ki, mövcud marşrutların saxlanması, xüsusilə də KTK boru kəmərinin etibarlı istismarının təmin edilməsi fasiləsiz neft ixracının bir hissəsi kimi Qazaxıstan üçün prioritet olaraq qalır:
“Bununla belə, onun təhlükəsiz və səmərəli işləməsi Qərbin avadanlıq və xidmətlərindən asılıdır. Qazaxıstan tərəfi KTK-ya mal və xidmətlərin tədarükü üçün Aİ/Böyük Britaniya qanunvericiliyi çərçivəsində müvafiq istisnaların işlənib hazırlanması məqsədilə Aİ, ABŞ (OFAC) və Böyük Britaniyanın müvafiq səlahiyyətli orqanları ilə məsləhətləşmələr aparır”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ