İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiya yük maşınlarına yeni tələb qoydu – Rusiya mediası Tokayevi "vurur"

Avropadan Qazaxıstana yük daşıyan Rusiyaya məxsis avtomobillərlə bağlı Qazaxıstanda ciddi problemlər yaranıb. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, son bir həftə ərzində Rusiya mənşəli 8 maşın karvanı Qazaxıstan ərazisində saxlanılıb. Onlardan yüklərin boşaldılması, yaxud hərəkətini davam etdirməsinə icazə verilmir.

Qeyd edək ki, Avropa Birliyi Rusiya və Belarus mənşəli yük maşınlarını öz ərazisinə buraxmır. Buna görə də Avropadan yüklər Belarus sərhədinə qədər gətirilir, oradan yüklər Rusiya və Belarus maşınlarına yüklənərək Asiyaya daşınır. Rusiya Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından verilən məlumata görə, Qazaxıstan sentyabrın 12-dən etibarən Rusiya yük maşınlarından yüklərin Avropadan Belarus sərhədinə qədər daşınmasını sübut edən sənəd tələb edir. Rusiya Nəqliyyat Nazirliyi bu tələbi əsassız hesab edir, çünki Avropa şirkətləri elə sənədi Rusiyalı sürücülərə vermirlər.

Saxlanılan yük maşınları Rusiyanın “Avtotranzit”, “SB-Trans” və “Trasko” şirkətlərinə məxsusdur. Onlara saxlanılan hər maşına görə 3 min dollara yaxın cərimə təyin olunur.

Rusiya mətbuatına açıqlama verəm müxtəlif şəxslər Qazaxıstanın bu addımını Rusiyaya ticarət müharibəsi elan olunması kimi qiymətləndirirlər. Hətta bəzi ekspertlər Rusiyanın öz ərazisindən Qazaxıstana yük daşınmasını tam dayandırmağı tələb edirlər.

Maraqlıdır ki, Rusiya maşınları Avropadan Qazaxıstan üçün nəzərdə tutulan yükləri daşıyırlar. Yəni Astananın bu addımını Rusiyaya sanksiya siyahısında olan malların daşınmasının qarşısını almaq məqsədi ilə izah etmək mümkün deyil.

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi isə sentyabrın 20-də Xarici İşlər Nazirliyinin yardımı ilə Avropa İttifaqı, Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, Ukrayna və Gürcüstana üçüncü ölkələrdən yüklərin ötürülmə yolu ilə daşınması zamanı icazə sisteminin tətbiqi qaydası və xarici daşıyıcıların buna əməl etməsi zərurəti ilə bağlı müvafiq müraciət göndərib: “Beynəlxalq müqavilələr və Qazaxıstan Respublikasının daxili qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya əsasən, belə daşıma zamanı xarici daşıyıcının üzərində iki icazə forması olmalıdır. Birinci forma daşıyıcının malları sərhədyanı ərazilərdəki terminala qədər daşıdığı tərəfdən təqdim olunur. İkinci forma isə daşıyıcının terminaldan Qazaxıstana qədər malların ötürülməsini həyata keçirdiyi tərəfdən verilir.

Xarici daşıyıcıların üçüncü ölkələrdən Qazaxıstana daşınma üsulu ilə yüklərin daşınması şərtlərini sistematik şəkildə pozması ilə əlaqədar SİİN xarici dövlətlərin səlahiyyətli orqanlarına və təşkilatlarına müvafiq müraciət göndərib”.

Göründüyü kimi, Rusiya tərəfinin kəskin etirazına rəğmən rəsmi Astana geriyə addım atmaq niyyətində olmadığını nümayiş etdirir...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR