Onlayn ictimai-siyasi qəzet
Bakıda piyadanı maşın vurub, yaralını təcili yardım maşınına qoyub xəstəxanaya aparanda xərək yırtılıb, xəstə yerə düşüb, ölüb. İndi bundan belə nəticə çıxartmalıyıq ki, ölkəmizdə təcili yardım maşınları, xərəklər üzrə yeni qanun hazırlanmalıdır. Xərək niyə xarab olsun ki? Hamısı dərəbəyliyin nəticəsidir. Hərə özündən bir təcili yardım xidməti açıb, oradan-buradan xərək əldə edirlər, ucuz qiymətlər yaranır, tibb bacıları və qardaşları az pul qazanır, narkomanlar xərək daşıyır...
Ancaq qədim zamandan bəri biz təcili yardıma mənəvi hörmətin şahidi olmuşuq. Folklorumuzda bunu isbat edən çoxlu kəlamlar vardır: “Xərəyi ver xərəkçiyə, birini də üstəlik”, “Xərək bol olarsa, basılmaz vətən”, “Tələsən təndirə, təcili yardım kəndirə”, “Aləmi bəzər, özü lüt gəzər” (iynə vuran həkimlər haqda tapmacadır), “Hər şeyin köhnəsi, xərəyin təzəsi” və sairə və ilaxır.
Qanunsuzluq pis şeydir. Hazırda bütün sferalar üzrə qanun-qaydalar müəyyən edilib, bircə taksi sürənlər qalmışdı, Allaha min şükür, artıq hökumətimiz bu sferada qaydalar qoyacaqdır. Məsələn, bizdə “Asqırmaq haqda qanun” var. Kimsə asqıranda ağzını yummasa, qabağındakı şəxsin üzünə tüpürsə, bunun məcəllədə maddəsi nəzərdə tutulur. Arvad almaq, soğan əkmək, toy eləmək, mağarın ölçüləri, bacanaq, yeznə, kürəkən, riyaziyyat, fizika, bədən tərbiyəsi, uşaq saxlamaq, dovşan saxlamaq... uzun sözün qısası, hər şeyin qanununu deputatlarımız yazmışdır, buna görə fürsətdən istifadə edərək şəxsən deputatımız Hacı Madərə təşəkkür edirəm.
Bayaq uşaq söhbəti elədim, sözgəlişi, hərdən məktəblərdə, təhsil sistemində müəyyən demaqoji mövzular ortaya atılır. Hesab edirəm olduqca süni hərəkətdir. Guya bizdə məktəb yoxdur, uşaqlar saxta qiymət alır, müəllimlər rüşvət alır, direktorlar ləzzət alır və sairə. Elə sonuncu hay-küyün mövzusu çox tragikomik idi, valideynlər müəllimə qızıl taxıb videosunu çəkmiş, paylaşmışdır, hətta nazirlik araşdırmaya başlamış.
Deməli, ayrıca “Müəllim (ə) lərə qızıl taxmağın üsulları haqda qanun” hazırlanmalıdır. Qızıl hansı günlər, hansı döşə, nədən sonra, nədən əvvəl taxılmalıdır, qiyməti neçə manata qədər olsa qəbuldur - bunlar hamısı bitdə-bitdə qanun layihəsinə yazılsa, mənasız, sarsaq sosial şəbəkə ulaşmalarına ehtiyac olardımı? Nə qədər gec deyil, sentyabra, növbəti dərs ilinə bu qanun hazırlanmalıdır.
Hərçənd biz balaca olanda Şura hökuməti müəllimə o qədər az pul verirdi ki, yazıq müəllimin heç yeməyə çörəyi olmurdu. O vaxt elə bu üzdən belə elmi inanc yaranmışdı: “Müəllim çörək yemir”. Gəl gör bu ac məxluq qızıl eşqinə düşsün... Hardan... İndi də bəlkə şərti şumda kəsib müəllimin çörək yeməməsi haqda qanun hazırlamalıyıq.
Siyasi partiyalar haqda təzə qanun düzəltdik, siyasi partiyalarımız virus düşmüş toyuq ferması kimi başını yerə qoyub hamısı qırıldı, bir-iki partiya qala, ya qalmaya.
Media, jurnalistika haqda təzə qanun qayırıldı, qanunsuz vaxtlarda çalışan 525 qəzetdən indi heç 5 dənəsi qalmayıb, qəzet köşkləri də siqaret, araq, patı satır.
Güman edirəm taksilər haqda qaydalar qüvvətə minəndən sonra minməyə maşın tapılmayacaq, uca millətimiz eşşək minib gəzəcəkdir. Ancaq bu bizə əsas vermir ki, eşşəklər haqda hansısa qərar, qayda tənzimlənməsi olmasın. Yoxsa keçən həftə Astarada eşşəyin biri ağız atıb yazıq kəndlinin qulağını qopartmışdı. Uzunqulaq hərəkətdir. Eşşək qanun-qayda bilsəydi, hətta zəfəran aqroparkı açardı. İndi isə təmiz eşşəklik eləyir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ