Onlayn ictimai-siyasi qəzet
Qax rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən 30 yaşlı kişinin axtarışları davam edir.
Rayonun 1600 metrə yaxın yüksəklikdə yerləşən Sarıbaş kəndinin yaxınlığındakı Alagöz dağında, yaylaqda itkin düşən rayonun İlisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallı barədə bəzi təffərrüatlar məlum olub. İyulun 23-ü rayonun Sarıbaş kənd sakini Ramazan adlı çoban Rəhman Kamallını Sarıbaş kəndi yaxınlığındakı “Alagöz” yaylağına fermaya aparmaq üçün atası Sədrəddin kişidən icazə istəyib. Lakin Sədrəddin kişi oğlu fiziki cəhətdən qüsurlu olduğu üçün onun Ramazanla yaylağa getməsinə icazə verməyib. Sədrəddin kişinin sözlərinə görə, Ramazan Rəhmanı icazəsiz yaylağa aparıb.
Yaylaqda itkin düşən Rəhmanın əmisi Bədrəddin kişinin sözlərinə görə, Rəhmanın dağlıq ərazidə itkin düşməsi barədə iyulun 24-ü xəbərləri olub. Həmin gündən onun axtarışlarına qoşulublar. Bədrəddin kişi qardaşı oğlunun yaxınlıqdan keçən Kürmük çayına düşmə ehtimalı olduğunu da bildirir. Rəhmanın qonşusu isə bildirir ki, axtarışları onu tapana qədər davam etdirəcəklər. Axtarışlara hər gün İlisu, Ağçay və Sarıbaşdan 30-40 nəfər yerli sakin qoşulur. Qeyd edək ki, Rəhman Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb.
İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, DİN-nin Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulub. İyulun 24-dən başlayan axtarışlar heç bir nəticə verməyib. / APA TV
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ