Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Suriyadakı mənbələrin bildirdiyinə görə, Suriya və İsrail arasında tarixi sülh müqaviləsi 2025-ci ilin sonunadək imzalanacaq. Məlumata görə, razılaşma üzərində ilkin anlaşma əldə olunub və tərəflər detalların üzərində iş aparır.
Mənbə qeyd edib ki, bu müqaviləyə əsasən İsrail 2024-cü il oktyabrın 8-dən başlayaraq mərhələli şəkildə işğal etdiyi bütün Suriya ərazilərindən çıxmağa başlayacaq. Bununla da uzun illər davam edən gərginliyin diplomatik yolla həllinə yönəlik mühüm addım atılmış olacaq.
Qeyd edək ki, İsrailin Suriyanın ərazi bütövlüyünü pozaraq müxtəlif dövrlərdə işğal etdiyi bölgələr – xüsusilə strateji əhəmiyyətli Qolan Təpələri – regionda əsas mübahisə mövzularından biridir. Yeni sülh təşəbbüsü həm regional sabitlik baxımından, həm də beynəlxalq siyasi münasibətlər kontekstində böyük əhəmiyyət daşıyır.
Hazırda məsələ ilə bağlı nə İsrail, nə də Suriya rəsmiləri rəsmi açıqlama veriblər. Lakin yerli mənbələr danışıqların intensiv fazaya keçdiyini və yaxın aylarda razılaşmanın rəsmi şəkildə elan ediləcəyini istisna etmirlər.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ