İnsanlara hürriyət, millətlərə istiqlal!

QAT partiyaya çevrildi, ilk qurultayını çağırdı - Fotolar (YENİLƏNİB)

Qarabağ Azadlıq Təşkilatı (QAT) siyasi partiyaya çevrilib. 

Musavat.com bildirir ki, Təşkilatın İdarə Heyətinin qərarına uyğun olaraq, QAT-ın partiyaya çevrilməsi üçün avqustun 17-də qurultay çağırılıb. Tədbir Badamdar Mədəniyyət evində keçirilib və ölkənin 38 rayonundan nümayəndə iştirak edib.

İlk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad edilib. Daha sonra QAT sədri Akif Nağı "Qarabağ Azadlıq Təşkilatının yenidən təşkilinə dair" məruzə ilə çıxış edib, təşkilatın mübarizə yolu, fəaliyyətinin mərhələləri, daim əməl etdiyi prinsiplər barəsində söz açıb:

"Qarabağdakı Böyük Zəfərdən sonra QAT-ın qarşısına qoyduğu vəzifələrin əksəriyyəti dövlət, xalq və ordumuz tərəfindən yerinə yetirilib. Bu səbəbdən QAT-ın yeni, ictimai-siyasi müstəvidə, partiya olaraq öz fəaliyyətini davam etdirməsi üçün yenidən təşkil edilməsinə dair qərar qəbul etmişik. Ermənilər öz məkrli niyyətlərindən əl çəkmir, ona görə də torpaqlarımızın tam azad olunması, həmçinin dünyada saxta erməni təbliğatının ifşa edilməsi üçün işlərimizə davam edəcəyik".

Çıxışdan sonra QAT-ın 30 illik fəaliyyəti dəyərləndirilib, yeni şəraitə uyğun olaraq yenidən təşkili və Azad Vətən Partiyasına çevrilməsi haqda qərar qəbul edilib. Daha sonra partiyanın l (Təsis) qurultayı keçirilib.

Akif Nağı Partiyanın yaradılmasına dair məruzə edib. Həmçinin qurultay iştirakçıları çıxış edərək, təklif və münasibətlərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, ölkə Prezidentinin siyasi islahatları, partiyaların fəaliyyətləri üçün son dövrdə yaradılan şərait, onların ofislə təmin olunması, ümummilli məsələlər ətrafında sağlam əməkdaşlıq və dialoqun təşkili, partiyalara dair yeni qanun layihəsi üzərində işlərin aparılması, bu prosesə partiyaların cəlb olunması və digər məsələlər üçün əlverişli şərait yaradıb.

Qurultayın qərarı ilə Qarabağ Azadlıq Təşkilatının ictimai-siyasi varisi olaraq Azad Vətən Partiyası təsis edilib, onun Proqram və Nizamnaməsi qəbul edilib.

Akif Nağı partiya sədri seçilib. Həmçinin Partiyanın Siyasi Şurası, Nəzarət Təftiş Komissiyası seçilib.

Sonda partiyanın sədri Akif Nağı qurultay iştirakçılarına təşəkkür edib, partiyanın ciddi nəticələrə nail olacağını, bunun üçün hər kəsin yorulmadan çalışmalı olduğunu bildirib.

Xalidə Gəray

Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR