İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaşınmalı kino

Kino ittifaqları birləşib, qurultaya gedirlər və yeni sədrin Rasim Balayev olacağı ortaya çıxmışdır. Mənim Rasim müəllimə bir sənətçi olaraq iradım yoxdur, ancaq 75 yaşlı aktyoru kinoçəkənlərimizə sədr qoymaqla nə əldə edəcəyik? Yeni kadr yoxdurmu? Rasim müəllimin dünyaya, sənətə, kinoya baxışları az-çox məlumdur, yayda bəzi intervülər verib hər şeyi, türkün məsəli, çılpaqlığı ilə ortaya qoymuşdur. Üstəlik, dediyinə görə, 20 il heç bir kinoya çəkilmədən bir növ xalqımız tərəfindən ac-yalavac buraxılmışdır. Bəs yeni kadr yoxdurmu?

Əlbəttə, yoxdur. Kino sahəsində yeni kadrın yetişməsi üçün kino çəkilməlidir. Kinonun da başına daş düşübdür. Niyə düşübdür, sənət azadlığı problemləri nədən, hardan, kimlərdən qaynaqlanır - bunu da müzakirə eləməyə ehtiyac görmürəm, özünüz məndən yaxşı bilirsiniz. Molla Nəsrəddin demişkən, bilənlər bilməyənlərə danışsın.

Hərçənd uca millətimizin sənət zövqü, ədəbi-bədii iştahı sən deyən elə yüksək tələblərdə deyil, bizə “Ulduz”, “Əhməd haradadır”, “Görüş”, “Qayınana” tipli primitivliyin zirvəsi olan kinolar da bəs edərdi. Camaat onları şedevr hesab edir. İnanmırsansa hansısa məclisdə, sosial şəbəkədə bu kinoları tənqid elə. Sənin, ən yumşaq halda, gözünün altını qaraldarlar. Ağzı cırılanlar da olub, deyilənə görə. Lakin bu gün aqressiv hadisələri yada salmaq tərəfdarı deyiləm.

Başqa incəsənət və elm sahələrində də oxşar hadisələrlə üzləşirik. Bu yaxında xəbər yazmışdılar: “Yeznəsi bildirdi ki, Ramiz Mehdiyev masaj olunur”. Akademiyamızın prezidenti olmuş, uzun illər elm sahəsini minib çapmış şəxs gör nə ilə gündəmə gətirilir. Yuxarıda yazdığımızdan sitat gətirsək, başqası yoxdurmu? Yoxdur. Akademik ancaq masaj olunmasıyla el-obanın marağını oyada bilər (hələ masajın gizli videosu çıxa, lap bomba...) Bir də hərdən toyda maskasız oynamaq tipli bambılı temalarda. Bəlkə alimlərimiz Nobelə layiq hansısa kəşfə imza atmışlar, dünyanın xəbəri yoxdur? Ola bilər. Paxıllığımızı çəkirlər...

Nə yaxşı 60 il qabaq Səttar Bəhlulzadə 19-cu əsr fransız impressionistlərini yamsılayan bir-iki rəsm çəkibdir, indi o rəsmləri üzümüzə tutub ora-bura çıxırıq. Sanarsan ondan sonra rəsm sənətimiz dibindən rəhmətə getmişdir. Fırça var, boya var, kətan var, hətta neft var, lakin rəsm yoxdur.

Fürsətdən istifadə edərək Biləcəri dəmiryolçular parkındakı uşaq rəsm dərnəyini bağlayıb yerində seçki qamisyası, uçaskovı və... Bakı Şəhər İşıqları İdarəsi (!?) açan yoldaşları şiddətlə qınayıram. O binaya tarixi boyunca yeganə məna verənlər içində rəsm çəkən cocuqlar idi. 

Yazıçı deyəndə plagiat əsərlər cızmaqara edən bir qrup yaltaq yada düşür. Bəstəkarlıq meyxanaçıların kölgəsində can verir. Hamısının səbəbi nədir? Bu dəfə bilməyənlər bilənlərə danışsın. Ancaq səbəbin birini burada yaza bilərəm: acgözlük. Bizim sənətçilərimizin gözü doymur. Təzəlikcə bir tragikomik video izlədim. Videoda adı keçən, artıq ölmüş sənətçini bir zaman şəxsən gördüyüm üçün mənə maraqlı gəlmişdi, yoxsa veriliş tam mənasız bir zad idi. Müxtəsəri, sənətçi ölüb, bunun uşaqları mal-mülk davası edir. Qardaş bacını qınayır ki, dədəmdən 4-5 dənə ev, neçə torpaq sahəsi qalmışdı, hamısını özü qamarlayıb, mən isə küçədə yaşayıram və sairə.

Burada mənim diqqətimi o çəkdi ki, əslində sənətkarın sağlığında xeyli ev-eşiyi varmış. Amma hökumətdən ev hədiyyəsi də qəbul eləyibmiş. Sənə bu hədiyyəni verəndə, “ehtiyacı olanlara verin, mənim bəsimdir” deyə bilməzdinmi? İndi uşaqların da o evin üstündə bir-biriylə sözün əsl mənasında boğuşmazdılar. Nümunə yoxdurmu? Var. Polad Həşimov. Kirayədə qalırdı, dövlətin verdiyi evi isə əsgərinə bağışlayırdı. Belə hərbçilər vardı deyə bugünkü bayramı yaşayırsınız. Sənətdə belə bayram gözlənilirmi? Yox.

Jurnalistlərə bina tikiləndə neçə baş redaktor payına düşən evləri işçilərinə vermişdi? Deyəsən, cəmi 1 baş redaktor. Vəssalam. Ona görə hökumət də axırda jurnalistlərə ev vermək kitabını bağladı, atdı dənizə. Əcəb də elədi.

Şair var, hökumətdən 3 dəfə ev alıb, hələ doymur.

Nəsə, nöqtəni qoyum, gedim italyan filmlərinə baxım... Elə yer var qaşıdıqca qan çıxır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR