İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarşıdakı günlərdə bəzi namizədlər rəqibin xeyrinə addımlar ata bilər

 

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. 125 seçki dairəsi üzrə 1052 namizəd deputat seçilmək üçün mübarizə aparır. Keçmiş təcrübəyə əsaslansaq seçki günü yaxınlaşdıqca onlardan bəzilərinin ən güclü rəqibin xeyrinə namizədlikdən geri çəkiləcəyi istisna deyil.

“Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən bu gün seçki hazırlıqları istiqamətində bir neçə prosedur yekunlaşacaq.

Belə ki, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-də başa çatır.

Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin hazırlanması prosesi səsvermə gününə ən azı 10 gün qalanadək yekunlaşmalıdır.

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi prosesi də yekunlaşmaq üzrədir. Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları və beynəlxalq (xarici) müşahidəçilər seçkilərdə müşahidəçi qismində çıxış edə bilərlər. Respublikanın bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq, seçkilərin keçirilməsinə 10 gün qalanadək MSK-ya təqdim edilə bilər. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin MSK-ya təqdim edilməsi prosesi avqustun 22-də başa çatacaq.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi də bu gün başa çatacaq.

Seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası qaydalarına əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə azı 20 gün qalmış akkreditasiyadan keçmək barədə MSK-ya yazılı müraciət təqdim etməlidirlər. Həmin qaydalara görə, hər bir yazılı müraciətə, onun daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir. Növbədənkənar parlament seçkiləri ilə bağlı “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi prosesi avqustun 22-də başa çatacaq.

MSK isə avqustun 21-də dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün praktiki seminarlara start verib. Layihənin əsas hədəfi seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və beləliklə, aşkarlığın və şəffaflığın həmin gün də yüksək səviyyədə təmin edilməsidir. Seminarlar çərçivəsində dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırılır, DAİS üzərindən tətbiq olunan proqram təminatlarından birbaşa və praktiki istifadə təmin edilir, eləcə də yaranan suallara yerindəcə əyani şəkildə aydınlıq gətirilir.

İnformasiya texnologiyaları üzrə mütəxəssislərə xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləməyə də şərait yaradılır ki, bu da Milli Məclisə seçkilər günü həm seçicilərin fəallığı, həm də səsvermənin nəticələrinə dair protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün proqram təminatlarını dərindən mənimsəmələrinə imkan verir.

Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərinin bilik, bacarıq və işgüzar vərdişlərinin gücləndirilməsində mühüm rolu olan praktiki seminarların avqustun 23-dək davam etməsi nəzərdə tutulur.

Seçki kampaniyasının monitorinqini həyata keçirən “Mənim səsim” Seçki Monitorinq Koalisiyası isə sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin monitorinqi ilə bağlı aralıq hesabat təqdim edib.

Hesabatda müşahidəçilərimizin topladığı məlumat əsasında deyilir ki, bütün dairələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri qənaətbəxşdir.

Sənəddə qeyd edilib ki, Azərbaycanın bütün ərazilərində seçkilərin keçirilməsi üçün 125 seçki dairəsi, dairə seçki komissiyası, 6 min 300-ə yaxın məntəqə seçki komissiyası yaradılıb.

“Ölkə ərazisində seçki prosesinin monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisiyanın yaratdığı işçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir”, - hesabatda vurğulanıb.

Adəm İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanının  təqdimat mərasimi keçirildi – Yenimedia.net – Sosial-Analitik Portal

 Adəm İsmayıl

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Adəm İsmayıl Bakuvi bildirib ki, Milli Məclisə seçkilərin elan olunduğu gündən seçki prosesini müşahidə edirlər: “Seçkilərdə namizədliyini irəli sürənlərin media vasitəsilə çıxışlarını, Mərkəzi Seçki Komisiyasına müraciətləri, bu müraciətlərin araşdırılması, imzatoplama vərəqələrinin verilməsi, imzatoplama kampaniyası, MSK-nın toplanılmış sənədlərin qəbuluna münasibəti və digər prosesləri izləmişik. Qənaətimiz budur ki, hər şey qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Seçkiqabağı təşviqat kampaniyasını yüksək qiymətləndirirəm. Bütün namizədlərə həm mediada, həm də yerlərdə təşviqat aparması üçün bərabər şərait yaradılıb. Heç bir maneə yoxdur. Bütün məntəqələrdə təşviqat lövhələri qoyulub, namizədlərin təşviqat materialları bu lövhələrdə yerləşdirilib”.

O bildirib ki, Seçki Monitorinq Koalisiyasının ölkə ərazisi üzrə 65 seçki dairəsində seçki prosesini izləyəcək 533 müşahidəçisi fəaliyyət göstərir: “Müşahidələrimizə əsasən deyə bilərik ki, bütün dairə seçki komissiyalarında və məntəqə seçki komissiyalarında seçkiyə hazırlıq işləri yüksək səviyyədə gedir. Seçki prosesinin təşkilinə təcrübəli, peşəkar insanlar cəlb olunub. Bununla yanaşı, respublikanın heç bir yerində imzatoplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Namizədlərin bir qismi avqust ayının 9-dan başlamış təşviqat kampaniyasında fəallıq göstərirlər. Tez-tez müxtəlif ərazilərdə, bölgələrdə seçicilərlə görüşür, onların problemləri haqqında ətraflı məlumatlar toplayır, qaldırılan məsələlər ətrafında müzakirələr aparırlar. Müşahidəçilər ölkənin müxtəlif ərazilərində namizədlərin keçirdiyi görüşlərə də diqqət yetirirlər. Təşviqat kampaniyasında namizədlərin seçicilərlə görüşlər keçirməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən bütün dairə seçki komissiyalarını əhatə edən yerlər ayrılıb. Namizədlər rahat şəkildə seçicilərlə görüşlər keçirə bilir”.

Koalisiyasının həmtəsisçisi MSK-nın seçkilərin daha demokratik və şəffaf keçirilməsinə şərait yaradan müsbət dəyişikliklər həyata keçirdiyini də diqqətə çatdırıb: “Mərkəzi Seçki Komissiyası öz işini daha da təkmilləşdirir. Aşağı seçki komissiyalarının əməkdaşlarının maarifləndirilməsi işləri aparılır. O cümlədən seçicilərin maarifləndirilməsi üçün texnoloji imkanlardan istifadə edilir”.

O qeyd edib ki, vətəndaş cəmiyyəti institutları sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin müşahidə edilməsi prosesində aktiv iştirak edirlər: “Seçki günü ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6 min 45 nəfər müşahidəçi olacaq”.

Adəm İsmayıl Bakuvi əlavə edib ki, “Mənim səsim” Seçki Monitorinq Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB-nun) seçki prosesini izləmək üçün dəvət olunmuş nümayəndələri ilə iki dəfə görüş keçiriblər.

Azərbaycandakı seçki prosesi xarici jurnalistlərin də diqqət mərkəzindədir. Tanınmış italyan jurnalist Karlo Marinonun (http://eurasiaticanews.altervista.org/le-prossime-elezioni-parlamentari-straordinarie-che-si-terranno-in-azerbaigian-rivestono-una-particolare-importanza/) bloqunda, həmçinin “Farodi Roma” onlayn qəzetində (https://www.farodiroma.it/lazerbaigian-al-voto-in-settembre-per-la-prima-volta-seggi-aperti-anche-nei-territori-gia-occupati-dagli-armeni-c-marino/)  Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri barədə məqaləsi dərc edilib.

“Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, müəllif regionun söz sahibinə çevrilmiş ölkəsi olan, artan siyasi nüfuzu və iqtisadi potensialı ilə seçilən Azərbaycanda parlament seçkilərinin əhəmiyyətindən bəhs edib: "Noyabrda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu beynəlxalq əhəmiyyətli hadisə ilə əlaqədar ölkədə keçiriləcək parlament seçkilərinin tarixi dəyişdirilərək 2024-cü il sentyabrın 1-nə təyin edilib. Ən mühüm cəhət odur ki, seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində - 2020-ci ilə qədər Ermənistan tərəfindən işğalda saxlanılmış ərazilərdə də təşkil olunacaq. Vaxtilə BMT tərəfdən qəbul edilmiş qətnamələrə baxmayaraq, regionda sülhün bərqərar edilməsi mümkün olmayıb. Lakin 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq əks-hücum əməliyyatına başlanılıb. Qırx dörd gün davam edən və işğal olunmuş torpaqların azad edilməsinə səbəb olan həmin silahlı münaqişədən sonra Azərbaycan Qarabağ bölgəsində sülhün əsas təminatçısına çevrilib. Azərbaycan regionda suverenliyini və milli maraqlarını qorumağı bacaran bir dövlət kimi nüfuzunu yeni səviyyəyə qaldırır. Bu səbəbdən parlament seçkilərinin də əhəmiyyəti artır".

Qeyd edək ki, tanınmış jurnalist Karlo Marino həm də İtaliya-Azərbaycan Assosiasiyasının vitse-presidenti, 2-ci Qarabağ müharibəsi haqqında kitabın müəllifidir.

Xaricdəki azərbaycanlıların diaspor təşkilatları da Azərbaycandakı seçkiləri izləyir.

“Azərbaycanın hər bir uğuru bizi sevindirir. Vətənimizdə baş verən siyasi prosesləri qürbətdə diqqətlə izləyirik. Xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzində olacaq mühüm hadisələrdən biri də sentyabrın 1-də keçiriləcək seçkilərdir. Çünki parlament seçkiləri ilk dəfə Şuşada, Laçında və işğaldan azad olunmuş digər ərazilərdə də keçiriləcək”. Bu fikirləri Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov deyib.

BAK sədri qeyd edib ki, seçkilər hər bir xalqın ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu mənada həmin prosesə xüsusi önəm verilir: “Biz tarixi anlara şahidlik edəcəyik. İşğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər bu tarixin iştirakçısı olacaqlar. Başqa ölkələrdə yaşayan azərbaycanlılar isə seçkiləri xaricdən fərəh hissi ilə izləyəcəklər. Xalqımız sülhün, demokratiyanın tərəfdarı olduğunu nümayiş etdirir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR