Onlayn ictimai-siyasi qəzet
“Qış yuxusu haqda çərənləməklə gerçəkdə köstəbəyə çevrilib işığa çıxmaq arzusunu yerli-dibli öldürmək fərqli şeylərdir”
(Kobo Abe, “Qumluqdakı qadın” romanından)
Prezident seçkisinin bir müsbət cəhəti də, şübhəsiz, Nazirlər Kabinetinin tam heyətlə istefaya göndərilməsidir. Qanun belə tələb edir. Hər prezident seçkisindən sonra nazirlər hamısı qovulmalıdır. Lap sonradan hamısını bir nəfər kimi geri qaytarıb, təsdiq eləsinlər. Yenə xoşdur, əhaliyə yaxşı ovqat bəxş edir. “Filan nazir istefa verdi” - bu başlığı biz tez-tez oxumuruq ki? Oxuyanda da xarici xəbərlər kimi oxuyuruq. Özümüzdə az olur. Seçkidən seçkiyə.
İndi də uca millətimiz bir neçə saatlıq olsa belə, gözünün-könlünün qurdunu öldürdü. O cümlədən Milli Məclisdə yeni-köhnə baş nazirimiz Əli müəllim təsdiq edilərkən deputat Qüdrət müəllim onu kəskin sorğu-suala tutdu. Məsələn, soruşdu ki, bir yeni baş nazir olaraq repetitorluqla necə mübarizə aparmaq fikrindədir.
Həqiqətən, hazırda gündəmdə duran əsas, ümummilli, geopolitik problemlərimizdən biri repetitorluqla mübarizə tədbirlərinin səmərəsizliyidir. Bizə bu istiqamətdə dövlət proqramı lazımdır. “Necə edək ki, repetitorlara və ya uşaqlara sayğac taxaq” - sual təxminən bu şəkildədir.
İnsafən, Qüdrət müəllim başqa suallara da toxundu. Soruşdu ki, quru sərhədləri haçan açılacaq, bir də yeni dövrə ayın neçəsindən qədəm qoyacağıq. Birinci suala cavab verməyə, heyf, spiker qoymadı, ikinci sual isə bəlkə də siyasi baxımdan düzgün deyildi, hansısa mənfi nəticələri ola bilər. Çünki yeni dövrə qədəm qoymağa ehtiyac yoxdur, artıq o dövr başlamışdır. Bəlkə Qüdrət müəllim köhnə dövrə qayıdıb, təzədən yeni dövrə girmək istəyir, bunu bilmirəm.
Yeni dövrün əlamətlərindən biri kimi ədliyyə naziri Fikrət müəllimin növbəti dəfə nazir qoyulmamasını göstərmək olar. Yaxud Mübariz Qurbanlının dini idarədən uzaqlaşdırılması. Mübariz müəllim nə qədər dini soyad daşısa da, dindarlar arasında hər hansı nüfuzu yox idi. Vaxtı-vaxtında ortaya çıxıb fətvalar da vermirdi, sanki nədənsə, kimlərdənsə çəkinirdi. Üstəlik, onun personasında nəsə 90-cı illərdən qalma, AMİP-i xatırladan əlamətlər vardı. Şəxsən mən hər dəfə təsadüfən xəbər lentində Mübariz müəllimi görəndə elə bilirdim indicə Şaitdin Əliyev tribunaya çıxacaq, Nazim İmanov anekdot danışacaq, nə bilim, AXCP bəyanat verəcəkdir. İndi belə şeylərə heç zərurət qalmamışdır. Heç gənclər də Şaitdin müəllimin kim olduğunu bilmirlər.
Bakı bulvarında Xəzər dənizinin suyunun azalması nəticəsində köhnə, batmış gəmilərin üzə çıxması da gələn xəbərlər sırasındadır. Doğrudan, Xəzər sürətlə qurumaqdadır. Hər dəfə dənizə daha uzaqdan giririk. Yayda qarğıdalı cecəyi atdığın qumluq bir ildən sonra qarğıdalı tarlası şəklində qarşına çıxır. Balıqlar da çaşıblar, bəziləri suda-quruda yaşayan canlılara çevrilmişdir. Keçən il avqustda mən Fatmayı çimərliyində qur-qur quruldayan osetrin balığı gördüm. Sahildə dincəlir, arada tutduğu milçəkləri gəvələyirdi. Belə getsə, yaxın zamanlarda Türkmənistana dəhliz açılacaqdır. Bütün Türk dünyasına rahat gedib-gələcəyik. Güman edirəm quru sərhədlərin bağlı qalması haqda qərar dənizin qurumasına aid edilməz. Hər bir halda qanunların qüvvəsi geriyə şamil olunmur.
Sonda Xaçmazdan gələn xəbərlə yazını bitirirəm. Orada polis zəhmətkeşlərimiz bir zənən xeylağını tutubdur, əhaliyə fırıldaq gəlib 55 min manatlarını alıbmış. Mənə fırıldağın mahiyyəti maraqlı gəldi, axtaranda internetdə eyni zənənin 2009-cu ildə vətəndaşdan 2 min manat alıb dələduzluq etdiyini oxudum. Amma o zaman işə düzəltmək adıyla dələduzluq edibmiş. İndikini tapa bilmədim. Ümidvaram yenə işə düzəltmirmiş.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ