Onlayn ictimai-siyasi qəzet
Bu gün “Qarabağın Tutusu” kimi tanınan Qarabağ qazisi Rüxsarə Cumayevanın 60 illik yubileyidir.
Arxada qalan altı onillik həyat – savaşla, itkilərlə, səssiz fədakarlıqlarla dolu bir ömrün hekayəsidir.
Hər kəsə məlumdur ki, Rüxsarə Cumayeva zamanında Vətənin çağırışına laqeyd qalmayaraq əlil olduğu halda belə, döyüş bölgəsinə getməkdən, orada yaralılara ilk tibbi yardım göstərməkdən çəkinməyib. Könüllü tibb bacısı kimi ön cəbhədə – həyatla ölüm arasında çırpınan insanlara yaşamaq ümidi verib.
Bu gün o, ən böyük arzularının çox olmadığını deyir:
“Bəli... bu gün 60 yaşımı haqladım. Arxaya dönüb baxanda itirdiklərimlə qazandıqlarımı bir tərəziyə qoyuram – ağır gələnlər də var, dəyər verib bağrıma basdıqlarım da.
İtirdiklərimin ən ağır yeri – əziz valideynlərim oldu. Onların yoxluğu hər zaman içimdə bir boşluq kimi qaldı. Amma bu həyat məni yalnız itkilərlə deyil, qazanc və qədirbilən insanlarla da sınağa çəkdi. Ən çətin, ağrılı dövrlərimdə – 2010-cı ildən 2016-cı ilə qədər – yanımda dayanan əsl dostlar qazandım. Onlar mənim üçün yalnız ad dostları olmadılar. Kimi bir parça çörəyini, kimi 20 qəpiyini, kimi də 15 min avrosunu mənimlə bölüşdü. Bu böyük ürəkli insanlar birləşərək məni yenidən həyata qaytardılar. Mənə güc, dayaq oldular. Hər birinə sonsuz təşəkkür edirəm. Onlar mənim mənəvi sərvətimdir, həyatım boyu qorumağa çalışacağım ən böyük qazancımdır.
Bu gün 60 yaşımda bir arzum var: 60 ilində evi olmayan, Qarabağa könüllü gedən, müharibədə canı ilə, ürəyi ilə xidmət edən bir qadın olaraq dövlətimdən bir ev gözləyirəm. Bu, mənim üçün mükafat və dayaq olacaq. Bilmirəm ömrüm nə qədər qalıb, amma Allahdan tək diləyim budur ki, sağlam olum, gümrah olum, balamı sevindirə bilim.
Ən böyük ikinci arzum isə balamın toyunu görməkdir. Bu iki arzunu həyata keçirə bilsəm, özümü ən xoşbəxt insan sanaram.
Bəli, mən döyüş bölgəsinə könüllü gedən bir tibb bacısı idim. İlk tibbi yardımı göstərərək yaralı insanlara həyat bağışlayan əllər idim. Bu, mənim vicdan borcum idi. Vətənimi sevdiyim, insanlara canımı verməyə hazır olduğum üçün getdim. İndi isə 60 yaşımda – tək bir ev, tək bir toy xəyali ilə – bir qadının sükut dolu, amma qürurlu səssizliyi ilə yaşamağa davam edirəm...”
Xatırladaq ki, Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci il iyun ayının 18-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və təhsil aldığı müddətdə həm də 2 nömrəli Taxıl Məhsulları Kombinatında işləyib. Həmin illər (1988-ci il) Meydan hərəkatı dövrünə düşdüyündən orada fəal iştirak edib. Elə buna görə də onu həm işdən, həm də universitetdən xaric olunub.
O, 1990-cı ildə Bakı Dövlət Universitetinin “Nəcib xanımlar” fakültəsinə daxil olub, daha sonra öz xahişi ilə ali təhsilini universitetin filologiya fakültəsində davam etdirib. Elə bu vaxt 20 Yanvar hadisələri baş verib.
Rüxsarə Cumayeva könüllü olaraq hospitalda işləyərək yaralılara yardım göstərməyə çalışıb. Elə buradan – hospitaldan da cəbhə bölgəsinə yollanıb. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Umutlu və Fərruxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb. Buna görə dəfələrlə hər iki ayağından ağır əməliyyat keçirib.
Xalidə Gəray
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ