İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı sülhməramlılarla bağlı SON DƏQİQƏ açıqlaması: “Azərbaycan onlara şərait yaradacaq və...”

“Rusiya kontingenti əraziyə 5 il müddətinə yerləşdirilib. Müddətin sonuna 6 ay qalmış tərəflərdən biri onların Qarabağda qalması üçün müraciət etməzsə, bu vaxt uzadılmayacaq”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

edalet.jpg (248 KB)

Ekspert xatırladıb ki, sülhməramlı kontingentin Qarabağa yeridilmə səbəbi tərəflər arasında atəşkəsi təmin etməkdən ibarət idi:

“Hazırda bu funksiya tamamilə aradan qalxıb. Nəinki Qarabağda, hətta sərhəddə belə artıq atəşkəs pozulmur. Təbii ki, onların sərhədlə heç bir əlaqəsi yox idi. Onların funksiyası Qarabağda Azərbaycan ilə erməni ordusunun qalıqları arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdən ibarət idi. Düşünürəm ki, onların Qarabağda hətta 2025-ci ilin sonuna qədər qalması üçün də elə bir ciddi zərurət yoxdur. Ancaq ortada Azərbaycan tərəfindən imzalanmış bir sənəd var. Azərbaycan da verdiyi sözə və imzaladığı sənədlərə daim böyük dəqiqliklə əməl edən bir tərəf kimi Rusiya kontingentinin Qarabağda maksimum müddətin sonuna qədər qalmasına şərait yaradacaq. Bundan sonra isə Rusiya kontingentini öz ölkələrinə yola salacağıq. Onların qayıdacağı barədə indiyə qədər mənim şübhəm olmayıb, indi də yoxdur, gələcəkdə də olmayacaq.

Azərbaycan Konstitusiyası və mövcud olan hüquqi sənədlər də ölkə ərazisində digər ölkə qoşunlarının saxlanılmasına imkan vermir. Sadəcə münaqişənin başa çatması məqsədilə sülhməramlı kontingentin əraziyə yeridilməsi üçün zərurət yaranmışdı. Azərbaycan da bu zərurətdən münaqişənin başa çatması istiqamətində doğru şəkildə, öz maraqları çərçivəsində istifadə etdi. Onlar da 2025-ci ilin sonunda Qarabağdan tamamilə gedəcəklər. Mən dəfələrlə Qarabağa səfər etmişəm. Sentyabrda Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Rusiya kontingentinin ərazidəki fəaliyyəti kifayət qədər zəifləyib. Mən bunu öz müsahibələrimdə, o cümlədən “TV Müsavat”ın efirlərində dəfələrlə detallı şəkildə səsləndirmişəm – onların fəaliyyət göstərəcəyi bir sfera yoxdur. Sadəcə orada qalan ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulması, onların inteqrasiyası, ola bilər kiminsə qayıtması və yaxud da qayıdıb əmlakını oradan daşıması məqsədilə sülhməramlı kontingent formal olaraq öz fəaliyyətini hazırda davam etdirir. 2025-də hamısı gedəcək. Mən bunu 2021-ci ildə səsləndirmişəm”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR