İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağda yalnız onlar qalacaq, Azərbaycan 2 milyard 260 milyon manatla...” – Deputatdan SENSASİON açıqlama

“Qarabağda yaşayan ermənilərin ədədi silsilə ilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana üz tutması halları baş verməkdədir. Ermənistan siyasi hakimiyyətini ən çox narahat edən odur ki, bu köç bir gün həndəsi silsilə üzrə də baş verə bilər. Onun elementləri göz qarşısındadır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

elman.jpg (79 KB)

Millət vəkilinin fikrincə, ermənilərin Qarabağdan çıxışına münasibət bildirmək üçün Prezident İlham Əliyevin həmin seqmentdən olan əhaliyə müraciətini xatırlamaq yerinə düşər:

“Cənab Prezident söyləyib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onlar Azərbaycan pasportu daşımalıdırlar, Azərbaycan qanunlarına tabe olmalıdırlar, Azərbaycan çoxmillətli dövlətdir, qanun qarşısında bütün digər millətlərin malik olduqları eyni hüquqlara malik olacaqlar. Təbii ki, eyni vəzifələrin də daşıyıcıları olacaqlar. Məsələyə bu kontekstdə yanaşdıqda həm də unutmaq olmaz ki, ermənilər Azərbaycan Prezidentinin sözünün ağası olduğunun fərqindədirlər. Bir sözü dedisə, deməli, o, həyatda mütləq təsdiqini tapacaq. Bu reallıq fonunda prosesə qiymət versək, deməli, gedənlər gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlərdir. Onlar indidən öz mövqelərini ifadə edirlər. Onlar cənab Prezidentin başqa bir sözünü də xatırlayırlar ki, kim Azərbaycan vətəndaşlığını qəbul etməyəcəksə, hara istəsə gedə bilər”.

Elman Nəsirov qeyd edib ki, son məntəqə heç də Ermənistan deyil:

“İstisna deyil ki, sərhədlər açıldıqdan sonra onların digər ölkələrə də köçü intensivləşsin. Çünki Ermənistanın nə qədər perspektivsiz bir ölkə olduğunun fərqindədirlər. Hesab edirəm ki, Qarabağda öz seçimini edənlər qalacaq.

Digər tərəfdən, ermənilər gözlərinin qarşısında Qarabağın və Şərqi Zəngəzurun cənnət diyarına çevrildiyinin də fərqindədirlər.

Biz parlamentdə yenidən 2023-cü il büdcəsinə baxırıq və dəyişikliklər edilir. Əsas dəyişikliklərdən biri məhz Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır. Belə ki, bu il 3 milyard manat vəsait ayrılmışdısa, indi daha 2 milyard 260 milyon manat da ayrılır. Qarabağı cənnətə çevirmək əsas hədəflərdən biridir. Bu həm də Azərbaycanın gələcəyinin göstəricisidir. Bu reallıq fonunda seçim etmək ağlı başında olan bir erməni üçün doğrudanmı çətin məsələdir? Hesab edirəm ki, yox. Qarabağda yaşayan ermənilərin öz gələcək taleləri ilə bağlı artıq seçimi başlayıb. Yüzdən çox erməninin Qarabağı tərk etməsi onu göstərir ki, artıq seçim başlayıb. Orada qalanları potensial olaraq Azərbaycan vətəndaşları saymaq olar”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR