İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel mükafatçısı: "Mənim yanıma gəlmiş üç azərbaycanlı tələbə indi..."

Aziz Sancar: Beyin xərçəngi hüceyrəsini öldürən kəşfimiz var, amma...

MUSAVAT.COM xəbər verir ki, 2015-ci ilin Nobel Kimya mükafatı laureatı, dünya şöhrətli türk alim Prof. Dr. Aziz Sancar beyin xərçənginə qarşı hazırladıqları müalicə metodundan danışaraq, insan üzərində klinik sınaqlara keçmək üçün maddi dəstək tapa bilmədiklərini bildirib. Alimin sözlərinə görə, bu mərhələyə keçid üçün təxminən 2 milyon dollar tələb olunur.

Sancar bu barədə Türkiyənin “Nefes” qəzetinə verdiyi müsahibədə danışıb. O bildirib ki, son 3 ildə üzərində işlədikləri və “EdU” adlandırılan yeni bir molekul beyin xərçəngi hüceyrələrini hədəf alır və yalnız xərçəngli hüceyrələri məhv edir:

“EdU maddəsi sağlam beyin hüceyrələrinə toxunmadan yalnız sürətlə bölünən xərçəng hüceyrələrini öldürür. Üç il əvvəl bu barədə ilk elmi məlumatı vermişdik, indi artıq məqaləmizi dərc etdik. Hazırda bu maddə ilə bağlı testlərimiz heyvanlar üzərində uğurla davam edir.”

“İnsan təcrübəsinə keçməliyik, amma…”

Prof. Sancar qeyd edir ki, müalicə metodu insanlarda sınaqdan keçirilmədən klinik təsdiq ala bilməz. Bunun üçün isə ciddi maliyyə dəstəyi lazımdır:

“Bizim könüllülərlə testlərə başlamağımız lazımdır. Heyvan üzərində alınan nəticələr olduqca ümidvericidir. Amma bunun üçün klinik mərhələyə keçid və ABŞ FDA tərəfindən tələb olunan sənədləşmə işləri aparılmalıdır. Təkcə bunun üçün 2 milyon dollara yaxın vəsaitə ehtiyac var.”

Sancar deyib ki, bu sahədə iddialı çox tədqiqat var və məhz buna görə də dərman firmaları hansını dəstəkləyəcəklərinə qərar verə bilmirlər. O, həmçinin ABŞ Prezidenti Donald Trampın elmi araşdırma büdcələrində kəskin ixtisarlara getməsini də əlavə problemlərdən biri kimi göstərib:
“Tramp elmi tədqiqat büdcələrini ciddi şəkildə kəsir. Gələcəyimizin nə olacağı bilinmir. Ciddi qeyri-müəyyənlik içindəyik.”

“Türkiyəyə dönün, amma elmi öyrənərək” – Gənclərə mesaj

Nobel mükafatçısı alim Türkiyədəki gənc alimlərə də çağırış edib:

“Hazırda yanımda çalışan 5 türk alim var və hamısı çox yaxşıdır. Mənim tövsiyəm odur ki, gənclər elm öyrənmək üçün xaricə gəlsinlər, amma sonra Türkiyəyə qayıdıb bu biliyi ölkədə tətbiq etsinlər. Mənim yanıma gəlmiş üç azərbaycanlı tələbə indi artıq professor olub.”

Prof. Sancarın bu fikirləri bir tərəfdən elmi kəşfin ictimai maraqlara xidmət etməsi baxımından təqdir olunduğu qədər, digər tərəfdən maddi dəstək tapılmaması və elmin kommersiyalaşdırılmasının acı gerçəkliklərini də göstərir.

 

Musavat.com,
Xəbər xidməti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR