İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü

Vardanyan erməniləri silaha sarılmağa və qan tökməyə çağırır, Bakı isə sülh əlini uzadır, heç bir humanitar fəlakət də yaşatmır...

Bir həftədir ki, vətəndaş cəmiyyətinin fəalları, ekoaktivistlər, könüllü şəxslər Şuşa-Xankəndi yolunda çadırlar quraraq etiraz aksiyası keçirir. Bu aksiyada ən çox diqqətçəkən nüans etirazçıların Laçın keçidində sülhməramlıların fəaliyyətinə hər hansı problem yaratmamasıdır. “Yeni Müsavat” bildirir ki, rus hərbçilərin maşın karvanları humanitar yardımı, eləcə də özlərinə aid ehtiyacları maneəsiz daşıya bilirlər. 

Baxmayaraq ki, Xankəndidə yuva salan terrorçu rejimin plastilin fiqurları, İrəvanda olan revanşistlər həşir qoparır, guya Azərbaycanın Qarabağ ermənilərinə humanitar fəlakət yaşatdığını iddia edirdilər. Ancaq videofaktlar özü sübut edir ki, ekofəalların aksiyası heç də sülhməramlı kontigentin fəaliyyətinə qarşı əngək olmağa yönəlməyib. Əksinə, tələblər faydalı qazıntıların, yeni mədənlərin istismarı ilə bağlı monitorinq aparılmasıdır. Ona görə də bu hadisələr, Xankəndi-Laçın yolunda baş verən aksiya kimin sülh, kimin revanşizm əhval-ruhiyyəsində olduğunu isbatladı.

Separatçılar hələ də “artsax” uğrunda mübarizədən dəm vurur, Bakıya müqavimətə səsləyir, Vardanyan “qələbə” nağılları danışır, hətta aksiyalar getdiyi müddətdə silahlı tör-töküntülər Xocavənddə olan mövqelərimizi atəşə tutursa, kimin revanş, qan, yeni müharibə istədiyi, kimin sülhə çağırdığı görünür. Misal üçün? Qarabağ bölgəsindəki terrorçu rejimin qalıqlarının “dövlət naziri” yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib. O, dekabrın 17-də qanunsuz olaraq Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub. Müəssisənin işçiləri ilə görüşdə bu azmış kimi, o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb. R.Vardanyan sözün əsl mənasında ölkəmizlə müharibənin davam etdiyini bəyan edib. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar. Amma separatçılar Ermənistandan və Rusiyadan adekvat dəstək görmədikləri üçün Azərbaycan Ordusuna qarşı necə döyüşəcəklərini özləri də bilmirlər. Sadəcə, avantürüst bəyanatlar səsləndirməklə gərginlik yaratmaq, sülh prosesini, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını ləngitməyə çalışırlar.

Karantində toplaşmayan partiyalar - qərargahlar açılırmı?

 Xəzər Teyyublu

“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublunun “Yeni Müsavat”a bildirdiyinə görə, keçirilən aksiya sivil, dinc xarakter daşıyır, QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti üzvlərinin təşəbbüsü ilə keçirilir. Onun sözlərinə görə, heç bir hərbi missiyanın müdaxiləsi olmadan Azərbaycan Laçın yoluna nəzarət mexanizminin nümunəsini ortaya qoya bildi: “Bu, xalqın səbr kasasının daşması idi. Son iki ildə erməni-rus hərbi birləşmələri Laçın dəhlizini karvansaraya çevirmişdilər. Onlar mina, hərbi texnika daşıyır, Fransadan İrana qədər müxtəlif ölkələrdən Qarabağa qanunsuz səfərlərə şərait yaradırdılar. Bu da nəticəsi... İndi nəinki qanunsuz səfərlər mümkün olmur, separatçılardan biri Beqlaryan İrəvanda BMT ofisi qabağında hönkür-hönkür ağlayıb şivən qoparır, Babayan Gorusda hotelə sığınıb, Balasanyanla Arutyunyan kimi canilərin nəfəsi kəsilib. Bu fakt sübut etdi ki, onların bir keçidlik canı varmış. Sözsüz ki, məqsəd və tələblər başqadır. Əgər mis-molibden və qızıl yataqlarına baxış keçirilməsinə şərait yaradılsa, çadırlar yığışdırılacaq, aksiya yekunlaşacaq. Amma nə qədər Vardanyan Qarabağın sərvətini xarici şirkətlərlə əlbir olub talan edəcək, pul qazanacaq, xalqın da bu yolu kəsib aksiya keçirməsi davam edəcək. Azərbaycan dünyaya nümayiş etdirdi ki, Qarabağın hamısı bizimdir, bu ərazilərdə separatçılarla rus hərbçiləri "at oynada" bilməzlər. Əgər sülh və əmin-amanlıq içində Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycanın qanunlarına boyun əyməlidirlər, əks halda, Laçın yolunu onlara dar edəcəyik".

Hüquq müdafiəçisi hesab edir ki, Kəlbəcərdə ötən həftə 8 nəfərin minaya düşməsi, hərbçimizin şəhid olması bir daha ermənilərin sülh və insanlıq əleyhinə cinayət törətdiklərini göstərdi: “Amma biz sülh tərəfdarıyıq. Ekofəalların aksiyası da buna xidmət edir. Biz əl uzadırıq ki, gəlin birgə yaşayaq, Qarabağda yaşamaq hələ ermənilərə haqq vermir ki, sərvətləri talan edə bilərlər. Odur ki, bu bölgədə sülhün alternativi yoxdur. Onlar bu aksiyalarla qavradılar ki, separatizmin halqası daralıb, gücləri qalmayıb, hətta Ermənistan hakimiyyətinin də Xankəndi quldurlarına kömək etməyə əli çatmır. Ona görə vəziyyətlə hesablaşmalı olacaqlar. Bu aksiyalar başlanğıcdır, növbəti addımlar gəlməlidir, suverenliyimiz Qarabağın bütün torpaqlarında təmin edilməlidir. Biz bölgəni ruslara və ermənilərə hədiyyə etməmişik”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələnə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

Hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR